Travmadan Sonra “Mən Günahkaram” Düşüncəsi Niyə Yaranır?

Travmatik hadisələrdən sonra bir çox insan yalnız qorxu, kədər və ya qəzəb deyil, həm də güclü günahkarlıq hissi yaşayır. Elmi araşdırmalar göstərir ki, travma ilə əlaqəli günahkarlıq posttravmatik stress pozuntusunun (PTSP) yaranması və davam etməsi ilə əlaqəli olan mühüm amillərdən biridir.

06-06-2026Nigar Xalıqova
Mən günahkaram?Travma
Travmadan Sonra “Mən Günahkaram” Düşüncəsi Niyə Yaranır?

Travmadan Sonra “Mən Günahkaram” Düşüncəsi Niyə Yaranır?

Travmatik hadisələrdən sonra bir çox insan yalnız qorxu, kədər və ya qəzəb deyil, həm də güclü günahkarlıq hissi yaşayır. Elmi araşdırmalar göstərir ki, travma ilə əlaqəli günahkarlıq posttravmatik stress pozuntusunun (PTSP) yaranması və davam etməsi ilə əlaqəli olan mühüm amillərdən biridir.

Tədqiqatlar göstərir ki, travmadan sonra yaranan günahkarlıq hissi çox vaxt hadisənin özü ilə deyil, hadisənin necə şərh edilməsi ilə əlaqədardır. Yəni insan bəzən öz rolunu, məsuliyyətini və hadisəyə təsir gücünü olduğundan daha fərqli (çox vaxt daha ağır) qiymətləndirə bilir.

Norman və həmkarlarının (2022) təsvir etdiyi modelə görə, travmadan sonrakı günahkarlıq adətən dörd əsas sahə ilə əlaqəlidir: 

  • insanın hadisə ilə bağlı öz davranışlarını mənfi qiymətləndirməsi, 

  • hadisənin qarşısını ala biləcəyinə inanması, 

  • hadisəyə görə özünü məsul hesab etməsi və 

  • hadisənin nəticələrinə görə özünü qınaması.

 Bu qiymətləndirmələr insanın hadisəni necə başa düşdüyünü və öz rolunu necə dəyərləndirdiyini formalaşdırır.

Araşdırmalar həmçinin göstərir ki, insanlar hadisə baş verən anda bildikləri məlumatlara yox, sonradan öyrəndikləri nəticələrə əsaslanaraq keçmiş qərarlarını qiymətləndirirlər. Bu da “başqa cür davransaydım, nəticə fərqli olardı” kimi düşüncələrin yaranmasına səbəb ola bilər.

Murray və həmkarları (2021) sağ qalanın günahkarlığını (survivor guilt) ayrıca araşdıraraq göstərirlər ki, bəzi insanlar özlərinin travmatik hadisədən sağ çıxmalarını başqalarının taleyi ilə müqayisə edir və özlərini mənfi qiymətləndirirlər. Belə hallarda insanlar “Mən niyə sağ qaldım?”, “Niyə başqasının yerinə mən olmadım?” kimi düşüncələr yaşayırlar. Müəlliflər qeyd edirlər ki, bu düşüncələr çox zaman hadisədəki real məsuliyyətdən deyil, insanın özünü və hadisəni necə şərh etməsindən qaynaqlanır.

Travma ilə əlaqəli günahkarlığın əhəmiyyəti onun psixoloji nəticələri ilə bağlıdır. Kip və həmkarlarının (2022) 163 tədqiqat və 35 020 iştirakçını əhatə edən meta-analizi travma ilə əlaqəli günahkarlıq ilə PTSP simptomları arasında sabit və əhəmiyyətli əlaqə olduğunu göstərmişdir. Bu nəticələr travmadan sonra yaranan günahkarlığın sadəcə emosional reaksiya olmadığını, həm də travmatik stress simptomlarının şiddəti ilə əlaqəli mühüm bir faktor olduğunu göstərir.

Nəticə olaraq, “mən günahkaram” düşüncəsi çox vaxt real məsuliyyətdən yox, insanın hadisəni necə izah etməsindən yaranır. Məhz buna görə travma yönümlü müdaxilələrdə insanın hadisə ilə bağlı qiymətləndirmələrinin və məsuliyyət haqqında inanclarının araşdırılması mühüm yer tutur.


İstinadlar

  • Kip, H., et al. (2022). The Relationship of Trauma-Related Guilt with PTSD Symptoms: A Meta-Analysis.

  • Pugh, L. R., Taylor, P. J., & Berry, K. (2015). The Role of Guilt in the Development of PTSD: A Systematic Review.

  • Murray, H., et al. (2021). Survivor Guilt: A Cognitive Approach.

  • Norman, S. B., et al. (2022). Trauma-Informed Guilt Reduction Therapy.


Nigar Xalıqova


Bizə müraciət edinTravmadan Sonra “Mən Günahkaram” Düşüncəsi Niyə Yaranır? | Mayak Kliniki Psixologiya Mərkəzi