Süni intellekt psixoterapiyanı əvəz edə bilərmi?

Son dövrlərdə sosial mediada süni intellektin psixoterapiyanı əvəz edib-edə bilməyəcəyi ilə bağlı müzakirələrə rast gəlməmək demək olar ki, mümkün deyil. Kimisi AI-nin gələcəyin terapevti olacağını düşünür, kimisi isə onun artıq bəzi terapevtlərdən daha faydalı olduğunu iddia edir. Bu yazıda məqsədim nə süni intellektə qarşı çıxmaq, nə də texnologiyanın yaratdığı imkanları kiçiltməkdir. Əksinə, mən də gündəlik həyatımda və işimdə süni intellektdən istifadə edir və onun potensialına inanıram. Amma eyni zamanda düşünürəm ki, bu müzakirələr fonunda psixoterapiyanın nə olduğu ilə bağlı vacib bir qarışıqlıq yaranmağa başlayıb.

10-06-2026Nərmin Quliyeva
Psixologiyapsixoloji maarifləndirmə
Süni intellekt psixoterapiyanı əvəz edə bilərmi?

Süni intellekt psixoterapiyanı əvəz edə bilərmi?

Son dövrlərdə sosial mediada süni intellektin psixoterapiyanı əvəz edib-edə bilməyəcəyi ilə bağlı müzakirələrə rast gəlməmək demək olar ki, mümkün deyil. Kimisi AI-nin gələcəyin terapevti olacağını düşünür, kimisi isə onun artıq bəzi terapevtlərdən daha faydalı olduğunu iddia edir. Bu yazıda məqsədim nə süni intellektə qarşı çıxmaq, nə də texnologiyanın yaratdığı imkanları kiçiltməkdir. Əksinə, mən də gündəlik həyatımda və işimdə süni intellektdən istifadə edir və onun potensialına inanıram. Amma eyni zamanda düşünürəm ki, bu müzakirələr fonunda psixoterapiyanın nə olduğu ilə bağlı vacib bir qarışıqlıq yaranmağa başlayıb.

Problem süni intellektin insanlara kömək edə bilməməsində deyil. Problem daha çox psixoterapiyanın nə olduğu barədə təsəvvürümüzdə gizlənir. Son illərdə “terapiya” sözü çox geniş mənada istifadə olunmağa başlayıb. Məlumat vermək, emosional dəstək göstərmək, rahatlaşdırıcı fəaliyyətlər təklif etmək və ya insanın özünü daha yaxşı hiss etməsinə kömək etmək kimi fərqli təcrübələr tez-tez eyni başlıq altında təqdim edilir. Nəticədə isə bir çox insan psixoterapiyanı digər dəstək formaları ilə qarışdırmağa başlayır.

Əlbəttə, süni intellekt müəyyən psixoloji dəstək formalarını təqlid edə bilər. O, psixoedukasiya verə, məlumat paylaşa, müxtəlif məşqlər təklif edə, ev tapşırıqları hazırlaya və ya insanı dinləyirmiş kimi görünə bilər. Hətta gələcəkdə bunları daha da yaxşı etməsi mümkündür. Lakin bütün bunlar psixoterapiyanın özü deyil. Çünki psixoterapiya hər şeydən əvvəl bir münasibətdir.

Bu ifadə ilk baxışdan sadə görünə bilər. Hətta bəzilərinə klişe kimi səslənə bilər. Amma psixoterapiyanın mərkəzində məhz iki insan arasında qurulan canlı, qarşılıqlı və emosional əlaqə dayanır. Araşdırmalar da göstərir ki, terapiyanın effektivliyini müəyyən edən ən vacib amillərdən biri terapevtik münasibətin keyfiyyətidir. Terapevtin istifadə etdiyi texnikalar vacib olsa da, dəyişimin əsas daşıyıcısı çox zaman həmin münasibətin özüdür.

Psixoterapiyanı fərqli edən də məhz budur. Terapiya otağına daxil olan insan yalnız yaşadığı problemləri gətirmir. O, özü ilə birlikdə qorxularını, gözləntilərini, keçmiş münasibətlərindən gələn təcrübələri və bəzən fərqində olmadığı ehtiyaclarını da gətirir. Terapevt də həmin münasibətin içində sadəcə məlumat verən bir fiqur deyil. O da bir insandır və terapiya prosesi iki insan arasında yaranan münasibətin içində formalaşmağa başlayır.

Bu münasibət çox vaxt sözlərdən daha böyükdür. Bəzən bir baxışda, uzun bir sükutda, tərəddüddə, göz yaşında və ya deyilə bilməyən bir cümlədə özünü göstərir. Bəzən insan ilk dəfə terapiyada birinin qarşısında həqiqətən görünür hiss edir. 

Məhz buna görə tez-tez belə bir sual ortaya çıxır: “Süni intellektlə də münasibət qurmaq olmazmı?”

