Sxem Terapiyası Nədir?: Köhnə Xəritə ilə Yeni Yollarda

Bəzən insan hər dəfə fərqli bir yola çıxdığını düşünür. Yeni iş, yeni münasibət, yeni dost çevrəsi... Amma bir müddət sonra özünü yenə tanış bir yerdə tapır. Yenə dəyər görmədiyini hiss edir, yenə hər şeyi təkbaşına daşıyır, yenə yaxınlaşdığı insanın nə vaxtsa gedəcəyindən qorxur.

21-10-2026Nərmin Quliyeva
sxem terapiya haqqında məlumatlarsxem terapiyaterapiya növləri
Sxem Terapiyası Nədir?: Köhnə Xəritə ilə Yeni Yollarda

Uşaqlıqda formalaşan dərin inanclar, ödənilməmiş emosional ehtiyaclar və onların bu günümüzə təsiri haqqında

Niyə eyni yerə qayıdırıq?

Bəzən insan hər dəfə fərqli bir yola çıxdığını düşünür. Yeni iş, yeni münasibət, yeni dost çevrəsi... Amma bir müddət sonra özünü yenə tanış bir yerdə tapır. Yenə dəyər görmədiyini hiss edir, yenə hər şeyi təkbaşına daşıyır, yenə yaxınlaşdığı insanın nə vaxtsa gedəcəyindən qorxur.

“Niyə həmişə belə olur?”

“Niyə hər dəfə eyni insanları seçirəm?”

Təsəvvür edin ki, bir şəhərdə uşaqlıqda çəkilmiş köhnə bir xəritə ilə yol axtarırsınız. Vaxtilə bu xəritə doğru idi və sizi təhlükəsiz yerlərə aparırdı. Amma şəhər çoxdan dəyişib: yeni yollar, yeni körpülər salınıb. Siz isə hələ də köhnə xəritəyə baxırsınız və hər dəfə eyni dalana gəlib çıxırsınız.

Sxem terapiyası məhz bu xəritəni görməyə, onun haradan gəldiyini anlamağa və onu yeniləməyə kömək edən psixoterapiya yanaşmasıdır.

Sxem nədir? Uşaqlıqda çəkilən xəritə

Sxem terapiyası 1990-cı illərdə Amerika psixoloqu Jeffrey Young tərəfindən yaradılıb (Young, 1990). Young klassik koqnitiv-davranış terapiyasının bir çox insana kömək etdiyini, lakin uzun illər davam edən, təkrarlanan çətinlikləri olan insanlarda bəzən kifayət etmədiyini müşahidə edirdi. Bu insanlar düşüncələrinin məntiqsiz olduğunu başa düşür, amma yenə də eyni şəkildə hiss edirdilər (Young və b., 2003).

Young bunun arxasında daha dərin bir qatın dayandığını irəli sürdü və onu erkən uyğunsuz sxem adlandırdı.

Sxem insanın özü, digər insanlar və dünya haqqında uşaqlıqda formalaşan dərin bir inanc sistemidir. Amma o, yalnız fikirdən ibarət deyil. Sxemin içində xatirələr, emosiyalar və bədən reaksiyaları da var (Young və b., 2003). Buna görə sxem tetikləndikdə insan sadəcə “Məni tərk edəcəklər” deyə düşünmür. O, həmin anda uşaqlıqda yaşadığı tənhalıq hissini də yenidən yaşayır.

Burada bir məqam çox vacibdir: sxem əvvəlcə səhv deyil. Uşaq o zamankı mühitə uyğunlaşmaq üçün bu xəritəni çəkir. Hissləri ilə maraqlanılmayan uşaq ehtiyaclarını göstərməməyi öyrənir. Tənqid olunan uşaq səhv etməmək üçün daim gərgin qalır. O vaxt bu, ən ağlabatan yol idi.

Problem ondadır ki, insan böyüyür, mühiti dəyişir, amma xəritə dəyişmir.

Xəritə necə çəkilir? Ödənilməmiş emosional ehtiyaclar

Young və həmkarlarına görə hər uşağın sağlam inkişaf üçün bir neçə əsas emosional ehtiyacı var (Young və b., 2003; Lockwood və Perris, 2012):

  • başqaları ilə təhlükəsiz bağ, yəni sevgi, qəbul və sabitlik;

  • muxtariyyət, bacarıqlılıq və şəxsiyyət hissi;

  • ehtiyaclarını və hisslərini ifadə edə bilmək azadlığı;

  • oyun və spontanlıq;

  • real sərhədlər və özünü idarə etmək bacarığı.

Bu ehtiyaclar davamlı şəkildə ödənilmədikdə uşaq boşluğu doldurmaq üçün özünə izah tapır. Və bu izah çox vaxt dünyanın deyil, onun özünün “səhv” olduğu barədə olur.

“Mən sevilməyə layiq deyiləm.”

“Ehtiyaclarım başqalarına yükdür.”

“Səhv etsəm, rədd ediləcəyəm.”

Sxemlər çox vaxt dramatik travmalardan deyil, illərlə təkrarlanan gündəlik təcrübələrdən yaranır: yorğun və əlçatmaz valideyndən, hisslərin kiçildilməsindən, sevginin uğura bağlanmasından.

“Mən də bunu hiss edirəm”: bir neçə tanış sxem

Sxem terapiyasında beş sahəyə bölünmüş 18 sxem təsvir olunur (Young və b., 2003; Bach və b., 2018). Onlardan bəziləri gündəlik həyatda xüsusilə tanış görünə bilər.

