Sağlam münasibətlər niyə bəzən darıxdırıcı görünür?
Bir çox insan münasibətlərdə maraqlı bir ziddiyyət yaşayır: hörmət, etibar və emosional təhlükəsizlik üzərində qurulan sağlam münasibətlər bəzən gözlənilən qədər həyəcanlı hiss olunmur. Bunun əksinə, qeyri-müəyyənlik, emosional eniş-yoxuşlar və ya əlçatmazlıq olan münasibətlər daha güclü hisslər yarada bilir.
Bu zaman insanlar tez-tez belə düşünürlər:
"Deməli, onu kifayət qədər sevmirəm."
"Aramızda kimya yoxdur."
"Bəlkə də bir-birimizə uyğun deyilik."
Halbuki məsələ hər zaman sevginin gücü ilə bağlı olmur. Bəzən bunun arxasında beynimizin işləmə prinsipləri, keçmiş təcrübələrimiz və münasibətlər haqqında öyrəndiyimiz nümunələr dayanır.
Həyəcan yoxsa təhlükə?
Bir çox insan münasibətdə axtardığı "qığılcımın" sevginin əlaməti olduğunu düşünür. Halbuki bəzi hallarda bu hiss sadəcə sinir sisteminin yüksək aktivlik vəziyyətidir.
İnsan beyni qeyri-müəyyənliyə qarşı olduqca həssasdır. Nə baş verəcəyini bilmədiyimiz vəziyyətlər beynin diqqət və təhlükə aşkarlama sistemlərini daha çox aktivləşdirir. Məhz buna görə qarşı tərəfin nə vaxt yazacağını bilməmək, münasibətin hara doğru getdiyindən əmin olmamaq və ya onun hissləri barədə tərəddüd yaşamaq bizdə güclü emosional reaksiyalar yarada bilər. Belə vəziyyətlərdə beyin müəyyən mənada "ayıq " rejimə keçir.
Xüsusilə rədd edilmə qorxusu, qeyri-müəyyənlik və emosional eniş-yoxuşlarla xarakterizə olunan münasibətlərdə insan özünü daha "canlı" hiss edə bilər. Amma bu hiss hər zaman təhlükəsizlikdən deyil, davamlı gərginlikdən qaynaqlana bilər. Bu zaman stress reaksiyası ilə əlaqəli sistemlər aktivləşir, kortizol və adrenalin kimi hormonların səviyyəsi yüksələ bilir. Nəticədə insan qarşı tərəfə daha çox fokuslanır, onun davranışlarını daha çox analiz edir və münasibətlə bağlı düşüncələr zehni daha çox məşğul etməyə başlayır.
Bəzən bu gərgin gözləmə dövründən sonra qarşı tərəfdən gələn bir mesaj, diqqət və ya yaxınlıq jesti müvəqqəti rahatlama və “dəyərlilik” hissi yaradır. Çünki bu zaman beynin mükafat sistemi aktivləşir və dopamin ifrazı artır. Başqa sözlə, insan yalnız qarşı tərəfi deyil, eyni zamanda qeyri-müəyyənliyin yaratdığı gərginlikdən sonra gələn rahatlama hissinə də bağlanır və bu hissi dəyərlilik və sevgi kimi başa düşür. Bu dövr təkrarlandıqca münasibət emosional olaraq daha intensiv hiss edilə bilər.
Problem ondadır ki, bəzi insanlar uzun müddət emosional gərginlik və qeyri-müəyyənliklə müşayiət olunan münasibətlər yaşadıqda, sinir sistemi bu yüksək aktivlik səviyyəsini sevgi ilə qarışdırmağa başlayır. Nəticədə təhlükəsizlik hissi "həyəcanın olmaması", sakitlik isə "kimyanın olmaması" kimi şərh edilə bilər. Bu səbəbdən sağlam münasibətdə yaranan sakitlik bəzən "nəsə çatışmır" hissi yaradır.
Əslində isə çatışmayan şey sevgi deyil, insanın öyrəşdiyi emosional gərginlik ola bilər.
