Depressiya nədir?

Depressiya fərdin emosional vəziyyəti, düşüncə prosesləri və bioloji tənzimləmə sistemlərinə eyni anda təsir edən kompleks bir psixi sağlamlıq vəziyyətidir. Bu vəziyyət gündəlik dildə tez-tez “kədər” və ya “ruh düşkünlüyü” ilə qarışdırılsa da, klinik baxımdan daha dərin və çoxqatlı mexanizmlərə əsaslanır. Gündəlik dildə “depressiya” kimi qeyd olunan bu klinik vəziyyət, DSM-5 (Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatı) meyarlarına görə Major Depressiv Pozuntu kimi təsnif edilir.

09-05-2026Aynur Həsənzadə
depressiya nədirdepressiya əlamətlərimajor depressiv pozuntudepressiya səbəbləridepressiya simptomlarıpsixoloqpsixi sağlamlıq
Depressiya nədir?

Depressiya fərdin emosional vəziyyəti, düşüncə prosesləri və bioloji tənzimləmə sistemlərinə eyni anda təsir edən kompleks bir psixi sağlamlıq vəziyyətidir. Bu vəziyyət gündəlik dildə tez-tez “kədər” və ya “ruh düşkünlüyü” ilə qarışdırılsa da, klinik baxımdan daha dərin və çoxqatlı mexanizmlərə əsaslanır. Gündəlik dildə “depressiya” kimi qeyd olunan bu klinik vəziyyət, DSM-5 (Psixi Pozuntuların Diaqnostik və Statistik Təlimatı) meyarlarına görə Major Depressiv Pozuntu kimi təsnif edilir.

Gündəlik situasiyalardan asılı olaraq yaranan kədər hissi adətən hər hansı situativ səbəb nəticəsində meydana gəlir və əksərən keçicidir. Depressiyada isə emosional vəziyyət daha davamlı olur və bu vəziyyət insanın işləmək, münasibətlər qurmaq və gündəlik fəaliyyətləri davam etdirmək qabiliyyətinə təsir edə bilər. Burada əsas fərq kədər, məyusluq, günahkarlıq kimi hisslərin mövcudluğu deyil, onların davamlılığı, şiddəti və funksional təsiridir.

Depressiya niyə yaranır?

Depressiya tək bir səbəblə izah edilmir. Müasir yanaşmalar onu multifaktorial model çərçivəsində izah edir.

Genetik meyillilik, erkən həyat təcrübələri, xroniki stress kimi psixoloji faktorlar və sosial dəstək sistemləri bu prosesdə rol oynaya bilər. Bununla belə, bu faktorların mövcud olması mütləq depressiyanın yaranacağı anlamına gəlmir. 

Depressiyanın simtomları nədir?

Major Depressiv Pozuntu diaqnostikası üçün xüsusi meyarların qiymətləndirilməsi vacibdir. 

DSM-5-ə görə, “Major Depressiv Pozuntu” diaqnnozunu təyin etmək üçün əsas əlamətlər: 

Eyni 2 həftə ərzində aşağıdakı əlamətlərdən ən azı 5-i müşahidə olunmalıdır: 

  • Günün böyük hissəsində davam edən kədərli və ya çökmüş əhval 

  • Əvvəllər zövq verən fəaliyyətlərə marağın azalması 

  • İştahda və çəkidə dəyişikliklər 

  • Yuxu problemləri (az yatmaq və ya həddindən artıq yatmaq) 

  • Hərəkətlərdə həddindən artıq narahatlıq və ya ləngimə 

  • Davamlı yorğunluq və enerji azlığı 

  • Özünü dəyərsiz hiss etmə və ya güclü günahkarlıq hissi 

  • Diqqəti toplamaqda və qərar verməkdə çətinlik 

  • Həyatı sonlandırmaq və özünə zərər yetirməklə bağlı sıx-sıx təkrarlanan düşüncələr

Bu əlamətlər insanın gündəlik həyatına (iş, təhsil, münasibətlər) təsir edirsə, vəziyyət klinik olaraq mütəxəssis tərəfindən qiymətləndirilməlidir.

Bu tip simptomların müşahidə olunması özünü etiketləmək üçün əsas deyil, əksinə mütəxəssisə müraciət etmək üçün bir xəbərdarlıq kimi qiymətləndirilməlidir.

Nəzərə almaq vacibdir ki, eyni və ya bənzər simptomlar müxtəlif psixi və ya tibbi səbəblərlə əlaqəli ola bilər. Bu səbəbdən, hər hansı psixi sağlamlıq vəziyyətinin dəqiq diaqnostikası yalnız ixtisaslı mütəxəssis – psixiatr və ya klinik psixoloq tərəfindən aparılmalıdır.

Düşüncə və emosiyalar necə dəyişir?

Depressiyanın davamlılığında psixoloji mexanizmlər mühüm rol oynayır. Xüsusilə koqnitiv yanaşmalar göstərir ki, insanın özü, dünya və gələcək haqqında formalaşdırdığı mənfi inanclar müəyyən hallarda avtomatik şəkildə aktivləşir. Bu inancların aktivləşməsi isə fərdin kədər, məyusluq, günahkarlıq kimi emosiyalarını “alovlandırır”. Bu düşüncələr çox vaxt şüurlu analizdən keçmir və “reallıq” kimi qəbul olunur. Nəticədə, insan yalnız pis hiss etmir, eyni zamanda bu hissləri təsdiqləyən xətalı düşüncə sistemi içində qalır. Bu proses tədricən emosional vəziyyəti daha da ağırlaşdıra bilər.

Depressiya zamanı beynimizdə nə baş verir?

