İSTİRAHƏT EDƏNDƏ ÖZÜMÜZÜ NİYƏ GÜNAHKAR HİSS EDİRİK?

Heç istirahət edərkən özünüzü günahkar hiss etdiyiniz olurmu? Ediləcək zənglər, görüləcək işlər, sabahın planı üst üstə yığılıb edəcəyiniz 10 dəqiqəlik istirahəti belə olsa mümkünsüz hala gətirirmi? Vəya təklif edilən əlavə iş yükünə “yox” demək istəyəndə zehninizdə “zəifsən, heç bir təklifi rədd etməməlisən”, “tənbəl olduğunu düşünəcəklər” kimi cümlələr səslənirmi?

28-10-2026Gülsabah Quliyeva
burn outişkolik
İSTİRAHƏT EDƏNDƏ ÖZÜMÜZÜ NİYƏ GÜNAHKAR HİSS EDİRİK?

İSTİRAHƏT EDƏNDƏ ÖZÜMÜZÜ NİYƏ GÜNAHKAR HİSS EDİRİK?

Heç istirahət edərkən özünüzü günahkar hiss etdiyiniz olurmu? Ediləcək zənglər, görüləcək işlər, sabahın planı üst üstə yığılıb edəcəyiniz 10 dəqiqəlik istirahəti belə olsa mümkünsüz hala gətirirmi? Vəya təklif edilən əlavə iş yükünə “yox” demək istəyəndə zehninizdə “zəifsən, heç bir təklifi rədd etməməlisən”, “tənbəl olduğunu düşünəcəklər” kimi cümlələr səslənirmi?

Gün ərzində görüləcək işlərin əksəriyyətini tamamlamısınız. Bəlkə də uzun müddətdir üzərində işlədiyin bir işi bitirmisınız. Nəhayət, dincəlmək üçün vaxtınınız var. Amma istirahət etmək əvəzinə ağlınızdan sabah görəcəyiniz işlər keçir. Daha nə edə biləcəyini düşünür, günü kifayət qədər səmərəli keçirmədiyininiz hissinə qapılırsınız.

Əgər bu vəziyyət sizə tanışdırsa, özünüzdən soruşmağa dəyər: Mən həqiqətən daha çox iş görmək istəyirəm, yoxsa nə qədər çox işləyib səmərəli olsam o qədər dəyərli olacağıma inanıram?

Bütün bunlar əsasən sizin də ağlınızdan keçirsə bunun səbəbi ciddən dəyərimizin belə bir faktordan asılı olduğuna görə deyil, “çox işləmək dəyərli olmaqdır” inancının geniş yayılmasının bizə təsirlərinin nəticəsi ola bilər. Belə ki müasir dünyada buna “hustle culture” yəni “təlaş, canfəşanlıqla işləmək mədəniyyəti” deyilir. Hər şey təcilidir, bütün işlər çox vacibdir, dincəlmək olmaz, “hər kəs qabağa getdi və sən qaldın!” mesajları ilə dolu bu mədəniyyət bizə sanki nə qədər çox işləsək o qədər çox məhsuldar olacayıq və beləliklə də çox hörmət olunacaq və seviləcəyik fikrinə inandırmağa çalışır.


Sosial media erkən oyanmağı, uzun iş saatlarını, daim özünü inkişaf etdirməyi və daha qısa zamanda daha çox iş görməyi təşviq edərək bu düşüncə tərzini daha da gücləndirir. Ambisiya və zəhmət dəyərli xüsusiyyətlər olsa da, məhsuldarlıq sadəcə hədəflərə çatmaq vasitəsi olmaqdan çıxıb insanın özünü qiymətləndirmə meyarına çevrildikdə problemlər yaranır. Çünki bu mədəniyyətdə fasilə vermək tənbəllik, tempin azalması geridə qalmaq kimi qəbul edilə bilər; hədəfə çatmaqdan alınan məmnunluq isə qısamüddətlidir yalnız növbəti gözlənti ortaya çıxana qədər davam edir.


Hustle mədəniyyəti nədir?

Son illərdə geniş yayılan hustle culture anlayışı daimi çalışmağı, məhsuldarlığı və nailiyyətləri təşviq edən düşüncə tərzini ifadə edir. Bu yanaşmada məşğul olmaq uğurlu olmağın, çox çalışmaq isə daha çox şeyə layiq olmağın göstəricisi kimi təqdim edilir.

Əlbəttə, məqsədlərə sahib olmaq, çalışmaq və inkişaf etmək özlüyündə problem deyil. Problem məhsuldarlığın həyatımızda yeganə prioritetə çevrildiyi zaman başlayır.

İnsan istirahəti vaxt itkisi kimi görməyə, fasilə verdikdə özünü günahkar hiss etməyə və nailiyyətlərini daim başqalarının nəticələri ilə müqayisə etməyə başlaya bilər. Bu halda istirahət ehtiyac olmaqdan çıxaraq yalnız bütün işlər bitdikdən sonra qazanılan bir mükafata çevrilir.

Halbuki işlərin heç vaxt tamamilə bitmədiyi bu mədəniyyətdə istirahəti daim sonraya təxirə salmaq mümkündür.

Özünə-dəyər nə zaman məhsuldarlıqdan asılı olur?

Hustle mədəniyyətinin psixoloji baxımdan diqqətəlayiq tərəfi insanın öz dəyərini nailiyyətləri ilə əlaqələndirməsidir.

