Romantik Münasibətlərdə Doğru Bildiyimiz 5 Böyük Yanlış
Hər birimiz filmlərdən, kitablardan və ya sosial mediadan təsirlənərək münasibətlər haqqında bəzi ideallaşdırılmış qəliblər yaradırıq. Lakin real həyatda bu "miflər" sağlam əlaqələrə kömək etmək əvəzinə, onları zədələyir. Gəlin, ən çox inandığımız 5 yanlışa psixoloji pəncərədən baxaq:
1. "Məni sevirsə, nə hiss etdiyimi sözsüz anlamalıdır."
Həqiqət: Partnyorumuz bizim fikirlərimizi oxuya bilən bir sehrbaz deyil. Münasibəti bir tapmacaya çevirmək hər iki tərəfi yorur. Sağlam ünsiyyətin təməli olmayan düşüncələr yaratmaq yox, ehtiyac və hissləri açıq, dürüst şəkildə ifadə etməkdir.
2. "Yaxşı və xoşbəxt cütlüklər heç vaxt dalaşmırlar."
Həqiqət: Mübahisələrin olması münasibətin bittiyini deyil, bəzən canlı olduğunu göstərir. Fərqli fikirlərin olması tamamilə normaldır. Burada əsas məqam mübahisənin olub-olmaması yox, onun necə idarə olunduğudur yəni fərdlər bir-birini incitmədən, ortaq məxrəcə gələ bilirlərmi?
3. "İllərlə davam edən bir münasibət mütləq sağlamdır."
Həqiqət: Zaman, keyfiyyətin zəmanəti deyil. Bəzən asılılıq, qorxu və ya sadəcə vərdiş səbəbindən toksik münasibətlər də onilliklərlə uzana bilər. Münasibətin dəyəri onun ömrü ilə deyil, sizə verdiyi hüzur və təhlükəsizlik hissi ilə ölçülür.
4. "Qısqanclıq sevginin və bağlılığın ən böyük sübutudur."
Həqiqət:Həddini aşan qısqanclıq sevginin yox, çox vaxt şəxsi qeyri-müəyyənliyin, güvənsizliyin və ya qarşı tərəfi idarə etmək istəyinin təzahürüdür. Sevgi azadlıq və qarşılıqlı güvən üzərində böyüyür; kəskin məhdudiyyətlər isə əlaqəni boğur.
5. "Nə qədər çox fədakarlıq etsəm, bir o qədər çox sevilərəm."
Həqiqət: Münasibət tək tərəf üzərində qurulmur. Yalnız bir tərəfin daim özündən, istəklərindən güzəştə getməsi zamanla daxili incikliyə və tükənməyə yol açır. Sağlam əlaqə balansa və qarşılıqlı addımlara əsaslanır.
