FAQ

Tez-tez verilən suallar

Psixoterapiya seanslarının müddəti nə qədərdir və nə sıxlıqla keçirilir?

Fərdi terapiya seansları adətən 45–60 dəqiqə davam edir. Seansların tezliyi isə mütəxəssis tərəfindən müraciət səbəbinizə, ehtiyaclarınıza, resurslarınıza və terapiya planına uyğun olaraq fərdi qaydada müəyyən edilir və sizinlə qarşılıqlı razılaşma əsasında planlaşdırılır.

Seansı təxirə salmaq və ya ləğv etmək mümkündürmü?

Bəli, mümkündür. Seans qrafikinin səmərəli idarə olunması üçün hər hansı bir dəyişiklik və ya ləğv etmə barədə mərkəzimizə öncədən məlumat verməyiniz xahiş olunur. Bu, həmin vaxtın digər dəstəyə ehtiyacı olan şəxslər üçün əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Seansın təxirə salınması və ya ləğvi ilə bağlı şərtlər mərkəzimizin etik protokolları ilə müəyyən edilir. Bu qaydalar, tərəflər arasında qurulan terapevtik müqavilənin tərkib hissəsidir. Terapevtik müqavilə terapiya prosesinin şəffaflığını qorumaq məqsədilə ilk görüşdə müraciət edən fərdə ətraflı şəkildə təqdim olunur.

Terapiyada nəticələr neçə seansdan sonra müşahidə olunur?

Psixoterapiya zaman və əmək tələb edən bir daxili dəyişiklik prosesidir. Terapiyalardan əldə edilən nəticələrin müddəti müraciət səbəbindən, problemin dərinliyindən, fərdi xüsusiyyətlərdən və seçilən metoddan asılı olaraq dəyişir. Bəzi çətinliklər qısamüddətli (6–12 seans) yanaşmalarla həll olunduğu halda, daha dərin və kompleks problemlər daha uzunmüddətli əməkdaşlıq tələb edə bilər. İlkin seanslardan sonra mütəxəssis təqribi ehtimal olunan müddət barədə fərdi şəkildə məlumat verir.

Onlayn yoxsa üz-üzə terapiya daha effektivdir?

Onlayn terapiya formatı məkan məhdudiyyəti olan və ya vaxta qənaət etmək istəyən şəxslər üçün əlçatan və peşəkar bir alternativdir Beynəlxalq elmi araşdırmalar göstərir ki, onlayn terapiya bir çox psixoloji çətinliklərin həllində ənənəvi üz-üzə görüşlər qədər yüksək effektivliyə malikdir. Terapiyaların effektivliyində əsas faktor format deyil, mütəxəssislə qurulan terapevtik əlaqənin keyfiyyəti, düzgün metodika və psixoterapevt və müraciət edən fərdin prossesdə aktiv iştirakı və qarşılıqlı əməkdaşlıqdır.

Terapiyada məlumatların məxfiliyinə necə zəmanət verilir?

Məxfilik psixologiyanın ən təməl etik prinsipidir. Seanslarda iştirakınız və, o cümlədən seans prossesində paylaşılan hər bir məlumatınız mütəxəssis tərəfindən tam anonim və məxfi şəkildə saxlanılır və mərkəzimizin etik protokolları ilə qorunur. Məxfiliyin pozulması yalnız qanunvericiliyin tələb etdiyi müstəsna hallarda (şəxsin özünə və ya ətrafına ciddi zərər vermə riski yarandıqda) mümkündür ki, bu barədə də müraciət etmiş fərd əvvəlcədən məlumatlandırılır.

İlkin terapiya seansı necə keçir?

İlk seans tanışlıq və sizin problemlərinizin və ehtiyaclarınızın müəyyənləşdirilməsi mərhələsidir. Bu görüşdə mütəxəssis sizi narahat edən məsələləri dinləyir, sizinlə bağlı ətraflı məlumat toplayır və mümkün terapiya planını sizinlə bölüşür. Eyni zamanda, bu seans mütəxəssislə emosional uyğunluğunuzu yoxlamaq üçün də vacib bir mərhələdir.

Mütəxəssisi dəyişmək və ya başqa yanaşmaya keçmək hüququm varmı?

Bəli, psixoterapiya prosesində özünüzü rahat və güvəndə hiss etməniz terapiyaların effektivliyinin ən əsas şərtlərindəndir. Əgər terapevtik prosesdə uyğunluq hiss etmirsinizsə, bunu mütəxəssisinizlə açıq şəkildə müzakirə edə və ya mərkəzimizdəki digər ixtisaslı mütəxəssilərimizə müraciət edə bilərsiniz. Bizim məqsədimiz sizin üçün ən effektiv dəstək mühitini təmin etməkdir.

Bizə müraciət edin