Mərkəzimizin təsisçisi Nilufər Akif klinik psixologiya sahəsində beynəlxalq təhsil, akademik fəaliyyət və geniş klinik təcrübəyə malik mütəxəssisdir. 2023-cü ildən etibarən həm akademik, həm də klinik sahədə karyerasını Böyük Britaniyanın London şəhərində davam etdirir. Hazırda Arden Universitinin Psixologiya Departamentinde, klinik psixologiya, psixoterapevtik bacariqlar ve müxtəlif ixtisas fənlərini bakalavr və magistr tələbələrinə tədris edir. Akademik fəaliyyəti ilə paralel olaraq Londonda psixoterapevtik fəaliyyəti ile de mesguldur. Nilufər Akif bakalavr təhsilini Azərbaycanda Xəzər Universitetində ümumi psixologiya ixtisası üzrə fərqlənmə diplomu ilə tamamlamış, magistr təhsilini isə İngiltərənin Coventry University-də klinik psixologiya ixtisası üzrə başa vurmuşdur. 2018-ci ildən etibarən Xəzər Universitetinin Psixologiya departamentində müəllim kimi fəaliyyət göstərmiş, 8 ildən artıq müddətdə bakalavr və magistr tələbələrinə müxtəlif ixtisas fənlərini tədris etmişdir. Bununla yanaşı, Bakı Dövlət Universiteti və Qərbi Kaspi Universitetində də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Hazırda beynəlxalq fəaliyyəti ilə əlaqədar olaraq dərslərini onlayn formatda davam etdirir. Peşəkar inkişafı çərçivəsində Norveç, İspaniya, Niderland, Latviya, Litva, Gürcüstan və Türkiyə kimi ölkələrdə müxtəlif beynəlxalq təlim, konfrans və layihələrdə iştirak etmişdir. Karyerasının mühüm mərhələlərindən biri 2022-ci ildə prestijli Fulbright Program təqaüdünü qazanması olmuşdur. Bu proqram çərçivəsində ABŞ-da 150 ildən çox tarixi olan University of Arkansas-da tədqiqatçı kimi fəaliyyət göstərmiş, klinik psixologiya sahəsində elmi araşdırmalar aparmış və universitetin psixoloji klinikasında superviziya altında psixoterapiya seansları həyata keçirmişdir. Bu təcrübə ona xüsusilə Koqnitiv Davranış Terapiyası və Dialektik Davranış Terapiyasının tətbiqi üzrə dərin nəzəri və praktiki bacarıqlar qazandırmışdır. ABŞ-da apardığı elmi tədqiqatın nəticələri “Association for Psychological Science” tərəfindən təşkil olunan 38-ci beynəlxalq simpoziumda, Çikaqoda təqdimata layiq görülmüşdür. Nilufər Akif psixoterapiya prosesində elmi əsaslı, etik və fərdin ehtiyaclarına uyğun yanaşmalardan istifadə edir. Onun terapevtik yanaşmasının əsasını təhlükəsiz münasibət, məxfilik, empatiya, mühakiməsiz qəbul və insanın daxili resurslarına hörmət təşkil edir. O, müraciət edən şəxslərin psixoloji sağlamlığını yüksək məsuliyyət və peşəkar etik prinsiplər çərçivəsində qorumağı fəaliyyətinin əsas prioritetlərindən biri hesab edir.
İşlədiyi sahələr
- Anksiyete və təşviş pozuntuları
- Obsessiv-kompulsiv pozuntu
- Spesifik fobiyalar
- Depressiv vəziyyətlər
- Travma və posttravmatik stress əlamətləri
- Dissosiasiya ilə bağlı çətinliklər
- Emosional tənzimləmə çətinlikləri
- Şəxsiyyət pozuntuları, xüsusilə BPD
- Münasibət və bağlanma problemləri
- Təkrarlanan münasibət və həyat ssenariləri
- Uşaqlıq təcrübələri və ailədaxili dinamikaların bugünkü təsirləri
- Özünədəyər və özünəinam çətinlikləri
- Xroniki yetərsizlik hissi və imposter sindromu
- Xroniki yorğunluq və emosional tükənmə
- Stress və həyat keçidləri ilə bağlı adaptasiya çətinlikləri
- Miqrasiya prosesi və adaptasiya ilə bağlı psixoloji çətinliklər
- Karyera yönümlü psixoloji dəstək
Terapiya metodları
- Psixodinamik yanaşma
- EMDR, Level 2
- Koqnitiv Davranış Terapiyası (CBT)
- Qəbul və Öhdəlik Terapiyası (ACT)
- Dialektik Davranış Terapiyası (DBT)
- İnteqrativ terapiya
İşlədiyi yaş qrupu
17 yaş və üzəri yetkin fərdlər
Terapiya yanaşması
“Mənim üçün psixoterapiya yalnız insanın dediklərini eşitmək deyil, sözlərinin arxasında dayanan mənanı, bəzən özünün də tam fərqində olmadığı, lakin həyatına dərindən təsir edən incə nüansları duymaqdır. Terapevtik prosesdə məqsədim yalnız insanın hekayəsi ilə tanış olmaq deyil, bu hekayənin arxa fonunda yaşanmış, bəzən illərlə bastırılmış duyğulara yer açmaq, onları görünən, eşidilən və anlaşılabilən hala gətirməkdir. İnanıram ki, hər bir insanın yaşadığı həm çətin, həm də müsbət təcrübələr doğru mühitdə ifadə olunmağa və bu həyatda özünə yer tapmağa layiqdir. Psixoterapiyada mənim üçün vacib nüanslardan biri də terapiyaya müraciət edən şəxsin qarşısında sadəcə “doğru texnikaları tətbiq edən peşəkar” kimi dayanmaq deyil, eyni zamanda insani bir yanaşma sərgiləmək, onu mühakiməsiz, empatik və təhlükəsiz bir münasibət içində qarşılamaqdır. Bu yolda fərdlərin özləri ilə yenidən tanış olmasına, daxili resurslarını kəşf etməsinə və daha yetkin, daha bütöv bir kimliklə həyatlarına davam etməsinə dəstək olmaq mənim üçün peşəmin ən dəyərli və qürurverici hissəsidir.”
