İnsanlar köhnə inanclarını sadəcə dəyişdirmir, onları münasibətlərdə sınaqdan keçirirlər
Əvvəlki məqalədə insanın davranış örüntülərini başa düşməsinə baxmayaraq onları dəyişməkdə niyə çətinlik çəkdiyindən danışmışdıq. Zehin keçmiş təcrübələrə əsaslanaraq gələcəklə bağlı gözləntilər yaradır və çox vaxt dəqiqlikdən daha çox proqnozlaşdırıla bilənliyə üstünlük verir.
Lakin burada başqa bir sual yaranır: Əgər köhnə inanclar insana müəyyən sabitlik verirsə, o zaman insan niyə həmin inancları sarsıda biləcək vəziyyətlərə yaxınlaşsın? Ağrılı olsa da, tanış olan münasibət modelindən imtina etməyi niyə riskə atsın?
Nəzarət–Mənimsəmə Nəzəriyyəsi bu suala fərqli bir cavab verir: İnsanlar dəyişikliyin sadəcə baş verməsini gözləmirlər. Onlar çox vaxt fərqində olmadan köhnə gözləntilərinin hələ də keçərli olub-olmadığını münasibətlər daxilində sınaqdan keçirirlər.
İnsan yalnız keçmişi təkrarlamır
Psixoterapiyada bəzən insanın keçmişdə yaşadığı münasibət nümunələrini yenidən yaratdığı müşahidə olunur. Məsələn, daim tənqid edilən biri terapevtin sözlərində tənqid axtara bilər. Ehtiyacları nəzərə alınmayan biri kömək istəməkdən çəkinə bilər. Yaxınlıqdan sonra tərk edilən biri terapevtik münasibət dərinləşdikcə geri çəkilə bilər.
Bu davranışlar ilk baxışda keçmişin mexaniki şəkildə təkrarlanması kimi görünə bilər. Lakin Nəzarət–Mənimsəmə Nəzəriyyəsinə görə, insan münasibət nümunəsini yalnız təkrarlamır. O, eyni zamanda həmin nümunənin bu münasibətdə də davam edib-etməyəcəyini yoxlayır.
Daxildə verilən suallar çox vaxt belədir:
“Ehtiyacımı ifadə etsəm, yenə rədd ediləcəyəmmi?”
“Razılaşmadığımı bildirsəm, qarşı tərəf məndən uzaqlaşacaqmı?”
“Zəif tərəfimi göstərsəm, bundan mənə qarşı istifadə olunacaqmı?”
“Kiməsə güvənsəm, yenə tək qalacağammı?”
Bu suallar adətən açıq şəkildə ifadə olunmur. Onlar danışanın davranışında, terapevtlə münasibət qurma formasında, müəyyən mövzuları gündəmə gətirməsində və ya həmin mövzulardan uzaqlaşmasında ortaya çıxır.
Nəzarət nə deməkdir?
Nəzarət–Mənimsəmə Nəzəriyyəsində “nəzarət” insanın hisslərini basdırması və ya hər şeyi daim idarə etməsi demək deyil. Burada söhbət insanın öz psixi proseslərini daha yaxşı tanımasından və onlar qarşısında daha çox seçim imkanına sahib olmasından gedir.
Məsələn, insan əvvəllər tənqid ediləcəyini düşündüyü anda avtomatik şəkildə susurdusa, zamanla bu reaksiyanı fərq edə və başqa cür davranmağı seçə bilər. Əvvəllər yaxınlıq yaranan kimi münasibətdən uzaqlaşırdısa, artıq bu istəyin arxasındakı qorxunu görə və dərhal hərəkətə keçmədən həmin hissin yanında qala bilər.
Nəzarət bu mənada daxili təcrübəni yox etmək deyil. İnsan zehnində və bədənində baş verənləri daha yaxşı anlaya bildikcə, davranışları üzərində daha çox psixoloji çeviklik qazanır.
Lakin bunun baş verməsi üçün təhlükəsizlik hissi lazımdır.
Dəyişiklik üçün təhlükəsizlik niyə vacibdir?
