Xidmət
Ailə və cütlük terapiyası
Münasibətlər daxilində yaranan çətinliklərin daha sağlam və konstruktiv şəkildə həllinə yönəlmiş psixoterapiya prosesidir.
Ailə və cütlük terapiyası münasibətlər daxilində yaranan çətinliklərin daha sağlam və konstruktiv şəkildə həllinə yönəlmiş psixoterapiya prosesidir. Bu yanaşmada tərəflər arasındakı ünsiyyət formaları, emosional ehtiyaclar və qarşılıqlı gözləntilər peşəkar şəkildə dəyərləndirilir. Məqsəd münasibətdə yaranan gərginlikləri anlamaq və daha funksional əlaqə qurmaqdır.
Münasibətlərdə yaşanan problemlər çox vaxt yalnız fərdi deyil, qarşılıqlı dinamikalardan qaynaqlanır. Bu səbəbdən terapiya prosesində hər iki tərəfin perspektivi nəzərə alınır və ortaq həll yolları üzərində işlənilir. Terapiya təhlükəsiz və mühakiməsiz bir mühitdə aparılır və tərəflərin özlərini açıq ifadə etməsi təşviq olunur.
Ailə və cütlük terapiyası hansı hallarda tövsiyə olunur?
- Ünsiyyət problemləri və tez-tez yaranan münaqişələr
- Münasibətdə davamlı gərginlik və uyğunsuzluq
- Güvən problemləri və xəyanət sonrası bərpa prosesi
- Emosional uzaqlaşma və yaxınlığın azalması
- Qısqanclıq və münasibətdə qeyri-sabitlik
- Psixoloji və fiziki zorakılıq
- Partnyorlar arasında cinsi həyatla bağlı çətinliklər
- Valideyn-övlad münasibətlərində problemlər
- Ailə daxilində rol və məsuliyyət bölgüsü ilə bağlı çətinliklər
- Partnyorların ailələrinin münasibətə təsiri
- Maddi çətinliklər və onların münasibətə təsiri
- Ailə daxilində xəstəlik və ya itki sonrası yaranan çətinliklər
- İkinci evliliklər və uyğunlaşma problemləri
- Ögey valideynlik ilə bağlı çətinliklər
- Ayrılıq və boşanma qərarı ilə bağlı qeyri-müəyyənlik
Evlilik öncəsi konsultasiya
Evlilik qərarı və bu prosesə hazırlıq mərhələsi bir çox insan üçün emosional və psixoloji baxımdan çətin ola bilər. Bu dövrdə gözləntilər, dəyərlər, ailələrin təsiri və məsuliyyətlər bəzən fərdlərin narahatlıq, qərarsızlıq və ya tərəddüd yaşamasına səbəb ola bilər.
Evlilik öncəsi psixoloji dəstək tərəflərin bir-birini daha yaxşı tanımasına, ünsiyyət və problem həll etmə bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Bu proses sağlam və davamlı münasibətin qurulması üçün möhkəm zəmin yaradır.
Boşanma və ayrılıq prosesi üzrə psixoloji dəstək
Bəzən münasibətlər bütün cəhdlərə baxmayaraq davam etdirilə bilmir və ayrılıq ən uyğun seçim kimi görünür. Bu proses hər iki tərəf üçün emosional baxımdan çətin və mürəkkəb ola bilər. Bu dövrdə kin, inciklik, tərk edilmə qorxusu kimi intensiv emosiyalar yaşamaq və ya proseslə bağlı qeyri-müəyyənlik hissi ilə üzləşmək mümkündür.
Boşanma terapiyası boşanmağa qərar vermiş və ya artıq boşanmış fərdlər üçün nəzərdə tutulmuş psixoloji dəstək prosesidir. Bu yanaşma ayrılıq mərhələsinin daha sağlam şəkildə idarə olunmasına, emosional yükün azaldılmasına və yeni həyata adaptasiyanın asanlaşmasına kömək edir.
Eyni zamanda uşaqların bu prosesdən minimum təsirlənməsi üçün valideynlərə yönləndirici və dəstəkləyici psixoloji dəstək təqdim olunur.