OKP Sadəcə Əlləri Tez-Tez Yumaq Deyil. OKP Nədir? Simptomlar, Obsessiyalar və Kompulsiv Davranışlar

OKP Sadəcə Əlləri Tez-Tez Yumaq Deyil. OKP Nədir? Simptomlar, Obsessiyalar və Kompulsiv Davranışlar Obsessiv-kompulsiv pozuntu (OKP) haqqında cəmiyyətdə ən geniş yayılmış təsəvvürlərdən biri onun yalnız təmizlik, mikrob qorxusu və əlləri dəfələrlə yumaqla əlaqəli olmasıdır. Halbuki OKP bundan daha mürəkkəb və çoxşaxəli psixoloji pozuntudur.

29-08-2026Aynur Həsənzadə
Bakida en guclu psixoloqEn yaxsi psixoloqBakida psixoterapiya merkezleriPsixoloq seansiPulsuz psixoloqBaki psixologiya merkeziAzerbaycanda en guclu psixoloqPsixoloq xidmeti⁠en yaxsi terapiya xidmeti⁠psixoterapiya xidmetleriEn yaxsi psixologiya merkeziDepresiya ucun psixoloqBakida en yaxsi psixoloq kimdir
OKP Sadəcə Əlləri Tez-Tez Yumaq Deyil. OKP Nədir? Simptomlar, Obsessiyalar və Kompulsiv Davranışlar

OKP Sadəcə Əlləri Tez-Tez Yumaq Deyil. OKP Nədir? Simptomlar, Obsessiyalar və Kompulsiv Davranışlar

Obsessiv-kompulsiv pozuntu (OKP) haqqında cəmiyyətdə ən geniş yayılmış təsəvvürlərdən biri onun yalnız təmizlik, mikrob qorxusu və əlləri dəfələrlə yumaqla əlaqəli olmasıdır. Halbuki OKP bundan daha mürəkkəb və çoxşaxəli psixoloji pozuntudur.

OKP-də əsas məsələ insanın sadəcə təmizliyə diqqət etməsi deyil. Əsas məsələ arzuolunmaz və təkrarlanan düşüncə, təsvir və ya impulsların yaratdığı narahatlığı azaltmaq üçün insanın özünü müəyyən davranışları və ya zehni ritualları təkrarlamağa məcbur hiss etməsidir.

Bəzən bu davranış əlləri yumaqdır. Bəzən qapını dəfələrlə yoxlamaq, bəzən eyni hadisəni zehnində təkrar-təkrar analiz etmək, bəzən dua etmək, saymaq, xatirələri yoxlamaq və ya başqasından dəfələrlə “əminsən ki, belə olmayıb?” deyə soruşmaqdır.

OKP nədir?

Obsessiv-kompulsiv pozuntu təkrarlanan obsessiyalar, kompulsiv davranışlar və ya hər ikisinin birlikdə müşahidə olunduğu, insanın gündəlik həyatına əhəmiyyətli dərəcədə təsir edə bilən psixi sağlamlıq pozuntusudur. Simptomlar zaman aparır, ciddi narahatlıq yarada və iş, təhsil, münasibətlər və sosial fəaliyyətlərə müdaxilə edə bilər.

OKP adətən üç əsas komponentin qarşılıqlı təsiri ilə başa düşülə bilər:

Obsessiya → narahatlıq / diskomfort → Kompulsiv davranış → müvəqqəti rahatlama → obsessiyanın yenidən qayıtması

Bu dövrə təkrarlandıqca insan getdikcə daha çox rituala ehtiyac duymağa başlaya bilər.

Obsessiya nədir?

Obsessiya insanın istəyi xaricində zehninə daxil olan, təkrarlanan, nəzarət edilə bilməyən və narahatlıq yaradan düşüncə, təsvir və ya impulsdur.

Burada vacib bir məqam var: insanın ağlına qəribə və ya arzuolunmaz bir fikir gəlməsi özü birbaşa OKP-ə sahib olmaq mənasına gəlmir.

Demək olar ki, hər bir insanın bəzən istəmədiyi düşüncələr ağlına gəlir. Məsələn:

  • “Görəsən qapını bağladım?”
  • “Birdən kiməsə zərər versəm?”
  • “Görəsən xəstəliyə yoluxdum?”


  • “Bəlkə kimisə incitdim və fərqinə varmadım?”

    OKP-də isə bu düşüncələr təkrar-təkrar qayıdan xarakter ala bilər və insan üçün əhəmiyyətli emosional narahatlıq yarada bilər.

    Bəzi obsessiyalar insanın dəyərləri ilə ziddiyyət təşkil etdiyi üçün xüsusilə ağır yaşanır. Məsələn, dindar bir insanın dinə zidd xarakterli düşüncələrdən qorxması, sevən bir valideynin uşağına zərər verməklə bağlı arzuolunmaz təsvirlər yaşaması və ya münasibətində heç bir real problem olmadığı halda “bəlkə əslində onu sevmirəm?” düşüncəsinə təkrar-təkrar ilişib qalması mümkündür.

