Kütləvi informasiya vasitələrinin uşaqlarda aqressiyanın səviyyəsinə təsiri

Müasir dövrdə kütləvi informasiya vasitələri (KİV) uşaqların sosiallaşması, davranışının formalaşması və dəyərlər sisteminin inkişafında mühüm rol oynayan amillərdən biridir. Televiziya, internet, oyunlar, cizgi filmləri və digər media vasitələri uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Xüsusilə məktəbəqədər yaş dövründə uşaqların psixoloji xüsusiyyətləri tam formalaşmadığı üçün onlar mediada təqdim olunan məlumat və davranış modellərinin təsirinə daha həssas olurlar.

05-08-2026Nigar Xalıqova
stresaqressiya
Kütləvi informasiya vasitələrinin uşaqlarda aqressiyanın səviyyəsinə təsiri

Kütləvi informasiya vasitələrinin uşaqlarda aqressiyanın səviyyəsinə təsiri


Müasir dövrdə kütləvi informasiya vasitələri (KİV) uşaqların sosiallaşması, davranışının formalaşması və dəyərlər sisteminin inkişafında mühüm rol oynayan amillərdən biridir. Televiziya, internet, oyunlar, cizgi filmləri və digər media vasitələri uşaqların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Xüsusilə məktəbəqədər yaş dövründə uşaqların psixoloji xüsusiyyətləri tam formalaşmadığı üçün onlar mediada təqdim olunan məlumat və davranış modellərinin təsirinə daha həssas olurlar.

Məktəbəqədər yaş dövrü (3–6 yaş) şəxsiyyətin, emosional sferanın, nitqin və sosial münasibətlərin intensiv inkişaf etdiyi mərhələdir. Bu dövrdə uşaqlar ətraf mühitdən aldıqları təsirləri asanlıqla mənimsəyir və onları davranışlarında əks etdirirlər. Psixoloji tədqiqatlar göstərir ki, bu yaşda müşahidə və təqlid mexanizmləri daha güclü olduğundan, uşaqlar gördükləri davranış nümunələrini model kimi qəbul etməyə meyllidirlər.

KİV-in uşaqlara təsiri həm müsbət, həm də mənfi xarakter daşıya bilər. Maarifləndirici proqramlar, inkişafetdirici cizgi filmləri və təlim xarakterli media məhsulları uşağın idrak, nitq və yaradıcılıq qabiliyyətlərinin inkişafına kömək edir. Lakin zorakılıq, aqressiya və kriminal məzmunlu proqramların uzun müddət izlənilməsi uşaqlarda aqressiv davranışların formalaşmasına, qorxu və narahatlıq hisslərinin artmasına səbəb ola bilər.

Xüsusilə 0–3 yaş dövründə uzun müddət televiziya qarşısında qalmaq uşağın emosional əlaqələrinin zəifləməsinə, nitq inkişafının ləngiməsinə və sosial ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb ola bilər. 4–7 yaş dövründə isə uşaqlar social mediada gördüklərini real həyat kimi qəbul etdikləri üçün zorakı səhnələri təqlid etməyə meylli olurlar. Bu səbəbdən valideyn nəzarəti və yaşa uyğun proqram seçimi mühüm əhəmiyyət kəsb edir.

Aqressiya ilə KİV arasındakı əlaqə müxtəlif beynəlxalq tədqiqatlarda da təsdiq edilmişdir. Banduranın sosial öyrənmə nəzəriyyəsinə əsasən, uşaqlar aqressiv davranışları müşahidə etməklə öyrənir və sonradan onları tətbiq edə bilirlər (Bandura et al., 1961). 

UNESCO-nun 23 ölkədə apardığı araşdırmalar göstərmişdir ki, mediada zorakılığın tez-tez nümayiş etdirilməsi uşaqlarda aqressiv davranışlara marağı artırır və zorakılığı problemlərin həlli vasitəsi kimi qəbul etmə ehtimalını yüksəldir (Groebel, 1999).

Tədqiqat hissəsində 24 məktəbəqədər yaşlı uşaq (12 qız, 12 oğlan) üzərində sorğu və M. A. Panfilovanın “Kaktus” proektiv metodikası tətbiq edilmişdir. Nəticələr göstərmişdir ki, zorakı məzmunlu film və cizgi filmlərinə daha çox baxan uşaqlarda aqressivlik səviyyəsi daha yüksək olmuşdur. İştirakçıların 46%-ində yüksək, 33%-ində orta, 21%-ində isə aşağı aqressivlik səviyyəsi müəyyən edilmişdir. Bu nəticələr KİV-də zorakı məzmunun uşaqların aqressiv davranışlarına təsir göstərdiyini göstərən fərziyyəni dəstəkləmişdir.

Nəticə etibarilə, kütləvi informasiya vasitələri uşaqların tərbiyəsinə və psixoloji inkişafına əhəmiyyətli təsir göstərir. Bu təsirin müsbət istiqamətdə formalaşdırılması üçün valideynlərin media nəzarətini gücləndirməsi, yaşa uyğun proqramlar seçməsi və uşaqlarla birgə media müzakirələri aparması vacibdir. Məktəbəqədər yaş dövründə media istifadəsinin məhdudlaşdırılması və inkişafetdirici məzmunun üstün tutulması uşağın sağlam psixoloji inkişafına mühüm töhfə verə bilər.

Ədəbiyyat

  • Bandura, A., Ross, D., & Ross, S. A. (1961). Transmission of aggression through imitation of aggressive models. Journal of Abnormal and Social Psychology, 63(3), 575–582.

  • Bayramov, Ə. S., Qədirov, Ə. Ə., Əlizadə, Ə. Ə., və b. (2002). Uşaq psixologiyası. Bakı: Maarif.

  • Elkonin, D. B. (1978). Psixologiya igry. Moskva: Pedagogika.

  • Groebel, J. (1999). The UNESCO Global Study on Media Violence. UNESCO.

  • Parens, H. (1993). Aggression in Our Children. Northvale, NJ: Jason Aronson.

  • Vıqotski, L. S. (1984). Selected Works: Child Psychology. Moskva: Pedagogika.

Bizə müraciət edinKütləvi informasiya vasitələrinin uşaqlarda aqressiyanın səviyyəsinə təsiri | Mayak Kliniki Psixologiya Mərkəzi