Gecə yatanda və ya gün ərzində durduq yerə hiss olunan ürək döyüntüləri haqqında
Terapiya otağında bu cümləni tez-tez eşidirəm:
“Analizlərim normaldır, kardioloq da heç nə tapmadı. Bəs niyə ürəyim hələ də belə döyünür?”
Bəzən bu, gecə yatağa uzananda başlayır. Otaq sakitdir, insan birdən ürək döyüntülərini eşidir və artıq yuxusu gəlmir. Bəzən isə gündüz, iş yerində və ya maşın sürərkən, heç bir səbəb olmadan ürək bərk-bərk döyünməyə başlayır. Hər iki halda ardınca eyni sual gəlir: “Məndə nəsə var?”
Bu hiss realdır və çox qorxuludur. Ona görə bu yazıda “narahat olmayın” deməyəcəyəm. Əvəzində başqa bir şeyi izah etməyə çalışacağam: bu narahatlıq niyə biz onu yoxladıqca azalmır, əksinə, güclənir.
Bu təhlükəlidirmi?
Ürək döyüntülərinin hiss olunması çox yayılmış haldır və əksər hallarda ciddi bir xəstəliyin əlaməti olmur (NHS, t.y.). Yenə də ilk addım həkim müayinəsidir. Döyüntülər keçmirsə və ya onlarla yanaşı sinə ağrısı, nəfəs darlığı, huşunu itirmə hissi varsa, gözləmədən təcili tibbi yardım çağırmaq lazımdır.
Bu yazı isə müayinələrdən keçmiş, amma narahatlığı keçməyən insanlar üçündür.
Niyə yoxladıqca rahatlamırıq?
Ürək döyüntüləri hiss olunanda insan özünü qorumağa çalışır. Nəbzini ölçür, ağıllı saatına baxır, simptomlarını internetdə axtarır, yaxınlarından soruşur: “Sənə elə gəlmir ki, rəngim solub?” Bəzən yenidən həkimə gedir.
Bunların hər biri qısa müddətə rahatlıq gətirir. Amma çox keçmədən yeni bir döyüntü hiss olunur və şübhə qayıdır:
“Bəs həkim nəyisə görməyibsə?”
Bu, qaşınan yeri qaşımağa bənzəyir: qaşıdıqca bir anlıq rahatlıq gəlir, amma qaşınma daha da artır. Sağlamlıqla bağlı narahatlıqda da hər yoxlama və hər təsdiq axtarışı narahatlığı azaltmır, onu saxlayır (Salkovskis və Warwick, 1986). Çünki hər dəfə yoxladıqca beyin belə bir nəticə çıxarır: “Bu duyum yoxlanmağa dəyər, deməli, təhlükəlidir.” Diqqət bədənə yönəldikcə də ürək döyüntüləri daha çox hiss olunur.
Maraqlıdır ki, bu narahatlığı yaşayan insanlar ürək döyüntülərini başqalarından daha dəqiq hiss etmirlər. Fərq ondadır ki, onların beyni bədəndəki kiçik və qeyri-müəyyən bir dəyişikliyi də tez bir zamanda “təhlükə” kimi qəbul edir (Wolters və b., 2022). Yəni problem ürəkdə deyil, beynin bu döyüntünü necə yozmasındadır.
Terapiyada nə dəyişir?
Bunu dərc olunmuş bir klinik nümunə üzərində göstərim. İtaliyalı psixoloqlar 64 yaşlı bir kişi ilə apardıqları terapiyanı təsvir ediblər (Pietrabissa və b., 2021). Bu kişi bir müddət əvvəl infarkt keçirmiş və ürək reabilitasiyası proqramına qatılmışdı. Amma onu ən çox narahat edən şey tez-tez hiss etdiyi sürətli və nizamsız ürək döyüntüləri idi. Müayinələr bu döyüntülər üçün heç bir səbəb tapmamışdı. O, simptomların psixoloji ola biləcəyini özü də qəbul edirdi, amma bu, infarktdan öləcəyi qorxusunu azaltmırdı.
Gün ərzində dəfələrlə nəbzini ölçür, bədənini izləyir, yenidən həkimə gedir və tibb bacısı olan həyat yoldaşından daim təsdiq gözləyirdi. Hər yoxlama qısa bir rahatlıq gətirir, ardınca narahatlıq yenidən qayıdırdı.
Cəmi üç seansdan ibarət terapiyada ilk addım bu davranışların onu qorumadığını, əksinə, qorxunu qidalandırdığını birlikdə görmək oldu. Sonra yoxlamalar nizama salındı: istədiyi an nəbz ölçmək əvəzinə, yalnız əvvəlcədən müəyyən olunmuş vaxtlarda ölçüb nəticəni xüsusi bir “ürək gündəliyi”nə yazırdı. Həyat yoldaşından isə müdaxilə etməməsi, sadəcə müşahidə etməsi xahiş olundu.
