Xidmət
Fərdi psixoterapiya
Psixoterapevt və müraciət edən şəxs arasında aparılan, elmi metodlara və məxfilik prinsiplərinə əsaslanan fərdi terapiya prosesidir.
Fərdi psixoterapiya psixoterapevt və psixoterapiyaya müraciət edən fərd arasında aparılan, elmi metodlara və məxfilik prinsiplərinə əsaslanan fərdi terapiya prosesidir. Bu görüşlərdə müraciət edən fərdlərin mövcud problemləri detallı şəkildə təhlil olunur və həlli üçün effektiv terapiya planı tərtib edilir. Hər bir fərdin həyatı və problemləri özünəməxsus olduğu üçün terapiya planı da məhz fərdin ehtiyaclarına xüsusi olaraq hazırlanır.
Fərdi terapiya prosesində psixoterapevtin əsas məqsədi fərdin yaşadığı problemləri dərindən anlamaq, ona empatik və dəstəkləyici çərçivədə yanaşmaq və onun ehtiyaclarına uyğun ən effektiv terapiya metodlarını tətbiq etməkdir. Terapiyanın effektivliyi üçün müraciət edən fərdlərin terapiyaya dair motivasiyası, dəyişimə olan istəkliliyi və mütəxəssislə qurulan güvən əlaqəsi həlledici rol oynayır. Seansların müddəti və tezliyi isə müraciət səbəbi və terapiya planından asılı olaraq fərdi qaydada müəyyən edilir.
Fərdi psixoterapiya hansı hallarda tövsiyə olunur?
- Təşviş pozuntuları
- Depressiya və digər əhval-ruhiyyə pozuntuları
- Post-travmatik stress pozuntusu
- Panik pozuntu
- Obsessiv-kompulsiv pozuntu
- Qidalanma pozuntuları
- İtki və yas prosesləri
- Fobiyalar və spesifik qorxular
- Cinsi kimlik və özünüidentifikasiya ilə bağlı çətinliklər
- Yuxu pozuntuları
- Emosional tənzimləmə çətinlikləri
- Qəzəb və stressin idarə olunması problemləri
- Xroniki yorğunluq və emosional tükənmişlik
- Şəxsi inkişaf və özünü qiymətləndirmə problemləri
- Münasibət və bağlanma problemləri
- Psixosomatik problemlər
- Kimyəvi və davranış asılılıqları
Tətbiq etdiyimiz psixoterapiya yanaşmaları
Psixoterapiya yanaşmaları nəzəri əsasları, tətbiq üsulları və fokuslandığı sahələr baxımından bir-birindən fərqlənir. Hər bir metod müəyyən psixoloji çətinliklər və ehtiyaclar üçün daha uyğun hesab olunur. Bu səbəbdən terapiya prosesi başlamazdan əvvəl ilkin dəyərləndirmə görüşü zamanı müraciət edən fərdlərin mövcud şikayətləri və ehtiyacları psixoterapevt tərəfindən peşəkar şəkildə dəyərləndirilir və ən uyğun yanaşma seçilir.
Seçilən terapiya metodu fərdlərlə şəffaf şəkildə müzakirə olunur və terapiya prosesi hər addımda qarşılıqlı məlumat, razılıq və əməkdaşlıq prinsipi çərçivəsində irəliləyir. Sizin üçün ən effektiv dəstək modelini müəyyən etmək məqsədilə mərkəzimizdə tətbiq olunan elmi əsaslı psixoterapiya yanaşmaları ilə aşağıda daha yaxından tanış ola bilərsiniz.
Koqnitiv Davranış Terapiyası (KDT)
Koqnitiv Davranış Terapiyası düşüncə, emosiyalar və davranışlar arasındakı qarşılıqlı əlaqəni əsas götürür və insanın düşüncə tərzinin onun emosiya və davranışlarına necə təsir etdiyinə fokuslanır. Terapiya müddətində gündəlik həyatınıza mənfi təsir edən qeyri-funksional düşüncə və davranış qəlibləri müəyyən edilir və onlar daha real, sağlam düşüncə və davranış alternativləri ilə əvəz olunur. KDT xüsusilə təşviş pozuntuları, depressiya, obsessiv-kompulsiv pozuntu, qidalanma pozuntuları, asılılıqlar, fobiyalar və travma sonrası stress pozuntusu kimi hallarda yüksək effektivliyi ilə tanınan, konkret hədəf yönümlü bir yanaşmadır.
Psixodinamik terapiya
Psixodinamik terapiya insan davranışlarının kökündə duran şüuraltı prosesləri və keçmiş təcrübələri araşdırır. Terapiya prosesində erkən uşaqlıq dövrü təcrübələri və təkrarlanan həyat ssenariləri təhlil edilir. Psixodinamik yanaşmada məqsəd bu şüuraltı təsirləri şüur səviyyəsinə gətirərək fərqindəliyi artırmaqdır. Bu isə daha dərin və davamlı dəyişimi mümkün edir.
Dialektik Davranış Terapiyası
Dialektik Davranış Terapiyası danışıq terapiyalarının bir növü olub koqnitiv davranış terapiyasına əsaslanır. Bu terapiya növü emosiyaların tənzimlənməsi, stresə dözümlülük və münasibət bacarıqlarının inkişafına fokuslanır. Bu yanaşma xüsusilə intensiv emosional dalğalanmalar yaşayan fərdlər üçün effektivdir. Dialektik Davranış Terapiyasında qəbul etmək və dəyişmək prinsipləri arasında balans yaradılır. Mindfulness, yəni şüurlu fərqindəlik, bu terapiyanın əsas komponentlərindən biri hesab olunur.