Tərk edilmə. Yaxın insanların nə vaxtsa gedəcəyinə, münasibətlərin davamlı olmayacağına dair dərin inanc. Partnyorun gecikən cavabı belə ciddi narahatlıq yarada bilər.

“Hamı nə vaxtsa gedir.”

Emosional məhrumiyyət. İnsanın ehtiyac duyduğu qayğını, anlayışı və diqqəti heç vaxt ala bilməyəcəyi hissi. Çox vaxt adı qoyulmayan, səssiz bir boşluq kimi yaşanır.

“Heç kim məni həqiqətən anlamır.”

Qüsurluluq və utanc. İnsanın daxilən pis, əskik və ya sevilməyə layiq olmadığı inancı. Belə insan yaxınlaşdıqca “əsl üzünün” görünəcəyindən qorxa bilər.

“Məni yaxından tanısalar, məndən uzaqlaşarlar.”

Yüksək standartlar. Nə qədər çalışsa da, heç vaxt kifayət qədər yaxşı olmadığı hissi. Uğur sevinc deyil, qısa bir rahatlama gətirir.

“Daha yaxşısını edə bilərdim.”

Özünü fəda etmə. Başqalarının ehtiyaclarını daim öz ehtiyaclarından üstün tutmaq. Kənardan bu, xeyirxahlıq kimi görünür, amma içəridə çox vaxt yorğunluq və gizli inciklik toplanır.

“Mənim istədiyim o qədər də vacib deyil.”

Bu sxemləri oxuyarkən özünüzü bir neçəsində tanımağınız təbiidir. Sxemlər hər insanda müəyyən dərəcədə var. Onların problemə çevrilməsi gücündən, nə qədər tez-tez tetikləndiyindən və həyatı nə dərəcədə məhdudlaşdırdığından asılıdır.

Xəritə ilə yaşamağın üç yolu

İnsan sxemi ilə bacarmaq üçün adətən üç yoldan birini seçir. Bunlar çox vaxt şüurlu seçim olmur (Young və b., 2003).

Təslim olmaq. İnsan sxemi həqiqət kimi qəbul edir və ona uyğun yaşayır. Qüsurlu olduğuna inanan biri onu tənqid edən partnyor seçə və bunu təbii qarşılaya bilər. Çünki tanış olan, ağrılı olsa belə, daha “doğru” görünür.

Qaçmaq. İnsan sxemi tetikləyə biləcək hər vəziyyətdən uzaq durur. Tərk ediləcəyindən qorxan biri ümumiyyətlə yaxın münasibət qurmaya bilər. Ağrı azalır, amma həyat da daralır.

Əksini sübut etmək. İnsan sxemin tam əksi kimi davranmağa çalışır. Özünü dəyərsiz hiss edən biri daim üstünlük nümayiş etdirə, idarə olunmaqdan qorxan biri hər şeyi idarə etməyə çalışa bilər. Kənardan bu güc kimi görünür, amma arxasında yenə eyni köhnə xəritə dayanır.

Hər üç yol bir zaman qoruyucu idi. Lakin üçü də xəritəni dəyişmir, əksinə, onu daha da möhkəmləndirir.

Xəritəni yandırmaq deyil, yeniləmək

Sxem terapiyasının məqsədi insanın keçmişini silmək və ya bütün sxemlərindən tamamilə azad olmaq deyil. Köhnə xəritə uzun illər insanın yolunu göstərib, onu müəyyən təhlükələrdən qoruyub. Onu yandırmaq yox, diqqətlə oxumaq lazımdır: hansı yollar hələ də doğrudur, hansıları artıq çoxdan yoxdur, harada yeni körpü salmaq mümkündür.

Bu proses insanın sxemini tanımasından, onun hansı ödənilməmiş ehtiyacdan yarandığını anlamasından və həmin ehtiyacı bu gün daha sağlam yollarla qarşılamağı öyrənməsindən keçir.

Bəs terapiya otağında bu necə baş verir? Sxem terapiyasında “mod” adlandırılan (Arntz və Jacob, 2013), içimizdə eyni anda danışan müxtəlif səslər nədir və terapevt köhnə xəritənin yenilənməsinə necə kömək edir? Bu suallardan seriyanın növbəti məqaləsində danışacağıq.

Mənbələr

  • Arntz, A., & Jacob, G. (2013). Schema therapy in practice: An introductory guide to the schema mode approach. Wiley-Blackwell.

  • Bach, B., Lockwood, G., & Young, J. E. (2018). A new look at the schema therapy model: Organization and role of early maladaptive schemas. Cognitive Behaviour Therapy, 47(4), 328–349.

  • Lockwood, G., & Perris, P. (2012). A new look at core emotional needs. In M. van Vreeswijk, J. Broersen, & M. Nadort (Eds.), The Wiley-Blackwell handbook of schema therapy (pp. 41–66). Wiley-Blackwell.

  • Young, J. E. (1990). Cognitive therapy for personality disorders: A schema-focused approach. Professional Resource Press.

  • Young, J. E., Klosko, J. S., & Weishaar, M. E. (2003). Schema therapy: A practitioner’s guide. Guilford Press.

Bizə müraciət edinSxem Terapiyası Nədir?: Köhnə Xəritə ilə Yeni Yollarda | Mayak Kliniki Psixologiya Mərkəzi