Psixoloq, psixiatr, klinik psixoloq və psixoterapevt fərqi: kimə müraciət etməlisiniz?

Psixoloq, psixoterapevt və psixiatr arasındakı fərq nədir? Hansı mütəxəssisə müraciət etməlisiniz? Psixoloqa müraciət etmək kifayətdirmi, yoxsa psixiatra da müraciət etmək lazımdır? Klinik psixoloq və psixoterapevt kimdir? Onlar psixoloqdan nə ilə fərqlənirlər? - Bu suallar psixoloji xidmət sahəsində tez-tez qarışdırılan və düzgün mütəxəssis seçimini çətinləşdirən əsas məqamlardan birini təşkil edir.

09-05-2026Aynur Həsənzadə
psixologiyaklinik psixologiyapsixoterapiyapsixi sağlamlıqpsixoloqpsixiatrklinik psixoloqemosional sağlamlıqterapiyamental healthpsixoloji dəstəkmünasibətlərtəşviştəşvişdepressiya
Psixoloq, psixiatr, klinik psixoloq və psixoterapevt fərqi: kimə müraciət etməlisiniz?

Psixoloq, psixoterapevt və psixiatr arasındakı fərq nədir? Hansı mütəxəssisə müraciət etməlisiniz? Psixoloqa müraciət etmək kifayətdirmi, yoxsa psixiatra da müraciət etmək lazımdır? Klinik psixoloq və psixoterapevt kimdir? Onlar psixoloqdan nə ilə fərqlənirlər? - Bu suallar psixoloji xidmət sahəsində tez-tez qarışdırılan və düzgün mütəxəssis seçimini çətinləşdirən əsas məqamlardan birini təşkil edir.

Psixoloji xidmət sahəsində terminoloji fərqlər həm psixoloji dəstək axtarışında olan insanlar, həm də sahəyə yeni daxil olan mütəxəssislər üçün ən böyük qarışıqlıqlardan biridir. Psixoloq, klinik psixoloq, psixoterapevt və psixiatr anlayışları bir-biri ilə əlaqəli olsa da, təhsil, səlahiyyət və müdaxilə səviyyəsi baxımından ciddi şəkildə fərqlənir. Bu fərqləri anlamaq isə yalnız məlumatlı olmaq deyil , həm də düzgün mütəxəssis seçimi üçün vacib addımdır.

Bu məqalədə psixoloq, klinik psixoloq, psixiatr və psixoterapevt anlayışlarını Amerika Psixologiya Assosaiyası (APA) və Britaniya Psixoloji Cəmiyyəti (BPS) kimi beynəlxalq elmi qurumların tələblərinə və o cümlədən, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən izah edəcəyik.

Psixoloq kimdir?

Psixoloq psixologiya üzrə bakalavr səviyyəsində ali təhsil almış, insan davranışı, emosiyaları və düşüncə proseslərini öyrənən mütəxəssisdir.

Psixoloqun işi daha çox fərdlərin daxili təcrübəni anlamağa kömək etmək üzərində qurulub. Məsələn, fərd özünü tez-tez narahat, qərarsız və ya emosional olaraq yüklənmiş hiss etdiyi zaman, psixoloq bu vəziyyətləri onunla birlikdə təhlil edir və fərqindəlik qazandırır. 

Psixoloq konsultasiya prosesində fərd üçün təhlükəsiz və etik çərçivədə qurulmuş bir mühit formalaşdırır. Bu mühitdə şəxs şərtsiz qəbul olunur, empatik yanaşma ilə qarşılanır və aktiv şəkildə dinlənilir. Belə bir terapevtik münasibət fərdin özünü daha açıq ifadə etməsinə, daxili təcrübəsini araşdırmasına və həyatının müxtəlif sahələrində məsələn, şəxsi həyatında, sosial mühitində və münasibətlərində yaşadığı çətinlikləri daha aydın şəkildə anlamasına imkan yaradır. Bu proses eyni zamanda fərdin psixoloji resurslarını gücləndirməyə və daha funksional uyğunlaşma strategiyaları inkişaf etdirməsinə yönəlir.

Psixoloq tərəfindən aparılan konsultasiya prosesi əsasən:

  • fərdə yaşadığı təcrübələr barədə fərqindəlik qazandırılması; 

  • fərdin hiss etdiyi emosiyalar və bu hisslərin arxasında hansı psixoloji mexanizmlərin dayandığını anlamaq;

  • daxili qarışıqlığı aydınlaşdırmaq kimi məqsədlər üzərində qurulur.

Klinik psixoloq və psixoloq arasındakı fərq nədir?

Klinik psixoloq psixi sağlamlıq problemləri ilə işləmək üzrə ixtisaslaşmış psixoloqdur. Azərbaycanda klinik psixoloq kimi ixtisaslaşmaq üçün klinik psixologiya və ya ekvivalent sahədə magist pilləsi üzrə təhsili tamamlamaq tələb olunur.