Qəbul və Qərarlılıq Terapiyası
Qəbul və Qərarlılıq Terapiyası fərdin daxili təcrübələri ilə mübarizə aparmaq əvəzinə onları qəbul etməsini və daxili dəyərlərinə uyğun həyat qurmasını təşviq edir. Bu yanaşmada əsas məqsəd psixoloji elastikliyi artırmaqdır. Problemləri yox etməyə çalışmaqdan daha çox, fərdə onlarla birlikdə necə dolğun həyat sürməyin və problemlərə qarşı yanaşmanı dəyişməyin yollarını göstərir. Xüsusilə təşviş, stress və ekzistensial problemlərdə daha effektiv hesab olunur.
EMDR
EMDR, yəni Göz Hərəkətləri ilə Desensitizasiya, xüsusilə keçmişdə yaşanmış və təsiri hələ də davam edən çətin həyat təcrübələrinin, travmaların və mənfi xatirələrin yaratdığı emosional yükü yüngülləşdirmək və ya aradan qaldırmaq üçün istifadə olunan bir terapiya metodudur. Bu yanaşma beynin məlumatı emal etmə sistemini aktivləşdirərək dondurulmuş və ya natamam qalmış xatirələrin adaptiv şəkildə yenidən emalını təmin edir.
Terapiya zamanı tətbiq olunan ikitərəfli stimulyasiyalar, məsələn göz hərəkətləri, səsli və ya toxunuşla stimulasiya vasitəsilə keçmiş travmatik təcrübələr daha adaptiv şəkildə yenidən emal olunur və onların gündəlik həyata olan mənfi təsiri zəiflədilir. EMDR xüsusilə post-travmatik stress pozuntusu, fobiyalar, təşviş və panik pozuntu simptomlarında effektivliyi ilə tanınır.
Geştalt terapiya
Geştalt terapiyası insanın burada və indi prinsipini rəhbər tutaraq öz hisslərini, bədən reaksiyalarını və ətraf mühitlə əlaqəsini tam şəkildə dərk etməsinə kömək edir. Bu metodda fərdin öz həyatı üçün məsuliyyət daşıması və daxili bütövlüyünə qovuşması əsas götürülür. Bu terapiyada əsas məqsəd fərqindəliyi artırmaq və ətrafla daha funksional münasibət qurmağı öyrənməkdir. Yarımçıq qalmış emosional təcrübələrin tamamlanması üçün müxtəlif yaradıcı texnikalardan istifadə olunur.
Sxem terapiya
Sxem terapiya erkən uşaqlıq və yeniyetməlik dövründə qarşılanmayan emosional ehtiyaclar nəticəsində formalaşan dərin inanc və emosional sxemləri anlamağı və dəyişdirməyi hədəfləyir. Bu sxemlər insanın özünə, başqalarına və dünyaya baxışını formalaşdıraraq onun həyatına və seçimlərinə təsir edir. Sxem terapiyada bu qeyri-funksional sxemlər müəyyən edilərək daha sağlam inanclarla dəyişdirilir. Xüsusilə təkrarlanan münasibət və həyat ssenariləri, şəxsiyyət pozuntuları və xroniki emosional çətinliklərdə effektivdir.
İnterpersonal (Şəxslərarası) Terapiya
Bu metod insanın sosial əlaqələrinə və digər insanlarla olan münasibətlərindəki problemlərə fokuslanır. İnterpersonal terapiya münasibət problemlərinin psixoloji vəziyyətə təsirini araşdırır. Depressiya və təşviş kimi problemlərin çox vaxt ünsiyyət çətinlikləri, itkilər və ya sosial rol dəyişiklikləri ilə bağlı olduğunu qəbul edir. Terapiya münasibətlərdəki münaqişələrin həlli, ünsiyyət bacarıqlarının inkişafı və sosial adaptasiyanı gücləndirməyə fokuslanır.
Pozitiv Psixoterapiya
Pozitiv psixoterapiya insanı yalnız patologiyalar və problemlər toplusu kimi deyil, geniş potensiala malik bir varlıq kimi görür. Bu səbəbdən də fərdin daxili resurslarını, bacarıqlarını və güclü tərəflərini ön plana çıxararaq problemlərə fərqli baxış bucağı qazandırır. Münaqişələrin həllində insanın sahib olduğu təbii bacarıqlardan bir alət kimi istifadə edilməsini təşviq edir.
Humanist psixoterapiya
Humanist yanaşma fərdin daxili potensialına və özünü reallaşdırma qabiliyyətinə inanır. Terapiya otağında empatik, səmimi, şərtsiz qəbulun olduğu və mühakiməsiz mühitin yaradılması ən əsas prinsiplər hesab edilir. Humanist terapiyada diqqət mərkəzində diaqnoz deyil, insanın azad iradəsi və bənzərsiz şəxsiyyəti dayanır. Seçdiyiniz terapiya növündən asılı olmayaraq, mərkəzimizdə bütün fərdlərə hörmətə, etik prinsiplərə və empatik ünsiyyətə əsaslanan humanist yanaşma təmin edilir.