Əlbəttə, insanlar bir çox şeyə bağlana bilirlər. Hətta bəzi insanlar süni intellektlə də emosional bağlılıq hiss edə bilər. Amma bağlılıq ilə münasibət eyni şey deyil. Çünki münasibət yalnız qarşı tərəfin bizi anlaması hissindən ibarət deyil. Münasibət qarşılıqlılıq tələb edir. Qarşı tərəfin də hissləri, reaksiyaları, gözləntiləri və daxili dünyası olur.

Süni intellekt isə hiss etmir. O sizin hekayənizdən təsirlənmir, sizə görə narahat olmur, sizə qarşı məyusluq və ya sevinc yaşamır. O, yalnız bu hissləri ifadə edən cümlələri yarada bilir. Məhz bu fərq ilk baxışdan kiçik görünsə də, psixoterapiyanın mahiyyətinə toxunur.

Bəlkə də AI ilə bağlı ən çox səsləndirilən arqument budur: “AI məni mühakimə etmir.”

Bu fikir ilk baxışdan çox cəlbedici görünür. Xüsusilə münasibətlərdə incinmiş, rədd edilmiş və ya anlaşılmamış insanlar üçün. Axı bizi heç vaxt tənqid etməyən, heç vaxt incitməyən və hər zaman anlayış göstərən bir varlıqla danışmaq əlbəttə ki təhlükəsiz hiss etdirə bilər.

Amma psixoterapiyanın paradoksu da məhz burada başlayır.

Məhz buna görə terapiyada insan özünü başqa bir insanın qarşısında göstərmək, anlaşılmaq və münasibətin içində yeni təcrübələr yaşamaq imkanı əldə edir. Sağaldıcı olan da çox zaman budur. İnsan həyat boyu yaşadığı münasibət yaralarını yeni bir münasibətin içində yenidən yaşayır, fərq edir və işləyir. Terapiyada yaranan anlaşılmazlıqlar, incikliklər, susqunluqlar və hətta qəzəb belə çox vaxt problemin özü deyil; terapiyanın materialına çevrilir.

Bir terapevtə “Səndən xoşum gəlmir” və ya “Sənə qəzəbliyəm” deməklə ChatGPT-yə eyni şeyi demək arasında böyük fərq var. ChatGPT böyük ehtimalla sizi sakitləşdirməyə çalışacaq. Təcrübəli bir terapevt isə həmin hissin haradan gəldiyini, münasibətin içində nə baş verdiyini və bu hissin insanın həyatındakı digər təcrübələrlə necə əlaqəli ola biləcəyini araşdırmağa maraq göstərəcək. Çünki terapiyada məqsəd narahatlığı dərhal aradan qaldırmaq deyil. Məqsəd həmin narahatlığın içində baş verənləri anlamaqdır.

Bu səbəbdən süni intellekt nə qədər inkişaf etsə də, psixoterapiyanın ən vacib hissəsini təqlid etməsi çətin görünür. Çünki psixoterapiyanın ürəyi texnika deyil, münasibətdir.

Əslində AI ilə bağlı müzakirələr bizi daha böyük bir suala gətirib çıxarır: insanlar niyə getdikcə daha çox emosional dəstəyi maşınlarda axtarmağa başlayırlar?

Bəlkə də bu sualın cavabı süni intellektdən çox yaşadığımız cəmiyyətlə bağlıdır. Yalnızlığın artdığı, münasibətlərin daha kövrək hala gəldiyi və insanların özlərini daha əlaqəsiz hiss etdiyi bir dövrdə yaşayırıq. Bəzi insanlar üçün süni intellekt qısa müddətli rahatlıq, dinlənilmək hissi və ya bir növ yoldaşlıq təqdim edə bilər. Amma o, insanları yalnızlaşdıran səbəbləri aradan qaldıra bilməz. O, pozulmuş münasibətləri bərpa edə bilməz. İnsanları bir-birinə yenidən bağlaya bilməz.

Bəlkə də insanları daha yaxşı təqlid edən maşınlar yaratmaqdan əvvəl, insanların bir-biri ilə daha mənalı əlaqələr qurmasına necə kömək edə biləcəyimizi düşünməliyik. Çünki insanlar süni intellektə üz tutursa, bu hər zaman texnologiya ilə bağlı məsələ deyil. Eyni zamanda bu, insanların artıq üz tutacaqları başqa insanların qalmaması ilə bağlı ola bilər.


İstinadlar

  • Wampold, B. E. & Imel, Z. E. (2015). The Great Psychotherapy Debate: The Evidence for What Makes Psychotherapy Work.

  • Wampold, B. E., Baldwin, S. A., & Holtforth, M. G. (2007). How and Why Are Some Therapists Better Than Others?

  • Norcross, J. C. & Lambert, M. J. (2019). Psychotherapy Relationships That Work.

  • Gelso, C. J. (2014). A Tripartite Model of the Therapeutic Relationship.

  • American Psychological Association (APA) – Therapeutic Alliance Research.

Bizə müraciət edinSüni intellekt psixoterapiyanı əvəz edə bilərmi? | Mayak Kliniki Psixologiya Mərkəzi