Depressiyanın yalnız psixoloji deyil, eyni zamanda neyrobioloji əsasları da mövcuddur. Müasir tədqiqatlar göstərir ki, bu vəziyyət beyindəki neyrotransmitter sistemlərinin tənzimlənməsində baş verən dəyişikliklərlə əlaqəlidir.

Serotonin, dopamin və norepinefrin kimi neyrotransmitterlər emosional tənzimləmə, motivasiya və diqqət proseslərində mühüm rol oynayır. Bu sistemlərdəki disbalans nəticəsində insan əvvəl maraq göstərdiyi fəaliyyətlərdən zövq ala bilməyə, enerji səviyyəsində azalma hiss etməyə və qərarvermədə çətinlik yaşamağa başlaya bilər.

Son dövrlərdə aparılan neyrogörüntüləmə tədqiqatları bu proseslərin beyində struktur səviyyədə də müşahidə olunduğunu göstərir. Məsələn, depressiya zamanı prefrontal korteksdə aktivliyin azalması planlama və qərarvermə prosseslərini çətinləşdirə bilər. Amiqdalanın həssaslığının artması emosional reaksiyaları gücləndirə bilər. Hipokampusda müşahidə olunan dəyişikliklər isə yaddaş və stress tənzimlənməsi ilə əlaqələndirilir. Bu strukturların hər biri, digərləri ilə əlaqəli işlədiyi üçün dəyişikliklər də sistem səviyyəsində təsir yaradır.

Bununla yanaşı, uzunmüddətli stress zamanı stress hormonu olan kortizolun qanda səviyyəsinin yüksəlməsinə səbəb ola bilir. Bu isə həm beyin strukturlarına, həm də emosional tənzimləməyə təsir edərək depressiv simptomların davam etməsinə zəmin yaradır. Yəni depressiyya zamanı söhbət yalnız “psixoloji gərginlikdən” deyil, həm də, bədənin real fizioloji reaksiyalarından gedir.

Fərqinə varmadan depresiyyanı möhkəmləndirə bilərik

Depressiya bizim gündəlik davranışlarımıza və vərdişlərimizə də təsir edir. İnsan depressiv əhval-ruhiyyə hiss etdiyi zamanlarda yuxarıda sadalanan psixoloji və neyrobioloji dəyişikliklər nəticəsində daha az aktiv olmaq, sosial mühitdən uzaqlaşmaq və gündəlik fəaliyyətlərini təxirə salmaq istəyə bilir.

Qısa müddətdə bu geri çəkilmə davranışları fərd üçün qoruyucu görünə bilər. Lakin uzun müddətdə sosial geri çəkilmə və fiziki passivlik müsbət təcrübələrin, həyatdan həzz alma və “mükafat” hissinin azalmasına səbəb olur. Bu isə motivasiyanı daha da aşağı salır və nəticədə vəziyyət özünü gücləndirən bir dövr halını alır. Bu dövrün anlaşılması isə müalicə baxımından xüsusilə əhəmiyyət daşıyır.

Depressiya müalicə oluna bilərmi?

Depressiya dəyişdirilə və müalicə oluna bilən bir psixi sağlamlıq vəziyyəti kimi qəbul olunur və bu sahədə elmi əsaslara söykənən effektiv müdaxilə üsulları mövcuddur.

Psixoterapiya, xüsusilə koqnitiv-davranış yönümlü yanaşmalar, fərdin qeyri-funksional düşüncə və davranış nümunələrini tanımasına və onları daha adaptiv formalarla əvəz etməsinə kömək edir. Farmakoloji müalicə isə neyrotransmitter sistemlərinə təsir göstərərək simptomların azalmasını və emosional stabilliyin bərpasını dəstəkləyə bilər.

Bununla yanaşı, gündəlik fəaliyyətlərin mərhələli şəkildə artırılmasına əsaslanan davranış yönümlü yanaşmalar motivasiya səviyyəsinin yüksəlməsinə və ümumi emosional vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərir. Bu dəyişikliklər adətən kiçik addımlarla başlayır, lakin zamanla toplanaraq daha geniş və davamlı nəticələrə gətirib çıxarır.

Nəticə

Depressiya nə iradə zəifliyi, nə də şəxsi problem deyil. Bu vəziyyət bioloji, psixoloji və sosial faktorların qarşılıqlı təsiri nəticəsində formalaşan kompleks bir psixi sağlamlıq vəziyyətidir.

Depressiyanı bu çərçivədə anlamaq, həm öz vəziyyətinizi daha obyektiv qiymətləndirməyə, həm də uyğun dəstək və müdaxilə yollarını seçməyə imkan yaradır. Yaşanan təcrübələrin arxasında real və izah oluna bilən mexanizmlərin olduğunu dərk etmək isə çox zaman dəyişimin və sağalma prosesinin ilk addımı kimi çıxış edir.


İstinadlar: 

American Psychiatric Association. (2013). Diagnostic and statistical manual of mental disorders (5th ed.). American Psychiatric Publishing.

Krishnan, V., & Nestler, E. J. (2008). The molecular neurobiology of depression. Nature, 455(7215), 894–902. 

Malhi, G. S., & Mann, J. J. (2018). Depression. The Lancet, 392(10161), 2299–2312. 

Otte, C., Gold, S. M., Penninx, B. W., et al. (2016). Major depressive disorder. Nature Reviews Disease Primers, 2, 16065.

Disner, S. G., Beevers, C. G., Haigh, E. A., & Beck, A. T. (2011). Neural mechanisms of the cognitive model of depression. Nature Reviews Neuroscience, 12(8), 467–477.

Bizə müraciət edinDepressiya nədir? | Mayak Kliniki Psixologiya Mərkəzi