Niyə beynimiz ən pis ssenarilərə inanmağa daha meyllidir?
Bir çox insan bu hissi tanıyır: gec cavab verilən bir mesaj, gözlənilməz bir telefon zəngi və ya necə yekunlaşacağını bilmədiyiniz qeyri-müəyyən bir hadisə zamanı ağlımıza dərhal pis ehtimallar gəlir. Hadisə haqqında hər hansı məlumatımız olmadığı zaman belə, ağlımız çox vaxt ən pis ehtimalların baş verdiyini düşünməyə yönəlir. Bəzən isə bu ssenarilər o qədər inandırıcı görünür ki, onlara ehtimal kimi deyil, reallıq kimi yanaşmağa başlayırıq.
Bu vəziyyət çox vaxt pessimizm və ya xarakter xüsusiyyəti kimi qiymətləndirilsə də, əslində onun arxasında müəyyən neyrobioloji və psixoloji mexanizmlər dayanır. Beynimizin ən pis ssenarilərə meyilli olması təsadüfi deyil.
Beyin təhlükəni dərhal aşkarlamaq üçün tənzimlənib
Təkamül baxımından insan beyni üçün təhlükəni vaxtında aşkar etmək həyatda qalmaq üçün vacib idi. Məsələn, kənardan gələn bir səsin yırtıcı heyvandan gəldiyini, yoxsa sadəcə küləyin səsi olduğunu ayırd etmək həyatda qalmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki təhlükəli vəziyyətləri səhvən təhlükəsiz hesab etmək ölümcül nəticələr yarada bilərdi, lakin təhlükəsiz bir vəziyyəti səhvən təhlükəli hesab etməyin adətən çox böyük mənfi təsiri olmurdu. Bu səbəbdən əsrlər ərzində beynin təhlükə aşkarlama sistemləri mükafat sistemlərinə nisbətən daha həssas inkişaf edib.
Qeyri-müəyyənlik beyin üçün qorxuludur
Zehnimiz proqnozlaşdırıla bilən vəziyyətlər içərisində daha rahat hiss edir. Beynimiz hətta gündəlik həyatımızdakı ən xırda hadisələrlə bağlı davamlı olaraq “bundan sonra nə baş verəcək?” sualına cavab axtarır və gələcəyi təxmin etməyə çalışır.
Qeyri-müəyyənlik yarandıqda isə bu sistem çətinlik yaşamağa başlayır. Çünki beyin üçün bilinməyən vəziyyətlər müəyyən mənada potensial təhlükə deməkdir. Məhz buna görə də kifayət qədər məlumat olmadıqda ağlımız boşluqları fərziyyələrlə doldurmağa çalışır. Maraqlıdır ki, bu fərziyyələr çox vaxt neytral və ya müsbət deyil, mənfi olur. Çünki beynin əsas prioriteti rahatlıq yaratmaq deyil, təhlükəsizliyi təmin etməkdir.
Bir çox hallarda ən pis ssenarini düşünmək beynin nəzarət yaratmağa çalışmasının bir formasıdır. Əgər insan “ən pis nə ola bilər?” sualına cavab tapırsa, buna qarşı müəyyən hazırlıq da görə bilər. Beləliklə, zehnimizdə belə bir təəssürat yaranır ki, təhlükəni əvvəlcədən düşünmək gələcəkdə onunla daha yaxşı mübarizə aparmağa kömək edəcək.
Lakin praktikada bu strategiya çox vaxt əks nəticə verir. Çünki insan problemi həll etmək əvəzinə, zehnini yalnız baş vermə ehtimalı aşağı olan bu ssenarilərə fokuslamağa başlayır. Bu isə fərdin təşviş, narahatlıq, gərginlik və stress yaşamasına, nəticədə problem həllinə deyil, özündə baş verən bu vəziyyətlərə və onların mənfi nəticələrinə fokuslanmasına səbəb olur.
Paradoksal olaraq, təşviş hissinin özü də zehnimizdə “təhlükə var” inancını gücləndirir. Bu səbəbdən beyin öz yaratdığı mənfi ssenarilərin həqiqət olduğuna daha çox inanmağa başlayır.