İnsan özünü təhlükədə hiss etdikdə psixoloji sistemi dəyişiklikdən çox qorunmağa yönəlir. Bu zaman köhnə müdafiə mexanizmləri nə qədər məhdudlaşdırıcı olsa da, öz funksiyasını davam etdirir.
Yaxınlığın təhlükəli olduğunu öyrənmiş biri üçün emosional məsafə saxlamaq münasibət qurmağı çətinləşdirə bilər. Bununla belə, bu məsafə onu yenidən incinməkdən qoruyur. Ehtiyaclarının yük olduğunu düşünən insanın hər şeyi tək həll etməsi onu yorur, lakin eyni zamanda rədd edilmə ehtimalını azaldır.
Bu müdafiələrin zəifləyə bilməsi üçün insanın daxil olduğu münasibət kifayət qədər təhlükəsiz hiss edilməlidir. Burada təhlükəsizlik heç vaxt çətin emosiyalar yaşamamaq və ya terapevtin həmişə mükəmməl reaksiya verməsi demək deyil. Əsas məsələ münasibətdə anlaşılmazlıqların danışılmasına, səhvlərin qəbul edilməsinə və qırılmaların bərpa olunmasına yer olmasıdır.
İnsan yalnız psixoloji sistemi təhlükənin azaldığını hiss etdikdə köhnə müdafiələrindən bir qədər uzaqlaşaraq yeni davranışları sınaqdan keçirə bilər.
Mənimsəmə nə deməkdir?
“Mənimsəmə” insanın travmatik və ya ağrılı təcrübəsini işləyə bilməsini ifadə edir. Burada məqsəd keçmişi unutmaq və ya onun təsirini tamamilə silmək deyil. Məqsəd həmin təcrübənin insanın bu gününü əvvəlki şəkildə idarə etməməsidir.
Travmatik təcrübə işlənmədikdə insanın özü, digər insanlar və dünya ilə bağlı inanclarını təşkil etməyə davam edə bilər:
“Mən qorunmağa layiq deyiləm.”
“İnsanlara güvənmək olmaz.”
“Ehtiyac göstərmək zəiflikdir.”
“Yaxınlaşdığım hər kəs məni tərk edəcək.”
Mənimsəmə prosesində insan yaşadıqlarına məna verməyə, həmin təcrübə ilə əlaqəli emosiyaları tənzimləməyə və əvvəllər özündən uzaqlaşdırdığı hissələri daha bütöv mənlik təcrübəsinə inteqrasiya etməyə başlayır.
Bir zamanlar düşünülməsi və hiss edilməsi belə dözülməz olan təcrübə artıq insanın emosional sistemini tamamilə ələ keçirmədən xatırlana və ifadə oluna bilir.
Nəzarət daha çox insanın indiki psixi fəaliyyəti üzərində çeviklik qazanmasıdır. Mənimsəmə isə keçmişdə yaşananların bu günü eyni güclə təşkil etməməsi üçün işlənməsidir. Bu iki proses bir-biri ilə əlaqəli olsa da, eyni deyil.
Terapiya otağında danışan nəyi sınaqdan keçirir?
Nəzarət–Mənimsəmə Nəzəriyyəsinə görə, danışan terapevtdən müəyyən reaksiyalar almağa çalışaraq köhnə gözləntilərini münasibət daxilində sınaqdan keçirə bilər. Bu, şüurlu manipulyasiya deyil. Çox vaxt danışan özü də yaratdığı vəziyyətin hansı məqsədə xidmət etdiyinin fərqində olmur.
Məsələn, uşaqlıqda kömək istədikdə “Özün həll et” cavabını alan bir insan düşünək. O, zamanla ehtiyaclarını azaltmağı, başqalarına yük olmamağı və hər şeyi tək idarə etməyi öyrənib.
Bir gün seansın əvvəlində terapevtə belə deyir:
“Bu gün nədən danışacağımı bilmirəm. Sizcə, haradan başlaya bilərik?”
Bu, sadəcə mövzu seçmək üçün verilən sual kimi görünə bilər. Terapevt də ümumi terapevtik prinsiplərə uyğun olaraq “Siz haradan başlamaq istərdiniz?” deyə bilər.
