Maddə istifadəsini dayandırmaq asılılığı sağaldırmı?

Maddə istifadəsini dayandırmaq psixoaktiv maddə asılılığından sağalmaq üçün vacib addımdır. Lakin insanın müəyyən müddət maddə istifadə etməməsi onun asılılıqla əlaqəli bütün psixoloji, sosial və neyrobioloji çətinliklərinin aradan qalxdığını göstərmir.

06-11-2026Klinik Psixoloq Aynur Həsənzadə
asılılıqmaddə asılılığıpsixoaktiv maddə
Maddə istifadəsini dayandırmaq asılılığı sağaldırmı?

Maddə istifadəsini dayandırmaq asılılığı sağaldırmı?

 Asılılıqlardan sağalma nə deməkdir?

Maddə istifadəsini dayandırmaq psixoaktiv maddə asılılığından sağalmaq üçün vacib addımdır. Lakin insanın müəyyən müddət maddə istifadə etməməsi onun asılılıqla əlaqəli bütün psixoloji, sosial və neyrobioloji çətinliklərinin aradan qalxdığını göstərmir. Bəs maddə asılılığı zamanı beyində nə baş verir, maddədən uzaq qalmaq sağalma üçün niyə həmişə kifayət etmir və residiv riskini azaltmaq üçün nələr etmək lazımdır? Bu sualları anlamaq asılılığı yalnız iradə və davranış məsələsi kimi deyil, müalicə və uzunmüddətli dəstək tələb edə bilən mürəkkəb bir sağlamlıq problemi kimi qiymətləndirməyə kömək edir.

Maddə istifadəsini dayandırdıqda beyində nə baş verir?

Asılılıq yaradan maddələr beynin mükafat, motivasiya, öyrənmə, yaddaş və özünənəzarət sistemlərinə təsir göstərir. Müxtəlif maddələrin təsir mexanizmləri fərqlənsə də, onların bir çoxu beynin mükafat sistemindəki prosesləri dəyişdirərək maddə istifadəsinin təkrarlanmasını gücləndirə bilər. Məsələn, dopamin yalnız həzzlə əlaqəli neyromediator deyil. O, həmçinin motivasiya, mükafatın gözlənilməsi və müəyyən davranışların təkrarlanmasının öyrənilməsində iştirak edir. Maddə istifadəsi təkrarlandıqca beyin həmin maddəni onunla əlaqəli mühit, insanlar və emosional vəziyyətlərlə əlaqələndirə bilər.

Zaman keçdikcə maddə axtarmaq və istifadə etmək davranışı daha avtomatik xarakter ala bilər. İnsan mənfi nəticələri dərk etsə belə, istifadə istəyini idarə etməkdə çətinlik çəkə bilər.

Maddə istifadəsi dayandırıldıqda isə bərpa prosesi başlayır. Beyin plastiklik xüsusiyyəti sayəsində öz fəaliyyətini və müəyyən neyron əlaqələrini zamanla dəyişə bilir. Lakin bu proses dərhal baş vermir və bütün funksiyalar eyni sürətlə bərpa olunmur. Bəzi neyrobioloji dəyişikliklər uzun müddət davam edə bilər. 

Burada mühüm bir fərq var: maddənin orqanizmdən xaric olması ilə asılılıqla əlaqəli öyrənilmiş davranış və motivasiya mexanizmlərinin zəifləməsi eyni proses deyil.

İnsan maddə istifadə etmirsə, niyə yenidən istifadə etmək istəyir?

Təsəvvür edək ki, bir insan üç ay ərzində heç bir maddə istifadə etməyib. Fiziki vəziyyəti yaxşılaşıb, gündəlik həyatına qayıdıb və artıq özünü əvvəlkindən daha yaxşı hiss edir. Lakin müəyyən müddətdən sonra güclü stress keçirir və ya əvvəllər maddə istifadə etdiyi dostları ilə qarşılaşır. Bu zaman yenidən istifadə etmək istəyi yarana bilər.