Əgər insan özünü yalnız uğurlu, məhsuldar və başqalarının gözləntilərini qarşıladığı zaman dəyərli hesab edirsə, hər bir nailiyyət müvəqqəti rahatlıq gətirə bilər. Lakin bu rahatlıq uzun müddət davam etmədikdə yeni bir məqsəd müəyyənləşdirilir. Beləliklə, insan özünü yaxşı hiss etmək üçün daim nəyəsə nail olmağa çalışır.

Bu proses mükəmməllikçilik, uğursuzluq qorxusu və sosial müqayisə ilə də əlaqəli ola bilər. Sosial mediada başqalarının uğurlarını və məhsuldar həyatlarını görmək isə insanın öz həyatını yetərsiz hesab etməsini gücləndirə bilər.

Beləliklə, əsas sual yalnız nə qədər işlədiyimiz deyil, özümüzə hansı şərtlərlə dəyər verdiyimizdir.

Sağlam ambisiya ilə özünü tükətmək arasında fərq

Sağlam ambisiya insanın məqsədlərinə doğru irəliləməsinə, yeni bacarıqlar qazanmasına və potensialını inkişaf etdirməsinə kömək edə bilər. Lakin bu, insanın bütün ehtiyaclarını nailiyyətlərinə qurban verməsini tələb etmir.

Sağlam yanaşmada insan yorulduqda fasilə verə, ehtiyac olduqda “xeyr” deyə və nəticə istədiyi kimi olmadıqda belə özünə qarşı hörmətini qoruya bilər.

Bu yanaşma məqsədlərdən imtina etmək deyil. Əksinə, onları daha davamlı şəkildə həyata keçirmək üçün öz fiziki və psixoloji imkanlarını nəzərə almaqdır.

İnsan yalnız gördüyü işlərdən ibarət deyil. Onun münasibətləri, maraqları, hissləri, ehtiyacları və heç bir nəticə əldə etməyə çalışmadığı anlar da həyatının bir hissəsidir.

Bəs məhsuldarlığa daha sağlam münasibət necə görünür?

Bu, istirahətin yorğunluq həddinə çatdıqdan sonra qazanılmalı bir mükafat olmadığını qəbul etməklə başlayır. İstirahət, bərpa, münasibətlər və heç bir məhsuldar nəticə vermək məqsədi daşımayan fəaliyyətlər mənalı həyatın qarşısında maneə deyil, onun vacib hissələridir. Sağlam ambisiya insana məqsədlərinə çatmağa çalışarkən öz ehtiyaclarına və məhdudiyyətlərinə də diqqət yetirməyə imkan verir. Eyni zamanda, istiqamətini dəyişməyə, fasilə verməyə və insan olaraq dəyərimizin yalnız peşəkar nailiyyətlərimizlə ölçülə bilməyəcəyini qəbul etməyə şərait yaradır.

Fərdi səviyyədə “Məhsuldar deyiləmsə, vaxtımı boşa keçirirəm” və ya “Həmişə faydalı bir işlə məşğul olmalıyam” kimi inancları sorğulamaq faydalı ola bilər. Biz nəyəsə həqiqətən əhəmiyyət verdiyimiz üçün işləmək və günahkarlıq, yetərsizlik və ya geridə qalmaq qorxusundan işləmək arasındakı fərqi ayırd etməyi öyrənə bilərik. Təşkilati səviyyədə isə daha sağlam iş şəraiti idarəolunan iş yükü, şəxsi sərhədlərə hörmət və fasilə verməyin, yaxud məzuniyyətdən istifadə etməyin öhdəliyin azlığı kimi qiymətləndirilmədiyi mədəniyyət tələb edir.

Mövcud tədqiqatların məhdudiyyətlərini də nəzərə almaq vacibdir. İşə aludəçilik mənfi nəticələrlə əlaqəli olsa da, mövcud sübutların böyük hissəsi korrelyativ xarakter daşıyır. Bu o deməkdir ki, hər bir halda səbəb-nəticə əlaqəsini təsdiqləmək mümkün deyil. Təklif olunan müdaxilələrin bir çoxunun effektivliyi də hələ kifayət qədər müəyyənləşdirilməyib. İşə aludəçiliyin uzunmüddətli nəticələrini anlamaq və onun qarşısının alınmasında hansı yanaşmaların daha təsirli olduğunu müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Nəticə etibarilə, məqsəd ambisiyadan imtina etmək, çox çalışmağı dayandırmaq və ya şəxsi inkişafdan uzaqlaşmaq deyil. Məqsəd daim nəyəsə nail olmalı olduğumuz və yalnız bu yolla öz dəyərimizi sübut edə biləcəyimiz inancını yenidən nəzərdən keçirməkdir. Biz özümüzə qarşı amansız dərəcədə tələbkar olmadan da ambisiyalı, hər an əlçatan olmadan da işimizə sadiq, rifahımızı qurban vermədən də məhsuldar ola bilərik.

Bəlkə də, ən vacib sual “Daha nə qədər nailiyyət əldə edə bilərəm?” deyil, “Daha çox nailiyyət əldə etmək üçün özümə davamlı təzyiq göstərməyin mənə bədəli nədir?” sualıdır.

Çünki mənalı həyat yalnız nələrə nail olduğumuzla deyil, bu nailiyyətlərə doğru irəliləyərkən necə yaşadığımızla da ölçülür.


Elmi mənbə

Taris, T. W., & de Jonge, J. (2024). Workaholism: Taking Stock and Looking Forward. Annual Review of Organizational Psychology and Organizational Behavior, 11, 113–138. https://doi.org/10.1146/annurev-orgpsych-111821-035514

Bizə müraciət edinİSTİRAHƏT EDƏNDƏ ÖZÜMÜZÜ NİYƏ GÜNAHKAR HİSS EDİRİK? | Mayak Kliniki Psixologiya Mərkəzi