Hamiləliyin sonlanması: Tanınmayan bir yasın izində

Cəmiyyətdə itki deyildikdə çox vaxt ağla ölüm gəlir. Bir insanın vəfatı, münasibətin sonlanması və ya həyatımızda konkret yeri olan bir şeyin itirilməsi. Halbuki bəzi itkilər var ki, onlar görünən bir varlığın yoxluğu ilə deyil, gələcəyə dair bir ehtimalın itirilməsi ilə bağlıdır.

10-06-2026Nərmin Quliyeva
depressiyadepressiya əlamətləridepressiya nədir
Hamiləliyin sonlanması: Tanınmayan bir yasın izində

Hamiləliyin sonlanması: Tanınmayan bir yasın izində

Cəmiyyətdə itki deyildikdə çox vaxt ağla ölüm gəlir. Bir insanın vəfatı, münasibətin sonlanması və ya həyatımızda konkret yeri olan bir şeyin itirilməsi. Halbuki bəzi itkilər var ki, onlar görünən bir varlığın yoxluğu ilə deyil, gələcəyə dair bir ehtimalın itirilməsi ilə bağlıdır.

Hamiləliyin sonlanması belə təcrübələrdən biridir.

İstər spontan düşük, istərsə də tibbi və ya şəxsi səbəblərlə verilmiş sonlandırma qərarı şəklində baş versin, hamiləliyin sonlanması yalnız bioloji hadisə deyil. Bu təcrübə eyni zamanda bədən, psixika və kimlik səviyyəsində yaşanan çoxqatlı bir itkiyə çevrilə bilər.

Hamiləlik xəbəri alındığı andan etibarən insanın daxilində yalnız bioloji deyil, psixoloji bir proses də başlayır. Hələ doğulmamış bir körpə üçün düşüncədə yer açılır. Onun necə görünəcəyi, necə bir insan olacağı xəyal edilir. Bəzən adı seçilir, bəzən ona bənzəyəcəyi insanlar haqqında düşünülür. Daha da önəmlisi, insan özünü yeni bir rolda təsəvvür etməyə başlayır.

Bir qadın ana olacağını, bir kişi ata olacağını düşünür.

Başqa sözlə, insan yalnız körpə ilə deyil, gələcəklə də münasibət qurmağa başlayır.

Məhz buna görə hamiləliyin sonlanması zamanı itirilən şey yalnız mövcud olan deyil. İtirilən, çox vaxt gələcəkdə mövcud olacağına inanılan bir həyatdır.

Bu, hamiləliyin sonlanmasından sonra insanların niyə bəzən izah etməkdə çətinlik çəkdikləri qədər dərin bir ağrı yaşadıqlarını anlamağa kömək edir. Yas tutulan şey ilk dəfə “ana” olacağını hiss edən hissə ola bilər. Heç vaxt yaşanmayacaq bir ilk ad günü, çəkilməyəcək ailə şəkilləri və ya insanın daxilində artıq formalaşmağa başlamış bir gələcək də bu itkinin bir hissəsinə çevrilə bilər.

Maraqlıdır ki, bu qədər dərin yaşana bilən bir itki çox vaxt cəmiyyət tərəfindən görünmür. Çünki insanlar adətən yasın görünən bir itkiyə bağlı olduğunu düşünürlər. Hamiləliyin sonlanması isə əksər hallarda nə sosial olaraq tanınan bir vida mərasimi, nə də ətrafdakılar tərəfindən aydın şəkildə görülən bir itki ilə müşayiət olunur.

Psixologiyada buna tanınmayan yas (disenfranchised grief) deyilir. Bu termin cəmiyyət tərəfindən kifayət qədər qəbul edilməyən, açıq şəkildə paylaşılması uyğun görülməyən və ya legitim sayılmayan itkiləri təsvir etmək üçün istifadə olunur. Hamiləliyin sonlanması da çox vaxt bu kateqoriyaya daxil olur. Çünki ortada hər kəsin gördüyü bir məzar, vida mərasimi və ya sosial olaraq tanınan yas prosesi yoxdur. Amma görünməyən şey onun yaşanmadığı mənasına gəlmir.

Məhz buna görə ətrafdakı insanların yaxşı niyyətlə dediyi bəzi sözlər təsəlli vermək əvəzinə ağrını daha da artıra bilir.

“Yenə olar.”

“Hələ çox erkən idi.”

“Özünü çox üzmə.”

Bu cümlələr çox vaxt itkini kiçiltmək məqsədi daşımır. Lakin insanın yaşadığı təcrübənin görünməz qalmasına səbəb ola bilir. Çünki həmin ağrının mənbəyi yalnız itirilən hamiləlik deyil. Eyni zamanda onun təmsil etdiyi bütün mənalardır.

Hamiləliyin sonlanmasından sonra insanların ən çox ehtiyac duyduğu şey çox vaxt təsəlli verməyə çalışan cümlələr olmur. Ehtiyac duyulan şey yaşanan təcrübənin tanınmasıdır. Ağrının izah edilmədən, müqayisə olunmadan və kiçildilmədən mövcudluğuna yer verilməsidir.

Çünki bəzi itkilər gözlə görünmür amma bu, onların daha az həqiqi olduğu mənasına gəlmir.

İnsan yalnız itirdiyi hamiləliyə deyil, onunla birlikdə itirdiyi gələcəyə də yas tutur.

İstinadlar

  • Kenneth J. Doka (1989). Disenfranchised Grief: Recognizing Hidden Sorrow.

  • Lang, A., Fleiszer, A. R., Duhamel, F., Sword, W., Gilbert, K. R., & Corsini-Munt, S. (2011). Perinatal Loss and Parental Grief: The Challenge of Ambiguity and Disenfranchised Grief.

  • Donald Winnicott – analıq kimliyinin formalaşması və erkən ana-körpə münasibətləri ilə bağlı əsərləri.

  • American Psychological Association (APA) – Pregnancy Loss and Grief Resources.

  • Perinatal itki, yas reaksiyaları və psixoloji təsirlər üzrə müasir klinik araşdırmalar və sistematik icmallar.

Bizə müraciət edinHamiləliyin sonlanması: Tanınmayan bir yasın izində | Mayak Kliniki Psixologiya Mərkəzi