Bunun səbəblərindən biri beynin əvvəlki təcrübələr əsasında öyrəndiyi əlaqələrdir. Maddə istifadəsi zamanı müəyyən vəziyyətlər təkrar-təkrar maddə qəbulu ilə müşayiət olunubsa, həmin vəziyyətlər sonradan istifadə istəyini aktivləşdirən siqnallara çevrilə bilər.

Bu prosesdə bir neçə amil rol oynaya bilər:

  • Emosional tətikleyicilər: stress, tənhalıq, qəzəb, utanc, narahatlıq və emosional gərginlik.

  • Mühitlə əlaqəli tətikleyicilər: əvvəllər maddə istifadə edilən məkanlar, insanlar və sosial mühit.

  • Öyrənilmiş assosiasiyalar: müəyyən vəziyyətin maddə ilə rahatlama və ya həzz əldə etməklə əlaqələndirilməsi (məsələn, qəzəblənəndə alkoqol içərək rahatlaşmaq).

  • İmpuls nəzarətində çətinliklər: güclü istifadə istəyini təxirə salmaq və uzunmüddətli nəticələri nəzərə almaqla bağlı çətinliklər.

  • Yanaşı psixoloji problemlər: depressiya, təşviş, travma ilə əlaqəli simptomlar və ya yuxu problemləri.

Bunlar hər bir insanda eyni şəkildə və ya eyni dərəcədə müşahidə olunmur. Lakin göstərir ki, maddə istifadəsini dayandırmaqla istifadə istəyini yaradan bütün şərtlər avtomatik olaraq aradan qalxmır. 

Maddə istifadə etməmək və asılılıqdan sağalmaq arasındakı fərq nədir?

Asılılıq xroniki xarakter daşıya bilən bir pozuntu olduğundan, onun müalicəsindən bəhs edərkən “sağalma”, “remissiya” və “ayıqlıq” anlayışlarını bir-birindən fərqləndirmək vacibdir. Remissiya asılılıq əlamətlərinin müəyyən müddət ərzində azalması və ya aradan qalxması, ayıqlıq isə bu kontekstdə maddə istifadəsindən uzaq qalma vəziyyəti kimi başa düşülə bilər. Maddə istifadəsini dayandırmaq remissiyaya doğru mühüm addım olsa da, özlüyündə insanın bütün bərpa ehtiyaclarının qarşılandığı demək deyil. Daha geniş mənada sağalma insanın fiziki və psixoloji sağlamlığının yaxşılaşmasını, emosiyalarını tənzimləmək və çətinliklərlə mübarizə aparmaq bacarıqlarının inkişafını, sosial münasibətlərinin və gündəlik həyat funksionallığının bərpasını da əhatə edir.

Məsələn, insan maddə istifadə etməməyi bacara bilər, lakin hələ də stress zamanı güclü istifadə istəyi yaşaya, emosiyalarını tənzimləməkdə çətinlik çəkə və ya maddə istifadə etdiyi sosial mühitə qayıtdıqda yüksək risk altında ola bilər.

Digər tərəfdən, remissiya prosesində olan insan istifadə istəyini hiss edə bilər, amma bu istəyi tanımağı, onunla davranmağı və maddə istifadə etmədən çətinliyin öhdəsindən gəlməyi öyrənə bilər. Buna görə sağalmanı yalnız təqvimdəki günlərlə — məsələn, 30 gün, 90 gün və ya bir il maddə istifadə etməməklə qiymətləndirmək kifayət deyil.

Uzunmüddətli qiymətləndirmədə aşağıdakı sahələr də əhəmiyyət daşıyır:

  • İstifadə istəyinin yaranma tezliyi və intensivliyi;

  • İstifadə istəyinə cavab vermədən onunla başa çıxmaq bacarığı;

  • Stress və mənfi emosiyaların idarə olunması;

  • Ailə, iş və sosial münasibətlərdə funksionallıq;

  • Sağlam gündəlik vərdişlərin və sosial dəstəyin formalaşması;

  • Müalicədə iştirak və residiv riskinə hazırlıq.

Bu göstəricilər də fərdi şəkildə qiymətləndirilməlidir. İnsan güclü istifadə istəyi yaşasa belə, bu, avtomatik olaraq onun sağalmadığı demək deyil. Eyni zamanda, uzun müddət istifadə etməmək də bütün risklərin aradan qalxdığını sübut etmir.

