Obsesiv-Kompulsiv Pozuntu nədir?
Obsesiv-Kompulsiv Pozuntu (OKP), zehnə kontrolsuz və istənmədən gələn, narahatlıq yaradan düşüncələr (obsessiyalar) və bu narahatlığı azaltmaq üçün edilən təkrarlanan davranışlar və ya zehni aktlar (kompulsiyalar) ilə xarakterizə olunan bir psixi sağlmalıq vəziyyətidir.
Bu pozuntunun əsas xüsusiyyəti düşüncə ilə davranış arasında qurulan spesifik bir dövrədir: əvvəlcə, obsessiv düşüncələr zehnə axın edir, daha sonra yaranan bu düşüncələr fərddə ciddi narahatlıq yaradır, fərd bu narahatlıqğı aradan qaldırmaq üçün hansısa kompulsiv davranışlar edir, nəticədə isə bu narahatlıq qısa müddətli olaraq azaldır. Lakin bu azalma uzun müddətdə problemi gücləndirir. Bu səbəbdən OKP -nin müalicəsi ümumi stres azaltma yanaşmalarından fərqli olaraq daha hədəfli və strukturlaşdırılmış müdaxilə tələb edir.
Niyə kompulsiv davranışları etməmək bu qədər çətindir?
Kompulsiv davranışlar qısa müddət içərisində fərdin yaşadığı narahatlığı azaltdığı üçün beyin bunu “işə yararlı strategiya” kimi qeydə alır. Nəticədə fərd bu davranışı təkrarlamağa meyilli olur.
OKP-nin müalicəsində psixoterapiyanın rolu
Obsesiv-Kompulsiv Pozuntunun (OKP) müalicəsində ən geniş tətbiq olunan və elmi əsaslara söykənən yanaşmalardan biri Koqnitiv Davranış Terapiyasıdır (CBT).
Bu yanaşma düşüncə, emosiyalar və davranışlar arasındakı qarşılıqlı əlaqəni əsas götürərək simptomların formalaşma və davam etmə mexanizmlərini izah edir.
CBT çərçivəsində OKP yalnız müşahidə olunan simptomlar səviyyəsində deyil, eyni zamanda bu simptomları gücləndirən və davam etdirən koqnitiv proseslər baxımından da dəyərləndirilir.
Məsələn:
“düşüncə = reallıqdır” kimi koqnitiv təhriflər
“əgər müdaxilə etməsəm, kimsə zərər görəcək” kimi inanclar
obsesiv düşüncələrin təsir gücünü artıraraq kompulsiv davranışları təşviq edə bilər.
Bu yanaşmanın əsas məqsədi obsesiv düşüncələri tamamilə aradan qaldırmaq deyil. Əksinə, fərdin bu düşüncələrə verdiyi mənanı və onlara qarşı inkişaf etdirdiyi davranış reaksiyalarını təhlil etmək və daha sağlam formada yenidən strukturlaşdırmaqdır.
Nəticədə düşüncə ilə davranış arasındakı avtomatik və məcburi əlaqə zəifləyir və daha adaptiv cavablar formalaşır.
ERP: mexanizmin mərkəzinə müdaxilə
CBT-nin OKP müalicəsində ən effektiv komponentlərindən biri Exposure and Response Prevention (ERP), yəni Məruz qoyma və Reaksiyanın qarşısının alınması yanaşmasıdır.
Bu metod birbaşa olaraq OKP-nin ən əsas mexanizminə, yəni obsesiyalar və kompulsiv davranışlar arasındakı əlaqəyə müdaxilə edir.
ERP çərçivəsində fərd mütəxəssisin köməyi ilə:
narahatlıq yaradan düşüncə, obraz və ya situasiyalarla üzləşdirilir (məruz qoyma)
kompulsiv davranışları yerinə yetirməsinin qarşısı alınır (reaksiyanın qarşısının alınması)
Bu mexanizmi tətbiq etməyə başlayarkən ilkin mərhələdə fərdin narahatlığı artsa da, zamanla sinir sistemi yeni uyğunlaşma mexanizmləri inkişaf etdirir.
Bu dəyişikliklər əsasən iki mühüm öyrənmə prosesi ilə izah olunur. Birincisi, habituasiya (vərdiş yaratma) prosesidir – yəni sinir sistemi təkrarlanan stimullara (məsələn, narahatlıq yaradan düşüncələr) qarşı zamanla daha az həssas və reaktiv olmağa başlayır. İkincisi isə inhibitor öyrənmədir, yəni fərd təcrübə yolu ilə öyrənir ki, gözlənilən mənfi nəticələr baş vermədən də narahatlığını aradan qaldıra bilər.
Neyrobioloji əsaslar: ERP necə fayda verir?
OKP ilə bağlı tədqiqatlar göstərir ki, bu pozuntu beyində təhlükə siqnallarını qavrayan və bizi bundan qorumağa çalışan beyin bölgəsi – “kortiko-striato-talamo-kortikal dövrə” (CSTC) ilə əlaqəlidir. Bu neyron şəbəkəsi davranışların təkrarlanması və “təhlükə siqnallarının” qavranılması ilə əlaqəlidir.
OKP zamanı bu dövrə obsessiv düşüncələrin “təhlükə” kimi qavraması, bu təhlükəyə qarşı narahatlığın yaranması və təhlükəni aradan qaldırmaq üçün kompulsiv davranışların edilməsinə təşviq edilməsi prossesində iştirak edir.
