Maddə asılılığında psixoterapiya həqiqətən effektivdirmi?

Maddə asılılığı ilə bağlı ictimaiyyətdə bu cür fikirlər səslənir: “insan əgərhəqiqətən istəsə, istifadəni özü dayandırar”, “sadəcə iradəli olmaq lazımdır” və ya “psixoloji dəstək maddə asılılığında heç bir rol oynamır”. Bu yanaşmalar maddənin beyində yaratdığı təsirlərdən xəbərdar olmayan fərdlər üçün ilk baxışda məntiqli görünsə də, bu cür ifadələr asılılığın neyrobioloji və psixoloji mexanizmlərini nəzərə almır.

09-05-2026Aynur Həsənzadə
asılılıqmaddə
Maddə asılılığında psixoterapiya həqiqətən effektivdirmi?

Maddə asılılığı ilə bağlı ictimaiyyətdə bu cür fikirlər səslənir: “insan əgərhəqiqətən istəsə, istifadəni özü dayandırar”, “sadəcə iradəli olmaq lazımdır” və ya “psixoloji dəstək maddə asılılığında heç bir rol oynamır”. Bu yanaşmalar maddənin beyində yaratdığı təsirlərdən xəbərdar olmayan fərdlər üçün ilk baxışda məntiqli görünsə də, bu cür ifadələr asılılığın neyrobioloji və psixoloji mexanizmlərini nəzərə almır.

Maddə istifadəsini dayandırmaq nə üçün çətindir?

Maddə asılılığı yalnız “pis vərdiş” və ya iradə zəifliyi kimi izah edilə bilməz. Maddə asılılığı klinik olaraq yalnız davranış problemi kimi deyil, beynin motivasiya, öyrənmə və özünü tənzimləmə sistemlərində baş verən dəyişikliklərlə xarakterizə olunan kompleks bir vəziyyət kimi qəbul edilir. 

Asılılıq zamanı beyində xüsusilə dopamin əsaslı mükafat sistemi dəyişir. Fərd maddə istifadə etdikdən dərhal sonra beyində güclü dopamin ifrazı və bunun nəticəsində “mükafat siqnalı” yaradır. Bu siqnal qısa müddətdə fərdə həzz və rahatlama kimi hisslər yaşadır, və yanaşı olaraq, gündəlik həyatda hiss etdiyi mənfi emosiyalardan “uzaqlaşmasına” kömək edir. İstifadə nəticəsində beyində ifraz oluna dopamin səviyyəsi normal həddən çox yüksək olduğu üçün beyin çox qısa bir zamanda bu süni stimullara uyğunlaşır. Nəticədə:

  • təbii mükafatlar (məsələn sosial əlaqələr, gündəlik fəaliyyətlər) maddədən daha az maraqlı hala gəlir, 

  • maddəyə qarşı istək (craving) güclənir, 

  • davranışa nəzarət mexanizmləri zəifləyir.

Bu proses təkrarlandıqca, istifadə davranışı yalnız seçim deyil, həm də, öyrənilmiş bir reaksiyaya çevrilir. Zamanla maddə ilə əlaqəli siqnallar (maddə istifadə edilən mühit, emosional vəziyyət, insanlar) fərddə eyforik yaddaşı işə salaraq maddəyə qarşı avtomatik istək reaksiyası yaradır.

Bu mexanizmə əlavə olaraq, istifadə nəticəsində ön beyin bölgəsi olan prefrontal korteksdə də dəyişikliklər müşahidə olunur və bunun nəticəsində qərar vermə, istəklərə və impulslara nəzarət etmə və davranışların gələcək nəticələrini qiymətləndirmə kimi prosseslərdə problemlər yaranır.

Bu səbəbdən asılılıq yalnız “seçim” deyil, öyrənilmiş və həmçinin neyrobioloji olaraq möhkəmlənmiş bir davranış modelidir. Psixoterapiya da asılılıq davranışına məhz bu nöqtədə müdaxilə edir. Məqsəd davranışı sadəcə dayandırmaq deyil, bu avtomatlaşmış mexanizmlərin şüurlu səviyyədə fərqinə varmaq və bu davranışlara alternativ yollar formalaşdırmaqdır.

Psixoterapiya necə təsir göstərir?

Son illərdə aparılan beyin görüntüləmə tədqiqatları psixoterapiyanın asılılıqda yalnız psixoloji deyil, eyni zamanda neyrobioloji dəyişikliklər yaratdığını sübut edir.

Psixoterapiya maddə istifadəsini birbaşa “yox etmir”. Onun təsiri davranış, düşüncə və emosional sistemlərini tənzimləmək üzərindən baş tutur.

Klinik müşahidələr göstərir ki, maddə istifadəsi çox vaxt aşağıdakı dövr üzərindən işləyir:
triqqer → istək → istifadə → qısa müddətli rahatlama → uzunmüddətli mənfi nəticə

Yəni, fərd ona maddəni xatırladan hansısa stimulla qarşılaşır (bu bəzən hansısa əşya, bəzən isə hansısa düşüncə və emosiya belə ola bilər), daha sonra onda maddəyə qarşı güclü istək meydana gəlir, fərd bu istəkdən sonra avtomatik şəkildə istifadə üçün hərəkətə keçir, maddəni istifadə etdikdən sonra isə qısa müddətdə rahatlayır, lakin uzun müddətdə peşmanlıq, fiziki və psixoloji sağlamlıq problemləri, sosial həyatın zədələnməsi, iş və akademik funksionallıqda uğursuzluqlar kimi mənfi nəticələr yaşamağa başlayır. Daha sonra, fərd yenə də yaşadığı mənfi nəticələrin yaratdığı emosiyalara dözə bilmir və yenidən istifadəyə qayıdır. Beləliklə, istifadə dövrü illərlə təkrarlanır.