Terapiyanın sonunda yoxlamalar və təsdiq axtarışı azalmış, narahatlıq yüngülləşmişdi. On səkkiz ay sonra o, ürək döyüntülərinin hərdən yenə sürətləndiyini, amma bunun onu artıq narahat etmədiyini deyirdi. Tam iş gününə və müntəzəm idmana qayıtmışdı.
Bu nümunədə diqqətəlayiq bir məqam var: bu insanın həqiqətən ürək xəstəliyi var idi. Buna baxmayaraq, onun həyatını ən çox məhdudlaşdıran şey ürəyi deyil, ürəyini daim yoxlamaq ehtiyacı idi.
Koqnitiv-davranış terapiyasında bu işə çox vaxt interoseptiv ekspozisiya da əlavə olunur. İnsan qorxduğu duyumları, məsələn, sürətli ürək döyüntülərini terapevtlə birlikdə bilərəkdən yaradır və onların gəlib keçdiyini öz təcrübəsində görür. Panik ataklarla işdə bu üsul ən faydalı komponentlərdən biri hesab olunur (Pompoli və b., 2018).
Özünüzə baxın
Bu yazını oxuyarkən öz vəziyyətinizi də düşünün:
Son bir həftədə ürək döyüntülərinizi neçə dəfə yoxlamısınız: nəbz, saat, internet, yaxınlarınıza verdiyiniz suallar?
Hər yoxlamadan sonra rahatlıq nə qədər davam etdi?
Ürək döyüntüləri başlayar deyə qaçdığınız bir şey varmı?
Bu sualların cavabı narahatlığı nəyin saxladığını görməyə kömək edə bilər.
Ürək döyüntüləri başlayanda nə edə bilərəm?
Duyumu adlandırın, yozmayın. “Ürəyim sürətli döyünür” bir müşahidədir. “Məndə nəsə pis bir şey var” isə qorxunun dilidir. Birincisində qalmağa çalışın.
Yoxlamağı təxirə salın. Dərhal nəbzinizi ölçmək əvəzinə özünüzə on dəqiqə vaxt verin. Çox vaxt bu müddətdə duyum öz-özünə enir və siz bunu öz təcrübənizdə görürsünüz.
Etdiyiniz işə davam edin. Gündüz işinizə, söhbətinizə və ya yolunuza davam edin. Gecə isə yataqdan qalxıb telefona baxmaq əvəzinə diqqəti yavaş və uzun nəfəsverməyə yönəldin. Məqsəd duyumu yox etmək deyil, onun yanında qala bilməkdir.
Bu addımlar kifayət etmirsə və narahatlıq yuxunuza, işinizə, gündəlik həyatınıza mane olursa, psixoterapiya, xüsusilə koqnitiv-davranış terapiyası, bu yolu daha asan keçməyə kömək edə bilər.
Rahatlıq yoxlamaqdan gəlmir
Narahatlıq bizə “bir dəfə də yoxla, sonra rahatlayacaqsan” deyir. Amma bu “bir dəfə” heç vaxt sonuncu olmur.
Rahatlıq ürəyi daha çox yoxlamaqdan deyil, onu daha az yoxlamağa cəsarət etməkdən gəlir.
Mənbələr
NHS. (t.y.). Heart palpitations. 23 oktyabr 2026-cı il tarixində https://www.nhs.uk/conditions/heart-palpitations/ ünvanından əldə edilib.
Pietrabissa, G., et al. (2021). The brief strategic treatment of cardiophobia: A clinical case study. Journal of Contemporary Psychotherapy, 51(2), 125–133. https://doi.org/10.1007/s10879-020-09479-z
Pompoli, A., Furukawa, T. A., Efthimiou, O., Imai, H., Tajika, A., & Salanti, G. (2018). Dismantling cognitive-behaviour therapy for panic disorder: A systematic review and component network meta-analysis. Psychological Medicine, 48(12), 1945–1953.
Salkovskis, P. M., & Warwick, H. M. C. (1986). Morbid preoccupations, health anxiety and reassurance: A cognitive-behavioural approach to hypochondriasis. Behaviour Research and Therapy, 24(5), 597–602.
Wolters, C., Gerlach, A. L., & Pohl, A. (2022). Interoceptive accuracy and bias in somatic symptom disorder, illness anxiety disorder, and functional syndromes: A systematic review and meta-analysis. PLOS ONE, 17(8), e0271717.