Bəs bu meyli dəyişmək mümkündürmü?
Ən pis ssenariləri düşünmək beynin təbii xüsusiyyətlərindən biri olsa da, bu həmin düşüncələrin avtomatik olaraq həqiqət olduğu mənasına gəlmir. Beynimiz bizi təhlükələrdən qorumaq üçün inkişaf edib və buna görə də qeyri-müəyyən vəziyyətlərdə tez-tez mənfi ehtimallara fokuslanır. Lakin problem təhlükəni gördüyümüz zaman deyil, həmin ehtimalı dərhal reallıq kimi qəbul etdiyimiz zaman yaranır.
Məsələn, yaxın bir dostunuz mesajınıza bir neçə saat cavab vermədikdə beyniniz dərhal “mənə əsəbləşib”, “başına pis bir şey gəlib” kimi nəticələr çıxara bilər. Halbuki eyni vəziyyətin onlarla başqa izahı da ola bilər: məşğul olması, telefonunun sönməsi və ya sadəcə cavab verməyi unutması. Bu məqamda əsas məsələ beynimizin yaratdığı ehtimallarla real faktları ayırd edə bilməkdir.
Araşdırmalar göstərir ki, insan düşüncələri ilə faktları ayırmağı öyrəndikdə, qeyri-müəyyənliyə dözümlülüyü artırdıqda və diqqətini yalnız təhlükəyə deyil, bütün real ehtimallara yönəltməyi bacardıqda bu meyl zəifləyə bilər. Məsələn, iş yerində rəhbəriniz “səninlə danışmaq istəyirəm” dedikdə beyniniz dərhal “səhv etmişəm”, “işdən çıxarılacağam” kimi ssenarilər qura bilər. Halbuki həmin görüş təşəkkür etmək, yeni bir layihə təklif etmək və ya adi bir məlumat vermək üçün də ola bilər. Beyin yalnız bir ehtimala fokuslandıqda narahatlıq artır, bütün ehtimalları nəzərə aldıqda isə vəziyyətə daha balanslı baxmaq mümkün olur.
Bu səbəbdən, ağlınızdan mənfi düşüncələr keçdikdə, özünüzdən soruşa bilərsiniz: “Bu bir faktdır, yoxsa beynimin yaratdığı ehtimallardan biridir?” Fərqli və daha real alternativləri özümüzə xatırlatmaq belə beynin avtomatik verdiyi siqnallarla reallığı ayırmasına və yaranmış təşviş səviyyəsinin azalmasına kömək edir.
Məqsədimiz beynin təhlükə sistemini tamamilə söndürmək deyil. Bu nə mümkün, nə də faydalıdır. Məqsəd onun verdiyi hər siqnalı reallıq kimi qəbul etməməkdir. Beyin “təhlükə ola bilər” deyə xəbərdarlıq edə bilər, amma bu, təhlükənin həqiqətən mövcud olduğu anlamına gəlmir. Psixoloji sağlamlığın vacib hissələrindən biri də məhz bu fərqi görə bilməkdir: ağlımızdan keçən hər fikir həqiqət deyil və hər qorxduğumuz ssenari baş vermir.
Mənbələr
Baumeister, R. F., Bratslavsky, E., Finkenauer, C., & Vohs, K. D. (2001). Bad is stronger than good. Review of General Psychology, 5(4), 323–370.
Grupe, D. W., & Nitschke, J. B. (2013). Uncertainty and anticipation in anxiety: An integrated neurobiological and psychological perspective. Nature Reviews Neuroscience, 14(7), 488–501.
LeDoux, J. E. (2000). Emotion circuits in the brain. Annual Review of Neuroscience, 23, 155–184.
Beck, A. T., Haigh, E. A. P. (2014). Advances in cognitive theory and therapy: The generic cognitive model. Annual Review of Clinical Psychology, 10, 1–24.
Clark, D. A., & Beck, A. T. (2011). Cognitive therapy of anxiety disorders: Science and practice. Guilford Press.