Sağlam və sabit münasibətlərdə isə fərqli bir proses müşahidə olunur. Qarşı tərəfin hissləri, münasibətdəki mövqeyi və əlçatanlığı daha aydın olduğu üçün beyin davamlı təhlükə siqnalları göndərməyə ehtiyac duymur. Sinir sistemi daha sakit işləyir və münasibətdə təhlükəsizlik hissi ön plana çıxır.
Keçmiş təcrübələrimiz münasibətlərə necə təsir edir?
Neyrobioloji mexanizmlərlə yanaşı, münasibətlərdə nəyi normal hesab etdiyimiz böyük ölçüdə keçmiş təcrübələrimizdən də asılı olaraq formalaşır.
Əgər insan uşaqlıqda və ya əvvəlki münasibətlərində sevgi və diqqəti qeyri-sabit və ya şərtli şəkildə alıbsa, sonradan qarşılaşdığı sabit münasibət ona tanış gəlməyə bilər. Əksinə, emosional uzaqlıq, əlçatmazlıq və qeyri-müəyyənlik onun beyni üçün daha tanış və "normal" hiss oluna bilər. Bu vəziyyət, həmin fərdin problemli münasibət istədiyi anlamına gəlmir. Sadəcə olaraq beynimiz tanış olan nümunələri daha asan tanıyır və onlara daha sürətli uyğunlaşır.
Sağlam münasibətlərdə kimya olmurmu?
Əlbəttə ki, olur.
Sağlam münasibətlərdə də cazibə, romantika, ehtiras və emosional bağlılıq mövcud ola bilər. Sadəcə bu hisslər hər zaman filmlərdə və ya sosial mediada təqdim olunan dramatik sevgi hekayələrindən fərqlidir.
Əslində sağlam münasibətlərdə həyəcan tamamilə yox olmur, sadəcə onun mənbəyi dəyişir. Bu həyəcan qarşı tərəfin sizi sevib-sevmədiyini bilməməkdən, mesaj yazıb-yazmayacağını gözləməkdən və ya münasibətin davam edib-etməyəcəyi ilə bağlı narahatlıqdan qaynaqlanmır. Bunun əvəzinə partnyorların birlikdə keçirdiyi keyfiyyətli vaxt, ortaq fəaliyyətlər, yeni təcrübələr yaşamaq, qarşılıqlı flirt, emosional və fiziki yaxınlıq kimi amillər münasibətdə canlılığı və marağı qoruyur.
Başqa sözlə, sağlam münasibətlərdə həyəcan təhlükədən deyil, sevgidən yaranır.
Araşdırmalar göstərir ki, uzunmüddətli və məmnuniyyətverici münasibətlərin əsasını etibar, emosional yaxınlıq, qarşılıqlı dəstək və təhlükəsizlik hissi təşkil edir. Eyni zamanda bu münasibətlərdə tərəflər münasibətə aktiv şəkildə investisiya qoyduqda, birlikdə yeni təcrübələr yaşadıqda və romantik əlaqəni qidalandırdıqda cazibə və maraq da qorunub saxlanıla bilir.
Bu münasibətlər daha az dramatik görünə bilər, lakin insanların psixoloji rifahı və münasibətdən məmnunluğu ilə daha güclü əlaqəlidir. Bəzən münasibətdə hiss etdiyiniz sakitlik sevginin yoxluğu deyil. Əksinə, ilk dəfə özünüzü təhlükəsiz hiss etdiyinizin göstəricisi ola bilər.
Mənbələr
Hazan, C., & Shaver, P. R. (1987). Romantic love conceptualized as an attachment process. Journal of Personality and Social Psychology, 52(3), 511–524.
Mikulincer, M., & Shaver, P. R. (2016). Attachment in adulthood: Structure, dynamics, and change (2nd ed.). Guilford Press.
Fisher, H. E. (2016). Anatomy of love: A natural history of mating, marriage, and why we stray (2nd ed.). W. W. Norton & Company.
Acevedo, B. P., Aron, A., Fisher, H. E., & Brown, L. L. (2012). Neural correlates of long-term intense romantic love. Social Cognitive and Affective Neuroscience, 7(2), 145–159.
Levine, A., & Heller, R. (2010). Attached: The new science of adult attachment and how it can help you find and keep love.