  • Psixoterapiya bu dövrün bir neçə nöqtəsinə müdaxilə edir:

  • Fərd triqqerləri daha erkən tanıyır, 

  • İstək zamanı dərhal istifadə etmək davranışını aradan qaldırmağı öyrənir,

  • İstək anında yeni, sağlam davranışlar tətbiq etməyə başlayır,

  • Emosional diskomfortu tənzimləməyi öyrənir,

  • Istifadə nəticəsində zədələnmiş həyati sferalarını yenidən bərpa etməyə başlayır.

Bu dəyişikliklər təkcə davranış səviyyəsində də qalmır. Neyrogörütüləmə tədqiqatları göstərir ki, effektiv psixoterapiya sonrası beyində düşünmə, qərar vermə impuls nəzarəti və emosional tənzimləmə ilə bağlı nahiyyələr öz funksionallığını yenidən bərpa edir.

Hansı psixoterapiya yanaşmaları effektiv hesab olunur?

Maddə asılılığının müalicəsində psixoterapiyanın effektivliyi ilə bağlı ən güclü elmi sübut bazası bir neçə əsas yanaşmanı ön plana çıxarır:

  • Koqnitiv Davranış Terapiyası (CBT)
    Bu yanaşma maddə istifadəsi ilə əlaqəli düşüncə, emosional reaksiyalar və davranış nümunələrini sistemli şəkildə analiz edir və onların daha adaptiv formalarla əvəz olunmasını hədəfləyir. Klinik tədqiqatlar göstərir ki, KDT xüsusilə relaps riskinin azaldılmasında effektivdir. Bu, fərdin yüksək riskli situasiyaları erkən mərhələdə tanımağı, alternativ davranış strategiyaları inkişaf etdirməyi və emosional tənzimləmə bacarıqlarını gücləndirməsi ilə əlaqələndirilir. 

  • Motivasiyaedici Müsahibə (Motivational Interviewing)
    Bu yanaşma dəyişikliklə bağlı qərarsızlıq, istəksizlik və daxili müqavimət yaşayan şəxslərlə işləmək üçün tətbiq olunur. Əsas məqsəd xarici təzyiq yaratmaq deyil, fərdin daxili motivasiya resurslarını aktivləşdirməkdir. Araşdırmalar göstərir ki, bu metod müalicəyə başlama və davam etmə ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Asılılığın müalicəsində ən effektiv yanaşma nədir?

Asılılıq xroniki gedişə və relaps riskinə malik kompleks bir vəziyyətdir. Bu xüsusiyyət, onun qısa müddətli və tək bir metodla həll edilə bilən problem olmadığını göstərir. Müasir klinik yanaşmalar maddə asılılığını çoxkomponentli və uzunmüddətli idarəetmə tələb edən bir proses kimi qiymətləndirir.

Son illərdə aparılan tədqiqatlar göstərir ki, effektiv və davamlı nəticələr əldə etmək üçün aşağıdakı komponentlərin inteqrasiyası vacibdir:

  • Psixoterapiya
    Xüsusilə asılılıqla yanaşı mövcud olan digər psixi sağlamlıq problemlərinin (komorbid vəziyyətlərin) paralel şəkildə müalicəsini əhatə edən yanaşmalar daha yüksək effektivlik göstərir 

  • Farmakoloji müdaxilə
    Zəruri hallarda tətbiq olunur və bioloji mexanizmlərə təsir edərək simptomların idarə olunmasına dəstək verir 

  • Sosial dəstək sistemləri
    Məsələn, Alcoholics Anonymous (AA) və Narcotics Anonymous (NA) kimi dəstək qrupları, sponsorluq sistemi və digər icma əsaslı resurslar 

Bu komponentlərin inteqrativ şəkildə tətbiq olunduğu proqramlarda uzunmüddətli ayıqlığın qorunma göstəricilərinin əhəmiyyətli dərəcədə daha yüksək olduğu müəyyən edilmişdir.

Digər tərəfdən, uyğun olmayan terapiya seçimi, terapevt–pasiyent uyğunluğunun zəif olması və sosial mühit faktorları (məsələn, yüksək stress və ya dəstək çatışmazlığı) müalicə nəticələrinə ciddi təsir göstərə bilər.

Nəticə

Maddə asılılığı iradə zəifliyi ilə izah edilə bilən sadə bir davranış deyil, beynin öyrənmə, motivasiya və özünü tənzimləmə sistemlərində baş verən dəyişikliklərlə formalaşan kompleks bir vəziyyətdir. Bu səbəbdən, onun effektiv müalicəsi də tək bir yanaşma ilə deyil, psixoterapiya, farmakoloji dəstək və sosial resursların inteqrasiyası ilə mümkün olur. Psixoterapiya isə bu prosesdə əsas rol oynayaraq fərdin avtomatlaşmış davranış dövrlərini anlamağı, idarə etməyi və daha adaptiv strategiyalarla əvəz etməyi öyrənməsinə imkan yaradır. Bu yanaşma yalnız istifadəni azaltmağa deyil, eyni zamanda uzunmüddətli dəyişimi və funksionallığın bərpasını təmin etməyə yönəlir.

Bizə müraciət edinMaddə asılılığında psixoterapiya həqiqətən effektivdirmi? | Mayak Kliniki Psixologiya Mərkəzi