Klinik psixoloq psixi sağlamlıq problemlərinin qiymətləndirilməsi, diaqnostikası və elmi əsaslı psixoloji müdaxilələrin tətbiqi ilə məşğul olurlar. Onlar depressiya, təşviş pozuntuları, asılılıqlar kimi psixoloji çətinliklərlə işləyir və uyğun təlim aldıqları halda psixoterapiya da tətbiq edirlər. 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, psixoloq və klinik psixoloqların tibbi təhsili olmadığı üçün onların diaqnoz qoymaq və dərman müalicəsi təyin etmək səlahiyyəti yoxdur. Bu səlahiyyət yalnızca psixiatrlara aiddir. 

Psixoterapevt kimdir?

Psixoterapevt isə müəyyən psixoterapiya sahəsi üzrə xüsusi və uzunmüddətli təlim keçmiş mütəxəssisdir. Azərbaycanda psixoterapevt kimi fəaliyyət göstərmək üçün ayrıca baza təhsil deyil, əlavə ixtisaslaşma kimi tələb olunur və bu sahədə fəaliyyət göstərmək üçün müvafiq təlim və sertifikasiya vacibdir. Bu mütəxəssis:

  • psixoloq, klinik psixoloq və ya psixiatr ola bilər 

  • müəyyən bir psixoterapiya istiqaməti üzrə (məsələn, koqnitiv davranış terapiyası, psixodinamik psixoterapiya və s.) uzunmüddətli təlim və superviziya keçmiş olur

Psixoterapiya elmi əsaslara söykənən, strukturlaşdırılmış və effektiv psixoloji müdaxilə formasıdır. Bu müdaxilə emosional, davranış və düşüncə problemlərinin aradan qaldırılmasına və yaxşılaşdırılmasına yönəlir.

Psixiatrın rolu: bioloji səviyyədə müdaxilə

Psixiatr tibb təhsili almış və psixiatriya sahəsində ixtisaslaşmış həkimdir. Onun əsas yanaşması bioloji və neyrokimyəvi mexanizmlər üzərindən qurulur.

Psixiatrın rolu adətən aşağıdakı prosesləri əhatə edir:

  • Psixi vəziyyətin tibbi diaqnostikası 

  • Zəruri olduqda dərman müalicəsinin planlaşdırılması və izlənməsi

Bu müdaxilə forması xüsusilə bəzi hallarda ön plana çıxır. Məsələn, emosional vəziyyətin kəskin dəyişdiyi, yuxu, enerji və diqqət kimi əsas funksiyaların ciddi şəkildə pozulduğu vəziyyətlərdə fizioloji tənzimləmə vacib rol oynaya bilər. Burada məqsəd beynin funksional balansını bərpa etməkdir.

Psixiatrik müdaxilə çox zaman təkbaşına deyil, digər yanaşmalarla birlikdə daha effektiv olur. Məsələn, dərman müalicəsi müəyyən simptomların intensivliyini azaltdıqdan sonra psixoterapiya prosesi daha əlçatan və işlək hala gələ bilər. Psixoterapiya mərhələsində isə fərd öz düşüncə, emosional reaksiya və davranış nümunələrini daha aydın müşahidə edib onların üzərində işləyərək daha uzunmüddətli və ya qalıcı dəyişikliklər əldə edə bilər. Beləliklə, psixiatrik və psixoloji yanaşmalar bir-birini əvəz edən deyil, fərqli səviyyələrdə işləyərək bir-birini tamamlayan proseslər kimi nəzərdən keçirilir.

Xülasə

Psixoloq, klinik psixoloq, psixoterapevt və psixiatr eyni sahədə fəaliyyət göstərsələr də, fərqli istiqamətlərdə və müxtəlif müdaxilə mexanizmləri ilə işləyirlər. Bu peşələr bir-birini əvəz etmir, əksinə bir-birini tamamlayan bir sistemin hissələridir. Fərdin ehtiyacına uyğun olaraq bu mütəxəssislərin birlikdə çalışması daha effektiv və davamlı nəticələrin əldə olunmasına imkan yaradır.

Psixi sağlamlıqla bağlı doğru dəstəyi seçmək bəzən çətin görünə bilər, amma bu fərqləri anlamaq prosesi xeyli asanlaşdırır. Əsas məsələ hansı mütəxəssisin “daha yaxşı” olması deyil, sizin ehtiyacınıza ən uyğun olanın seçilməsidir.

Unutmayın ki, psixoloji dəstək insanın özünü anlamağa və həyat keyfiyyətini yaxşılaşdırmağa yönəlmiş şüurlu və məsuliyyətli bir addımdır. Doğru mütəxəssis ilə qurulan əməkdaşlıq isə bu prosesin ən vacib hissəsidir.


İstinadlar:

American Psychological Association. (2023). What is a psychologist?
https://www.apa.org/topics/psychotherapy/what-is-psychology

American Psychiatric Association. (2022). What is psychiatry?
https://www.psychiatry.org/patients-families/what-is-psychiatry

British Psychological Society. (2022). Careers in clinical psychology.
https://www.bps.org.uk/psychologists/careers-psychology

World Health Organization. (2021). Mental health atlas 2020. World Health Organization.

Azərbaycan Respublikası. (2007). Psixoloji yardım haqqında Qanun.



Bizə müraciət edinPsixoloq, psixiatr, klinik psixoloq və psixoterapevt fərqi: kimə müraciət etməlisiniz? | Mayak Kliniki Psixologiya Mərkəzi