Lakin danışanın şəxsi tarixini nəzərə aldıqda, bu cavab onun üçün neytral olmaya bilər. Danışan yenidən ehtiyacı ilə tək buraxıldığını hiss edə bilər. Onun əsas sualı bəlkə də “Bu gün nə haqqında danışım?” deyil, “Kömək istədiyim zaman kimsə mənə doğru bir addım atacaqmı?” sualıdır.
Terapevt bunu gördükdə danışanın əvəzinə bütün məsuliyyəti üzərinə götürmədən müəyyən istiqamət təklif edə bilər:
“Son seansda danışdığımız münasibət mövzusundan davam edə bilərik. Eyni zamanda bu gün sizin üçün daha aktual olan başqa bir məsələ varsa, ona da yer verə bilərik.”
Belə bir cavab danışana həm seçim imkanı verir, həm də onu hər şeyi təkbaşına həll etməyə məcbur etmir.
Bu an köhnə gözləntinin təsdiqlənmədiyi yeni bir münasibət təcrübəsinə çevrilə bilər: danışan kömək istədi və qarşısındakı insan onu ehtiyacı ilə tək buraxmadı.
Münasibət sınaqları hansı formalarda ortaya çıxa bilər?
Danışanın sınaqları müxtəlif şəkillərdə görünə bilər. Bəzən insan keçmişdə yaşadığı münasibət modelini terapevtlə yenidən qurur. Tənqid ediləcəyini gözləyən danışan özünü davamlı müdafiə edə, terapevtin dediklərini tənqid kimi şərh edə və onun da nəhayət sərt reaksiya verib-verməyəcəyini yoxlaya bilər.
Bəzən isə insan vaxtilə özünə göstərilən münasibəti terapevtə göstərir. Məsələn, uşaqlıqda hissləri kiçildilən biri terapevtin fikirlərini əhəmiyyətsizləşdirə bilər. Burada şüur fərqindəliyi xaricində verilən sual belə ola bilər:
“Mən sizə vaxtilə mənə davranıldığı kimi davransam, siz də mənim yaşadığım şəkildə çarəsiz qalacaqsınızmı? Yoxsa bu vəziyyətə fərqli yanaşacaqsınız?”
Hər iki halda danışan keçmişin bu münasibətdə də təkrarlanıb-təkrarlanmayacağını araşdırır. O, köhnə inancını təsdiqləyəcək cavabı gözləsə də, eyni zamanda başqa bir nəticənin mümkün olub-olmadığını yoxlayır.
Sınaq nəzərdən qaçdıqda nə baş verir?
Terapevt danışanın yaratdığı vəziyyətin münasibətdəki mənasını görə bilmədikdə köhnə gözlənti təsdiqlənə bilər.
Danışan anlaşılmadığını söylədikdə terapevt dərhal özünü müdafiə edirsə, bu, “Narazılığımı ifadə etsəm, qarşı tərəf məni dinləməyəcək” inancını gücləndirə bilər. Danışan kömək istədikdə terapevt hər dəfə məsuliyyəti ona qaytarırsa, bu, “Ehtiyacım olanda yenə tək qalacağam” gözləntisini təsdiqləyə bilər.
Belə məqamlar sadəcə qaçırılmış terapevtik fürsət deyil. Danışan üçün keçmişdə öyrəndiyi qaydanın hələ də keçərli olduğuna dair yeni sübuta çevrilə bilər.
Bəzən danışanın terapiyadan qəfil uzaqlaşması, seanslarda əvvəlkindən daha az danışması və ya münasibətdə irəliləyiş hiss edildiyi anda geri çəkilməsi nəzərdən qaçmış sınaqla əlaqəli ola bilər.
Belə hallarda yalnız “Danışan niyə müqavimət göstərir?” sualını vermək kifayət deyil. Bunları da araşdırmaq lazımdır:
“Son görüşlərdə danışanın gözlədiyi, lakin ala bilmədiyi hansı cavab ola bilərdi?”
“Terapevtin reaksiyası danışanın keçmiş münasibət təcrübəsinə hansı baxımdan bənzəmiş ola bilər?”
“Bu qarşılıqlı əlaqə danışana münasibətin təhlükəsizliyi haqqında hansı mesajı verdi?”