    Bu düşüncələrin mövcud olması onların insanın istəyi, niyyəti və ya xarakteri olduğunu göstərmir. Əksinə, adətən obsessiyalar eqo-distonik, yəni  insannın öz mənəvi dəyər və fərdi əxlaqi prisiplərinə zidd şəkildə düşüncələrdən formalaşa bilir.

    Kompulsiv davranış nədir?

    Kompulsiv davranış obsessiyanın yaratdığı narahatlığı azaltmaq və ya qorxulan nəticənin qarşısını almaq məqsədilə insanın özünü etməyə məcbur hiss etdiyi təkrarlanan davranış və ya zehni ritualdır.

    Məsələn:

    Obsessiya: “Əgər qapını yaxşı bağlamamışamsa, evə oğru girə bilər.”

    Kompulsiv davranış: Qapını 10 dəfə yoxlamaq.

    Və ya:

    Obsessiya: “Bəlkə kiməsə bilmədən pislik etdim.”

    Kompulsiv davranış: Hadisəni zehnində dəfələrlə yenidən xatırlamaq və bütün detalları yada salmağa çalışmaq.

    Burada kompulsiv davranış həmişə kənardan görünən davranış olmaya bilir.

    Zehni kompulsiv davranışlar da mövcuddur

    Bəzi insanlar heç bir fiziki ritual həyata keçirmədən saatlarla öz düşüncələrinin içində “ritual” edə bilirlər.

    Məsələn:

    • eyni hadisəni dəfələrlə analiz etmək;
    • “doğru” cavabı tapmağa çalışmaq;
    • keçmiş söhbətləri sözbəsöz xatırlamaq;
    • öz hisslərini yoxlamaq;
    • “Mən bunu həqiqətən istəyirəmmi?” sualını təkrar-təkrar özünə vermək;
    • müəyyən sözləri və ya rəqəmləri zehnində təkrarlamaq;
    • pis düşüncəni yaxşı düşüncə ilə “neytrallaşdırmaq”;
    • dua və ya dini ifadələri müəyyən sayda təkrarlamaq;
    • başqasından davamlı şəkildə əminlik almaq.

    Bu səbəbdən yalnız görünən ritualı axtarmaq OKP-ni gözdən qaçırmağa səbəb ola bilər.

    OKP-nin hansı növləri var?

    Ən çox rast gəlinən mövzulardan bəziləri bunlardır:

    1. Təmizlik obsessiyaları

    İnsan mikrob, çirk, xəstəlik, kimyəvi maddə və ya başqa bir maddə ilə çirklənməkdən və ya başqasını çirkləndirməkdən həddindən artıq qorxa bilər.

    Kompulsiv davranışlar:

    • əlləri dəfələrlə yumaq;
    • uzun müddət duş qəbul etmək;
    • əşyaları həddindən artıq təmizləmək;
    • müəyyən yerlərə toxunmaqdan qaçmaq;
    • “çirkli” hesab edilən əşyaları başqalarına toxundurmamaq.

    Bu, OKP haqqında ən çox tanınan təqdimat formasıdır, amma OKP bununla məhdudlaşmır.

    2. Yoxlama kompulsiv davranışları

    Burada əsas problem “nəyisə düzgün etmədim və bunun nəticəsində pis hadisə baş verəcək” qorxusu ola bilər.

    Məsələn:

    • qapının kilidini dəfələrlə yoxlamaq;
    • suyu bağlayıb bağlamadığını və ya ütünü təkrar yoxlamaq;
    • mesajı göndərməzdən əvvəl onlarla dəfə oxumaq;
    • səhv edib-etmədiyini davamlı yoxlamaq;
    • müəyyən bir hadisənin baş verib-vermədiyini təkrar araşdırmaq.

    Bir insan “bir dəfə yoxladım, amma yenə də tam əmin deyiləm” hissi ilə yenidən yoxlamağa qayıda bilər.

    3. Zərər vermə ilə bağlı obsessiyalar

    İnsan özünə və ya başqasına zərər verəcəyindən qorxa bilər.

    Məsələn:

    “Birdən uşağımı yaralasam?”
    “Birdən maşın sürərkən kimisə vursam?”
    “Birdən idarəmi itirib kiməsə zərər versəm?”

    Bu düşüncələr çox vaxt insanın əsl istəyi ilə ziddiyyət təşkil edir və ciddi qorxu yaradır.İnsan buna görə bıçaqlardan uzaq dura, uşağı ilə tək qalmaqdan qaça, avtomobil sürməməyə və ya öz davranışlarını davamlı yoxlamağa başlaya bilər.

    4. Dini və mənəvi obsessiyalar

    Bəzi insanlarda OKP dini və ya mənəvi mövzular ətrafında formalaşır.