ERP zamanı isə insan kompulsiv davranışı yerinə yetirmədikdə, bu şəbəkəyə yeni informasiya daxil olur. Beyin tədricən “təhlükə yoxdur” siqnalını öyrənməyə başlayır. Bu isə amiqdala və prefrontal korteks kimi beyin bölgələri arasında əlaqələrin yenidən tənzimlənməsinə səbəb olur ki, bu da fərdin narahatlığının azalması və davranışları üzərinndə nəzarətinin artması kimi töhfə verir.
Başqa sözlə, ERP yalnız davranış səviyyəsində deyil, eyni zamanda beynin neyron şəbəkələr səviyyəsində də dəyişiklik yaradır.
ERP necə tətbiq edilir?
ERP müdaxiləsi psixoterapevt tərəfindən adətən strukturlaşdırılmış və mərhələli şəkildə həyata keçirilir. Terapiya prosesinin ilkin mərhələsində psixoterapevt ilə birgə fərdin narahatlıq yaradan düşüncə, situasiya və ya stimulları sistemli şəkildə müəyyənləşdirilir və onların yaratdığı narahatlıq səviyyəsinə əsasən iyerarxik bir siyahı (daha az narahatlıq yaradan vəziyyətlərdən, ən çox narahatlıq yaradan vəziyyətə doğru) tərtib olunur.
Sonrakı mərhələdə fərd bu iyerarxiyaya uyğun olaraq, daha az narahatlıq yaradan situasiyalardan başlayaraq tədricən bu düşüncələrə məruz qalmağı öyrənir. Bu proses zamanı əsas prinsip, məruz qalma ilə paralel olaraq kompulsiv davranışların yerinə yetirilməsinin qarşısının alınmasıdır.
Müdaxilə planlı, nəzarətli və terapevtik çərçivədə aparılır. Məqsəd fərdi qəfil və yüksək intensivlikli narahatlıqla üz-üzə qoymaq deyil, mərhələli şəkildə adaptasiya və yeni öyrənmə prosesini formalaşdırmaqdır.Həmçinin burada fərd narahatlığı ilə kompulsiv davranış tətbiq etmədən yeni sağlam davranış strategiyaları ilə mübarizə aparmağı öyrənirş
Bu cür strukturlaşdırılmış yanaşma həm terapiyanın effektivliyini artırır, həm də prosesin təhlükəsiz və davamlı şəkildə irəliləməsini təmin edir.
CBT və ERP birlikdə necə işləyir?
CBT və ERP bir-birini tamamlayan iki yanaşmadır. CBT daha çox düşüncə səviyyəsində işləyərək obsesiyalara verilən mənaları dəyişdirir, ERP isə davranış səviyyəsində işəyərək avtomatikləşmiş kompulsiv davranışlar dövrəsini qırır.
Bu iki yanaşma birlikdə tətbiq olunduqda, həm koqnitiv, həm də davranış mexanizmlərinə eyni anda müdaxilə edilir. Bu isə müalicənin effektivliyini artırır və relaps riskini azalda bilər.
Effektivlik: elm nə deyir?
Klinik tədqiqatlar göstərir ki, CBT xüsusilə ERP komponenti ilə birlikdə OKP müalicəsində “qızıl sandart” müdaxilə hesab olunur. Randomizə olunmuş kontrol tədqiqatları göstərir ki, bu kombinə yanaşma obsesiya və kompulsiyaların şiddətini əhəmiyyətli dərəcədə azaldır və bu effekt uzunmüddətli izləmələrdə də qorunur.
Simptomların şiddətindən asılı olaraq bir çox psixoterapiya və farmakoterapiya birlikdə istifadə edildikdə daha güclü nəticələr əldə oluna bilər. Lakin psixoterapiya, xüsusilə ERP, OKP-nin əsas mexanizminə birbaşa təsir etdiyi üçün müalicədə mərkəzi rol oynayır. Lakin, buna baxmayaraq, tədqiqatlar sübut edir ki, dərman müalicəsi biokimyəvi zəmini stabilləşdirsə də, ERP psixoloji dözümlülüyü artırır və residiv riskini dərman müalicəsi ilə müqayisədə daha böyük faizlə aşağı salır.
Nəticə
OKP-nin müalicəsi yalnız simptomların azaldılmasına yönəlmiş bir proses deyil; bu müdaxilə eyni zamanda beynin öyrənmə və uyğunlaşma mexanizmlərinin yenidən təşkilini əhatə edir.
Koqnitiv Davranış Terapiyası və xüsusilə ERP yanaşmaları bu dəyişimi həm psixoloji, həm də neyrobioloji səviyyədə dəstəkləyir. Bu müdaxilələr vasitəsilə fərd yalnız obsesiv düşüncələrin intensivliyini azaltmır, eyni zamanda bu düşüncələrə verdiyi mənanı və onlara qarşı verdiyi reaksiyalarını yenidən formalaşdırmağı öyrənir.
Nəticə etibarilə, bu proses daha davamlı və uzunmüddətli dəyişimin formalaşmasına zəmin yaradır.
İstinadlar :
American Psychiatric Association. (2013). Diagnostic and statistical manual of mental disorders (5th ed.). American Psychiatric Publishing.
Abramowitz, J. S. (2006). The psychological treatment of obsessive-compulsive disorder. Canadian Journal of Psychiatry, 51(7), 407–416.
Foa, E. B., Hembree, E., & Rothbaum, B. O. (2007). Exposure therapy for anxiety: Principles and practice. Oxford University Press.
Gillan, C. M., & Robbins, T. W. (2014). Goal-directed learning and obsessive-compulsive disorder. Philosophical Transactions of the Royal Society B, 369(1655), 20130475.
McKay, D., Abramowitz, J. S., Calamari, J. E., et al. (2015). A critical evaluation of obsessive–compulsive disorder subtypes. Clinical Psychology Review, 36, 47–56.