Bu suallar terapevtin mütləq səhv etdiyi mənasına gəlmir. Terapevtik münasibətdə anlaşılmazlıqların yaranması qaçılmazdır. Əsas dəyişdirici məqam qırılmanın heç baş verməməsi deyil, onun fərq edilərək birlikdə işlənməsidir.
Qırılmanın bərpası da yeni təcrübədir
Terapevt danışanın reaksiyasını görərək belə deyə bilər:
“Düşünürəm ki, bir az əvvəl verdiyim cavab sizdə yenə hər şeyi tək həll etməli olduğunuz hissini yaratdı. Düz anlayıramsa, bunu birlikdə araşdırmaq istəyərdim.”
Belə bir cavab keçmişi dəyişdirmir. Lakin danışana yeni bir münasibət təcrübəsi təqdim edir. Qarşı tərəf anlaşılmazlığı görür, məsuliyyətdən qaçmır və münasibətdə qalmağa davam edir.
Danışan bunun vasitəsilə fikir ayrılığının həmişə münasibətin sonu olmadığını, ehtiyacını ifadə etməyin mütləq rədd edilmə ilə nəticələnmədiyini və münasibətdə yaranan qırılmanın bərpa edilə biləcəyini təcrübə edir.
Bəzən dəyişiklik terapevtin hər şeyi ilk andan düzgün etməsi ilə deyil, səhvin münasibət daxilində necə qarşılanması ilə baş verir.
Proqnozlaşdırmaq və sınaqdan keçirmək
Proqnozlaşdırıcı emal yanaşması beynin keçmiş təcrübələrə əsaslanaraq gələcəyi necə təxmin etdiyini izah edir. Zehin qeyri-müəyyənliyi azaltmaq və dünyanı müəyyən qədər nəzarətdə saxlamaq üçün proqnozlar yaradır.
Nəzarət–Mənimsəmə Nəzəriyyəsi isə bu mənzərəyə motivasiya aspektini əlavə edir. İnsanlar yalnız köhnə gözləntilərinə uyğun davranmırlar. Onlar çox vaxt həmin gözləntilərin dəyişməsinin təhlükəsiz olub-olmadığını da yoxlayırlar.
Beləliklə, eyni anda iki proses baş verir:
İnsan bir tərəfdən dünyanı proqnozlaşdıraraq özünü qorumağa çalışır. Digər tərəfdən isə köhnə proqnozlarının doğru çıxmadığı bir təcrübənin mümkünlüyünü sınaqdan keçirir.
Bu baxımdan terapiya insanın sadəcə keçmişi haqqında danışdığı bir yer deyil. Terapiya köhnə inancların münasibət daxilində yenidən ortaya çıxdığı, sınaqdan keçirildiyi və uyğun şərait yarandıqda tədricən dəyişə bildiyi bir sahədir.
Dəyişiklik təhlükəsizlik içində baş verir
İnsanlar bəzən zərər verən münasibət nümunələrini təkrarlayırlar. Lakin bu təkrarlamanın içində yalnız keçmişə bağlılıq yoxdur. Bəzən orada səssiz bir dəyişiklik cəhdi də mövcuddur.
İnsan yenidən eyni sualı verir, lakin bəlkə də bu dəfə fərqli bir cavab almağa ümid edir.
“Burada da ehtiyacımla tək qalacağammı?”
“Burada da məni anlamadan mühakimə edəcəklərmi?”
“Burada da narazılığımı ifadə etdiyim üçün münasibət pozulacaqmı?”
Terapevt bu sualları yalnız danışanın sözlərində deyil, münasibətin daxilində də eşidə bildikdə yeni bir təcrübə mümkün olur.
Dəyişiklik köhnə inancın sadəcə yanlış olduğunu söyləməklə baş vermir. İnsan həmin inancın hər zaman doğru çıxmadığını təhlükəsiz bir münasibət daxilində yaşamalıdır.
Çünki insanlar inanclarını yalnız düşünərək yeniləmirlər. Onları münasibətlərdə sınaqdan keçirir və dəyişməyin təhlükəsiz olub-olmadığını öyrənirlər.