Asılılıqdan sağalma nə qədər müddətdə mümkündür?

Bu suala hər kəs üçün keçərli olan konkret bir müddətlə cavab vermək mümkün deyil.

Sağalma müddəti bir sıra amillərdən asılıdır:

  • İstifadə edilən maddənin növü;

  • İstifadənin davametmə müddəti və intensivliyi;

  • Asılılığın ağırlıq dərəcəsi;

  • Fiziki və psixoloji sağlamlıq vəziyyəti;

  • Ailə və sosial dəstək;

  • Müalicənin davamlılığı və fərdi ehtiyaclara uyğunluğu.

Bəzi fiziki və psixoloji əlamətlər ilk günlər və həftələr ərzində azala bilər. Digər çətinliklər, o cümlədən istifadə istəyi, yuxu problemləri, əhval dəyişiklikləri və gündəlik həyata uyğunlaşma ilə bağlı çətinliklər daha uzun müddət davam edə bilər.

Residiv nədir və niyə baş verir?

Residiv insanın müəyyən müddət maddə istifadə etmədikdən sonra yenidən istifadəyə qayıtmasıdır. Bu, asılılığın müalicəsi və sağalma prosesi zamanı baş verə bilən hallardan biridir.

Residivi yalnız iradəsizlik və ya motivasiyanın olmaması ilə izah etmək düzgün deyil. Bəzən insanın riskli vəziyyətləri düzgün qiymətləndirə bilməməsi, emosional çətinliklərlə mübarizə strategiyalarının kifayət etməməsi, müalicənin yarımçıq qalması və ya sosial mühitdəki dəyişikliklər residiv ehtimalını artıra bilər. Məsələn, insan uzun müddət maddə istifadə etmədikdən sonra özünü tam təhlükəsiz hiss edərək əvvəlki istifadə mühitinə qayıda bilər. Eyni zamanda, ağır stress və ya tənhalıq zamanı əvvəllər öyrəndiyi davranış nümunələri yenidən aktivləşə bilər.

Burada vacib məqam odur ki, residiv əvvəlki bütün irəliləyişin silinməsi demək deyil. Lakin bu, diqqətlə qiymətləndirilməli və müalicə planının yenidən nəzərdən keçirilməsini tələb edə bilən ciddi bir siqnaldır. Bəzi maddələr, xüsusilə opioidlər üzrə, fasilədən sonra əvvəlki miqdarda istifadəyə qayıtmaq tolerantlığın azalması səbəbindən ölümcül doza aşımı riski yarada bilər. Buna görə residivə laqeyd yanaşmaq olmaz

Asılılığın müalicəsində yalnız maddədən uzaq qalmaq kifayətdirmi?

Əksər hallarda müalicənin məqsədi yalnız maddə istifadəsini dayandırmaq deyil, həm də həmin davranışı davam etdirən amilləri müəyyənləşdirmək, sağlam alternativlər formalaşdırmaq və uzunmüddətli bərpanı dəstəkləməkdir.

Bu proses fərdin ehtiyaclarına uyğun olaraq bir neçə istiqaməti əhatə edə bilər.

1. Psixoloji müdaxilələr

Koqnitiv-davranış terapiyası (CBT) insana maddə istifadəsi ilə əlaqəli düşüncələri, emosiyaları və davranış nümunələrini tanımağa kömək edə bilər. Məsələn, “Bu hissə dözə bilməyəcəyəm” və ya “Maddə istifadə etməsəm, sakitləşə bilmərəm” kimi düşüncələr üzərində işləmək, riskli vəziyyətləri əvvəlcədən müəyyənləşdirmək və alternativ davranışlar formalaşdırmaq mümkündür.

Motivasion müsahibə də insanın dəyişikliklə bağlı tərəddüdlərini araşdırmaq və müalicəyə cəlb olunmasını dəstəkləmək üçün istifadə edilə bilər.

