Panik atakla bağlı 5 mif

Panik atak, qəfil başlayan və qısa müddətdə intensivləşən güclü qorxu və ya narahatlıq epizodudur. Bu epizodlar zamanı ürək döyüntüsünün sürətlənməsi, nəfəs darlığı, başgicəllənmə və nəzarəti itirmə hissi kimi simptomlar müşahidə oluna bilər.

09-05-2026Aynur Həsənzadə
panik atak
Panik atakla bağlı 5 mif

Panik atak nədir?

Panik atak, qəfil başlayan və qısa müddətdə intensivləşən güclü qorxu və ya narahatlıq epizodudur. Bu epizodlar zamanı ürək döyüntüsünün sürətlənməsi, nəfəs darlığı, başgicəllənmə və nəzarəti itirmə hissi kimi simptomlar müşahidə oluna bilər.

Panik atakların intensivliyi səbəbilə bu təcrübə çox vaxt təhlükəli bir vəziyyət kimi şərh olunur. Lakin klinik baxımdan bu hal, bədənin təhlükəyə qarşı işləyən “alarm” sisteminin həddindən artıq aktivləşməsi ilə əlaqədardır. Məhz bu mexanizmin düzgün anlaşılmaması panik atakla bağlı müxtəlif miflərin formalaşmasına səbəb olur.

Mif 1: “Panik atak ürək tutmasıdır”

Panik atak zamanı yaranan fiziki simptomlar — xüsusilə sinə nahiyəsində sıxılma hissi və ürək döyüntüsünün sürətlənməsi — çox vaxt ürək tutması kimi şərh olunur. Bu, anlaşılandır, çünki orqanizmin verdiyi cavab həqiqətən intensiv və bəzən qorxuducu ola bilər.

Lakin panik atak infarkt deyil və klinik olaraq infarktla eyni mexanizmlərə əsaslanmır. Bu vəziyyət bədəndə simpatik sinir sisteminin aktivləşməsi ilə bağlıdır. Simpatik sistem təhlükə siqnalına cavab olaraq orqanizmi “savaş və ya qaç” reaksiyasına hazırlayır, nəticədə ürək döyüntüsü artır, tənəffüs sürətlənir və əzələlər gərginləşir.

Əsas fərq ondan ibarətdir ki, panik atak zamanı bu fizioloji reaksiyalar real orqanik zədələnmə ilə deyil, funksional aktivləşmə ilə əlaqədardır. Yəni ürəkdə struktur zədələnmə baş vermir. Bundan əlavə, panik atak epizodu sinir sisteminin tədricən sakitləşməsi ilə birlikdə azalır və keçici xarakter daşıyır.

Mif 2: “Panik atak zamanı nəzarəti itirə bilərəm”

Panik atak yaşayan bir çox insan epizod zamanı “dəli olacağam” və ya “özümü idarə edə bilməyəcəyəm” kimi intensiv qorxular yaşayır. Bu təcrübə, əsasən, fiziki və emosional simptomların qəfil və yüksək intensivlikdə ortaya çıxması ilə əlaqədardır.

Lakin mövcud klinik biliklər göstərir ki, panik atak zamanı davranış nəzarəti itirilmir. Əksinə, bu vəziyyət orqanizmin təhlükə siqnalına verdiyi fizioloji cavabdır və beyində hiper-oyanıqlıq (hyperarousal) vəziyyəti yaradır. Bu zaman diqqət sistemi daha da aktivləşir, fərd daxili və xarici siqnallara qarşı daha həssas və ayıq olur.

Başqa sözlə, panik atak zamanı yaşanan hiss “nəzarəti itirmək” kimi təcrübə olunsa da, real mexanizm əksinədir: sistem həddindən artıq aktivləşdiyi üçün nəzarət zəifləməkdən çox, gərgin şəkildə səfərbər olunur.

Mif 3: “Panik atak təhlükəlidir”

Panik atakın yüksək intensivliyi bu təcrübəni təhlükəli kimi hiss etdirə bilər. Lakin klinik baxımdan panik atak özü-özlüyündə həyati təhlükə yaratmır.

Bu epizodlar zamanı müşahidə olunan fizioloji dəyişikliklər — ürək döyüntüsünün artması, tənəffüsün sürətlənməsi, bədəndə gərginlik hissi — orqanizmin normal stress cavabının bir hissəsidir və sağlam fərdlərdə təhlükəli səviyyəyə çatmır. Bu reaksiyalar qısa müddətli aktivləşmə ilə xarakterizə olunur və sinir sistemi tənzimləndikcə tədricən azalır.

Klinik baxımdan əsas çətinlik bu reaksiyaların özü deyil, onların necə şərh edilməsidir. “Bu təhlükəlidir” kimi koqnitiv interpretasiyalar narahatlıq səviyyəsini yüksəldə və simptomların intensivliyini artıra bilər. Bu isə panik dövrün davam etməsinə və ya təkrarlanmasına zəmin yaradır.

Mif 4: “Panik atak yalnız zəif insanlarda olur”

Panik ataklar fərdin “güclü” və ya “zəif” olması ilə əlaqəli deyil. Bu epizodlar sinir sisteminin reaktivliyi, öyrənilmiş təşviş reaksiyaları və fərdin keçirdiyi stress təcrübələri ilə bağlı formalaşır. Yəni burada məsələ xarakterdən deyil, neyrobioloji və psixoloji proseslərin qarşılıqlı təsirindən gedir.

Klinik müşahidələr və empirik tədqiqatlar göstərir ki, panik ataklar yüksək funksionallığa, məsuliyyət hissinə və hətta yüksək performansa sahib insanlarda da rast gəlinə bilər. Bu səbəbdən bu vəziyyəti şəxsi “zəiflik” kimi şərh etmək yardım axtarma davranışını çətinləşdirə bilər.

Mif 5: “Panik atakdan çıxmaq üçün sadəcə sakitləşmək lazımdır”

Panik epizodu zamanı baş verənlər iradi nəzarətdən çox, avtomatik fizioloji proseslərlə idarə olunur. Bu səbəbdən yalnız özünü sakitləşdirməyə çalışmaq bəzən əks effekt yarada bilər, çünki insan simptomları nəzarət altına almağa çalışdıqca onların varlığına daha çox fokuslanır və bu da narahatlığı artıra bilər.

Klinik yanaşmalar daha strukturlaşdırılmış müdaxilələrin daha effektiv olduğunu göstərir. Koqnitiv Davranış Terapiyası çərçivəsində fərd panik simptomlarını daha realistik və təhlükəsiz şəkildə interpretasiya etməyi öyrənir. Bu, simptomların “təhlükə siqnalı” kimi deyil, “keçici fizioloji reaksiya” kimi qavranılmasına imkan yaradır.

Nəticə

Panik atakla bağlı yayılmış miflər çox vaxt bu təcrübənin arxasında duran mexanizmlərin yetərincə anlaşılmaması ilə əlaqəlidir. Bu isə simptomların yanlış şərhinə və nəticədə onların idarə edilməsinin çətinləşməsinə səbəb ola bilər.

Bu mexanizmləri anlamaq panik atakı “naməlum və nəzarətsiz” bir vəziyyət kimi deyil, “izah edilə bilən və tənzimlənə bilən” bir proses kimi qavramağa imkan yaradır. Bu kognitiv dəyişiklik narahatlıq səviyyəsinin azalmasına və daha effektiv psixoloji müdaxilə strategiyalarının tətbiqinə şərait yaradır.

Bizə müraciət edinPanik atakla bağlı 5 mif | Mayak Kliniki Psixologiya Mərkəzi