    Məsələn:

    • günah işlədiyindən həddindən artıq şübhələnmək;
    • düzgün dua edib-etmədiyini dəfələrlə yoxlamaq;
    • dini qaydanı pozduğundan qorxmaq;
    • təsadüfi bir düşüncəni günah və ya mənəvi pozuntu kimi qəbul etmək;
    • bağışlanmaq üçün ritual xarakterli şəkildə dua etmək.

    Burada problem insanın dini dəyərlərinin olması deyil. Problem şübhənin dözülməz hala gəlməsi və insanın mütləq əminlik əldə etmək üçün təkrar rituala ehtiyac duymasıdır.

    5. Cinsi və tabu xarakterli obsessiyalar

    Bəzi insanlarda arzuolunmaz cinsi və ya tabu xarakterli düşüncələr meydana çıxa bilər.

    Məsələn:

    • “Birdən mən belə bir şey istəyirəmsə?”
    • “Bu düşüncənin ağlıma gəlməsi mənim haqqımda nə deyir?”
    • “Birdən uyğun olmayan bir insana qarşı belə bir impuls yaranarsa?”

    İnsan daha sonra öz hisslərini, bədən reaksiyalarını və yaddaşını yoxlaya bilər və ya müəyyən insanlardan və vəziyyətlərdən qaça bilər.

    Bu mövzular insanlarda güclü utanc yaratdığı üçün OKP-nin ən asan gizlədilən formalarından biri ola bilər.

    6. Simmetriya xarakterli obsessiyalar

    Bəzi insanlarda məsələ konkret bir təhlükə deyil, nəyinsə “düzgün”, “tam” və ya “yerində” hiss edilməməsidir.

    Məsələn:

    • əşyaların simmetrik olması;
    • müəyyən sayda toxunmaq;
    • hərəkəti müəyyən ardıcıllıqla etmək;
    • bir şeyi “tam doğru” hiss edənə qədər təkrarlamaq.

    Bu vəziyyətdə insan bəzən “əks halda pis bir şey olacaq” düşüncəsindən çox, təcrübəsi yaşayır.

    OKP ilə adi narahatlıq arasındakı fərq nədir?

    Hər kəs bəzən narahat olur. Hər kəs qapını bir dəfə daha yoxlaya bilər. Hər kəs xəstəlik haqqında düşünə bilər. Hər kəs münasibətini və verdiyi qərarları müəyyən vaxtlarda sorğulaya bilər. Fərq çox vaxt düşüncənin məzmunundan deyil, onun insanın həyatında oynadığı roldan başlayır.

    OKP-də:

    • düşüncə təkrarlanan və yapışqan xarakter ala bilər;
    • insan onu idarə etməkdə çətinlik çəkə bilər;
    • kompulsiv davranışnı etməyə güclü ehtiyac hiss edə bilər;
    • ritual müvəqqəti rahatlıq verə bilər;
    • insan daha sonra yenidən şübhələnə bilər;
    • simptomlar əhəmiyyətli vaxt apara bilər;
    • gündəlik fəaliyyətə, münasibətlərə, işə və təhsilə müdaxilə edə bilər.

    Burada vacib məqam budur: OKP-ni yalnız düşüncənin “qəribəliyi” müəyyən etmir. Əsas məsələ düşüncə ilə insan arasındakı münasibət və həmin düşüncəyə cavab olaraq yaranan ritual dövrəsidir.

    OKP müalicə olunurmu?

    Bəli. OKP müalicə edilə bilən psixi sağlamlıq pozuntusudur.

    Ən çox tövsiyə olunan psixoterapevtik yanaşmalardan biri Koqnitiv Davranış Terapiyasının (CBT) Məruz  Qoyma və Reaksiyanın Qarşısıın Alınması (Exposure and Response Prevention)(ERP) komponentidir.

    ERP-də insan tədricən qorxu və obsessiyanı yaradan vəziyyətlərlə qarşılaşmağı və kompulsiv ritualı yerinə yetirmədən həmin narahatlığın içində qalmağı öyrənir. Məqsəd insanı “heç vaxt narahat olmamağa” öyrətmək deyil; narahatlıq və qeyri-müəyyənlik yarandıqda rituala ehtiyac duymadan onunla davranmağı öyrətməkdir.

    Bəzi hallarda dərman müalicəsi də istifadə olunur və xüsusilə SSRI qrupundan olan dərmanlar OKP müalicəsində geniş istifadə edilir. Müalicənin seçimi simptomların ağırlığından, yanaşı problemlərdən və şəxsin fərdi xüsusiyyətlərindən asılıdır.

    İstinadlar

Bizə müraciət edinOKP Sadəcə Əlləri Tez-Tez Yumaq Deyil. OKP Nədir? Simptomlar, Obsessiyalar və Kompulsiv Davranışlar | Mayak Kliniki Psixologiya Mərkəzi