2. İstifadə istəyinin idarə olunması

İstifadə istəyinin yaranmasını erkən tanımaq, riskli vəziyyətləri müəyyənləşdirmək, həmin vəziyyətlərdə tətbiq ediləcək konkret addımları əvvəlcədən planlaşdırmaq və dəstək üçün kimə müraciət ediləcəyini bilmək residivin qarşısının alınmasına kömək edə bilər.

Məqsəd insanın heç vaxt istifadə istəyi yaşamamasına zəmanət vermək deyil. Məqsəd bu istək yarandıqda onun avtomatik olaraq maddə istifadəsinə çevrilməsinin qarşısını almaq üçün bacarıqlar formalaşdırmaqdır.

3. Tibbi müalicə

Maddənin növündən və şəxsin klinik vəziyyətindən asılı olaraq, farmakoloji müalicə də vacib ola bilər. Məsələn, opioid istifadəsi pozuntusunda metadon və buprenorfin kimi dərmanlar, bəzi hallarda isə naltrekson istifadə edilə bilər. Alkoqol istifadəsi pozuntusunda da uyğun xəstələr üçün dərman müalicəsi nəzərdən keçirilir.

Dərman seçimi, istifadəyə əks-göstərişlər və müalicə müddəti həkim tərəfindən müəyyənləşdirilməlidir. Bütün maddə asılılıqları üçün eyni dərman müalicəsi mövcud deyil.

4. Sosial dəstək və gündəlik həyatın bərpası

Ailə münasibətləri, təhlükəsiz sosial mühit, iş və təhsil imkanları, gündəlik fəaliyyətlər və dəstək qrupları sağalma prosesində mühüm rol oynaya bilər.

İnsanın yalnız maddədən uzaq qalması deyil, həm də maddəsiz həyatında mənalı və davamlı fəaliyyətlər qurması uzunmüddətli bərpanı dəstəkləyir.

Müalicə planı hər bir insanın ehtiyaclarına uyğun qurulmalı, zərurət olduqda psixoloji, tibbi və sosial müdaxilələr birləşdirilməlidir. 

Yekun: Asılılıqdan sağalmaq nə deməkdir?

Maddə istifadəsini dayandırmaq mühüm nailiyyətdir və sağalmanın başlanğıcı ola bilər. Lakin uzunmüddətli bərpa insanın yalnız maddədən uzaq qalmasını deyil, həm də istifadə istəyini idarə etməyi, riskli vəziyyətləri tanımağı, emosional çətinliklərlə mübarizə aparmağı və gündəlik həyatını yenidən qurmağı əhatə edir.

Asılılıq müalicə edilə bilən bir sağlamlıq problemidir. Sağalma mümkündür, lakin bu proses hər kəsdə eyni şəkildə getmir və bəzən uzunmüddətli dəstək tələb edir.

Burada əsas məqsəd yalnız maddə istifadə etməmək deyil, maddəsiz həyatı davam etdirmək üçün lazım olan bacarıqları, münasibətləri və həyat şəraitini formalaşdırmaqdır. Asılılıqla mübarizə aparan insanın ehtiyacı mühakimə olunmaq deyil, elmi əsaslara söykənən müalicəyə, təhlükəsiz mühitə və davamlı dəstəyə çıxış əldə etməkdir.


Mənbələr:

1. National Institute on Drug Abuse. (2020). Drugs, brains, and behavior: The science of addiction. National Institutes of Health. 

2. World Health Organization. (n.d.). Alcohol, drugs and addictive behaviours: Terminology. 

3. McLellan, A. T., Lewis, D. C., O’Brien, C. P., & Kleber, H. D. (2000). Drug dependence, a chronic medical illness: Implications for treatment, insurance, and outcomes evaluation. JAMA, 284(13), 1689–1695. 

4. National Institute for Health and Care Excellence. (2025). Drug misuse in over 16s: Psychosocial interventions (Clinical guideline CG51). 

5. World Health Organization. (2024). Clinical guidelines for withdrawal management and treatment of drug dependence in closed settings. 


Bizə müraciət edinMaddə istifadəsini dayandırmaq asılılığı sağaldırmı? | Mayak Kliniki Psixologiya Mərkəzi