Rəhimə Eldarova-Quliyeva 6 ildən artıq peşəkar təcrübəyə sahib klinik psixoloq və psixoterapevtdir. Psixoterapevtik fəaliyyəti ilə yanaşı, 2020-ci ildən etibarən Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında pedaqoji fəaliyyət göstərir. Universitetdə klinik psixologiya, psixopatologiya, asılılıq psixologiyası, koqnitiv-davranış terapiyası (CBT) və psixologiyanın əsasları istiqamətləri üzrə tədris aparır. Akademik fəaliyyətində nəzəri biliklərin klinik düşüncə və praktika ilə əlaqələndirilməsinə xüsusi önəm verir.
2012–2016-cı illərdə Xəzər Universitetində bakalavr, 2016–2018-ci illərdə isə həmin universitetdə Klinik psixologiya üzrə magistratura təhsili almış və magistratura proqramını fərqlənmə diplomu ilə tamamlamışdır.
Təhsil və peşəkar hazırlığı çərçivəsində psixiatriya və klinik psixologiya sahəsində müxtəlif klinik mühitlərdə təcrübə qazanmışdır. İstanbulda Bakırköy Ruh və Sinir Xəstəlikləri Xəstəxanasında, həmçinin Bakıda 1 və 2 saylı Psixiatriya Xəstəxanalarında klinik təcrübə və staj keçmişdir. Bu müddətdə psixopatologiya, psixoloji qiymətləndirmə, psixi pozuntuların klinik xüsusiyyətləri və pasiyentlərlə klinik iş istiqamətlərində bilik və praktiki bacarıqlarını inkişaf etdirmişdir.
Peşəkar inkişafını davam etdirərək müxtəlif yerli və beynəlxalq elmi-praktik konfrans, seminar və təlimlərdə iştirak etmişdir. Fransa, Almaniya və digər ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirakı ona klinik psixologiya, psixoterapiya və psixi sağlamlıq sahəsində müasir yanaşmalar və beynəlxalq təcrübələrlə yaxından tanış olmaq imkanı vermişdir.
Psixoterapevtik fəaliyyətində insanların seçimlərindən, həyat şəraitindən və içində olduqları situasiyadan asılı olmayaraq özlərini tam şəkildə anlaşılmış, qəbul edilmiş və mühakimə olunmadan dinlənilmiş hiss etmələrinə xüsusi önəm verir. Terapiyanın məqsədlərini standart yanaşma əsasında deyil, məhz həmin şəxsin dəyərləri, ehtiyacları və həyatında önəm verdiyi istiqamətlər əsasında birlikdə müəyyənləşdirməyə, terapevtik prosesi isə onun fərdi ehtiyaclarına uyğun şəkildə qurmağa üstünlük verir. Terapevtik işində koqnitiv-davranış terapiyası (CBT), psixodinamik yanaşma və EMDR terapiyasının metod və texnikalarından istifadə edir.
İşlədiyi sahələr
• Davamlı narahatlıq, təşviş və gündəlik həyatda yüksək gərginlik hissi
• Həddindən artıq düşünmə, daim pis ehtimalları nəzərdən keçirmə və rahatlaşmaqda çətinlik
• Depressiv əlamətlər, əhvalın enməsi, motivasiya və marağın azalması
• Boşluq, mənasızlıq və emosional uzaqlaşma hissi
• Xroniki yorğunluq, psixoloji tükənmişlik və emosional yanma
• İş stresi, peşəkar tükənmişlik və iş–şəxsi həyat balansı ilə bağlı çətinliklər
• Emosiyaları tanımaq, ifadə etmək və tənzimləməkdə çətinlik
• Emosional çəkinmə, hisslərdən uzaqlaşma və çətin emosiyalarla qalmaqda çətinlik
• Özünə dəyər, özünütənqid, mükəmməlliyyətçilik və özünə qarşı yüksək tələblərlə bağlı çətinliklər
• Münasibətlərdə təkrarlanan emosional və davranış nümunələri, yaxınlıq və güvənlə bağlı çətinliklər
• Şəxsi sərhədlərin müəyyənləşdirilməsi, “yox” demək və öz ehtiyaclarını ifadə etməkdə çətinlik
• Keçmiş travmatik və emosional cəhətdən ağır həyat təcrübələrinin hazırkı həyata təsiri
• Həyat dəyişiklikləri, ayrılıq, itki, böhran və yeni şəraitə uyğunlaşma prosesləri
• Miqrasiya, başqa ölkədə yaşama və yeni mədəni mühitə adaptasiya ilə bağlı psixoloji çətinliklər
• Miqrasiya fonunda aidiyyət hissinin zəifləməsi, tənhalıq, sosial izolyasiya və kimliklə bağlı çətinliklər
• Ailə və sosial mühitin gözləntiləri ilə şəxsi seçimlər və dəyərlər arasında yaranan daxili konfliktlər
• Qərarvermə, həyat istiqamətinin müəyyənləşdirilməsi və mühüm həyat seçimləri ilə bağlı çətinliklər
• Asılılıq davranışları və asılılıqla əlaqəli emosional, koqnitiv və davranış nümunələri
• Özünü daha dərindən anlamaq, təkrarlanan həyat və münasibət nümunələrini araşdırmaq və psixoloji fərqindəliyi inkişaf etdirmək ehtiyacı
Terapiya metodları
• Koqnitiv-davranış terapiyası (CBT)
• Psixodinamik yanaşma
• EMDR terapiyası
İşlədiyi yaş qrupu
18 yaşdan yuxarı yetkin fərdlər
Terapiyaya yanaşma
"Mən psixoterapiyanı hər zaman fiziki yara metaforası ilə izah edirəm;
Təsəvvür edin ki, zədə almısınız və yaranız var. Lakin onu sağaltmaq əvəzinə, görməzdən gəlir və üzərini gözoxşayan bir yara bandı ilə örtürsünüz. Bir müddət hər şey qaydasında görünür.Amma görünməyən hər yara sağalmış yara deyil.Zaman keçdikcə o sızlamağa, daha çox ağrı verməyə başlayır. Həyat isə davam edir və köhnə yaranın üzərinə yeniləri də əlavə olunur. Siz isə onları da gizlədir, ağrını hiss etməməyə və özünüzdən belə gizlətməyə çalışırsınız.Bir gün yara artıq görməzdən gəlinə bilməyəcək qədər ağrılı olur. Bandı açmaq, yaranı təmizləmək və həqiqətən müalicə etmək lazım gəlir. Bu proses ağrılı, bəzən uzun, bəzən isə düşündüyümüzdən daha çətin olur.Mənim üçün psixoterapiya məhz budur: illərlə üzərini örtdüyümüz yaralara cəsarətlə baxmaq, onları anlamaq və sağaltmaq.Bəzi yaraların izi həmişə qalır. Amma bir gün o izə baxıb artıq ağrı hiss etməmək mümkündür. Psixoterapiya mənim üçün məhz bu sağalma yoludur".
