Daxilimizdəki görünməyən müharibələr

Dəyişmək istədiyimiz halda dəyişə bilmədiyimiz anlar demək olar ki, hər kəsə tanışdır. Bir tərəfimiz yeni addımlar atmaq, fərqli davranmaq və həyatımızı dəyişdirmək istəyərkən, başqa bir tərəfimiz geri çəkilir, tərəddüd edir və ya müqavimət göstərir. Belə vəziyyətlərdə insanlar çox zaman bu daxili ziddiyyəti iradə zəifliyi kimi şərh edirlər. Özlərini motivasiyasız, qərarsız və ya hətta özlərinə mane olan biri kimi görməyə başlayırlar. Halbuki psixoloji baxımdan məsələyə daha yaxından baxdıqda, dəyişimin qarşısında duran şeyin həmişə iradə çatışmazlığı olmadığını görürük. Bəzən problem daxilimizdə eyni anda fərqli ehtiyaclara, qorxulara və məqsədlərə sahib tərəflərin mövcud olmasıdır.

10-06-2026Nərmin Quliyeva
emosional sağlamlıqdepressiya səbəbləri
Daxilimizdəki görünməyən müharibələr

Daxilimizdəki görünməyən müharibələr

Dəyişmək istədiyimiz halda dəyişə bilmədiyimiz anlar demək olar ki, hər kəsə tanışdır. Bir tərəfimiz yeni addımlar atmaq, fərqli davranmaq və həyatımızı dəyişdirmək istəyərkən, başqa bir tərəfimiz geri çəkilir, tərəddüd edir və ya müqavimət göstərir. Belə vəziyyətlərdə insanlar çox zaman bu daxili ziddiyyəti iradə zəifliyi kimi şərh edirlər. Özlərini motivasiyasız, qərarsız və ya hətta özlərinə mane olan biri kimi görməyə başlayırlar. Halbuki psixoloji baxımdan məsələyə daha yaxından baxdıqda, dəyişimin qarşısında duran şeyin həmişə iradə çatışmazlığı olmadığını görürük. Bəzən problem daxilimizdə eyni anda fərqli ehtiyaclara, qorxulara və məqsədlərə sahib tərəflərin mövcud olmasıdır.

Psixoterapiya otağında da bununla tez-tez qarşılaşırıq. Məsələn, sosial təşviş yaşayan bir insanın bir tərəfi insanlarla daha rahat ünsiyyət qurmaq, özünü ifadə etmək və yaxın münasibətlər yaratmaq istəyir. Digər tərəfi isə diqqət çəkməkdən, tənqid olunmaqdan və ya rədd edilməkdən qorxduğu üçün görünməz qalmağa çalışır. Adətən insan bu iki tərəfdən birini “doğru”, digərini isə “problemli” hesab edir. İnkişaf və dəyişiklik vəd edən tərəf dəstəklənir, geri çəkilən tərəf isə aradan qaldırılmalı bir maneə kimi görülür. İlk baxışdan bu məntiqli görünə bilər. Lakin terapiya otağında zaman keçdikcə başqa bir mənzərə ortaya çıxır. Çox vaxt dəyişimin qarşısında dayandığını düşündüyümüz tərəf əslində insanın düşməni olmur. Onun sadəcə qoruma qalxanı olduğunu anlaşılır.

Müasir şəxsi inkişaf mədəniyyəti çox vaxt bizə sadəcə olmaq istədiyimiz versiyaya fokuslanmağı tövsiyə edir. Daha cəsarətli olmaq, daha məhsuldar olmaq, bizi geri saxlayan düşüncələri geridə qoymaq və “ən yaxşı versiyamıza” çevrilmək haqqında saysız-hesabsız mesajlarla qarşılaşırıq. Bunların bir hissəsi faydalı olsa da, çox zaman vacib bir məqam diqqətdən kənarda qalır: bəs bizi geri saxlayan tərəf əslində bizi nədən qoruyur?

Çünki daxili müqavimət nadir hallarda səbəbsiz yaranır. Onun da bir funksiyası, bir məntiqi və çox zaman keçmiş təcrübələrə söykənən bir hekayəsi olur. Dəyişimin qarşısında duran hər tərəfi aradan qaldırılmalı problem kimi görmək əvəzinə, bəzən onun nəyi qorumağa çalışdığını anlamaq daha faydalı ola bilər. Əgər bu tərəfləri yalnız maneə kimi görsək, onların bizə nə deməyə çalışdığını eşitmək imkanını da itirmiş olarıq.

Məhz buna görə müxtəlif psixoterapiya yanaşmaları insanın daxilində fərqli tərəflərin mövcudluğunu qəbul edir. Burada söhbət şəxsiyyət parçalanmasından getmir. Söhbət eyni insanın daxilində yanaşı mövcud olan müxtəlif hisslərdən, ehtiyaclardan, baxış bucaqlarından və daxili mövqelərdən gedir. Bir tərəf yaxınlıq istəyərkən digər tərəf incinməkdən qorxa bilər. Bir tərəf risk almaq istəyərkən digər tərəf təhlükəsizliyi seçə bilər. Bir tərəf “qal” deyərkən digər tərəf “qaç” deyə bilər. Daxili konfliktlərimizin böyük hissəsi də məhz bu fərqli tərəflərin toqquşduğu nöqtələrdə yaranır.

Psixoloq Mick Cooper insanın özü ilə münasibət qurmasının iki fərqli formasından bəhs edir. Birinci halda insan hiss və reaksiyalarına maraqla yanaşır, onları anlamağa çalışır. İkinci halda isə özündə bəyənmədiyi hissələri özündən uzaqlaşdırır və onlarla əlaqəni kəsir. Məsələn, iş yerində həmkarına əsəbiləşən biri özündən “Məndə nə baş verdi?”, “Bu hiss mənə nə deməyə çalışır?” deyə soruşa bilər. Yaxud sadəcə “Bu mən deyildim” deyərək yaşadığı reaksiyanı görməzdən gələ bilər. Fərq yalnız istifadə etdiyimiz sözlərdə deyil. Fərq özümüzə necə yanaşdığımızdadır.

Bu fikir terapiya prosesinin əsas prinsiplərindən biri ilə üst-üstə düşür: məqsəd özümüzdə xoşumuza gəlməyən tərəfləri susdurmaq və ya aradan qaldırmaq deyil, onları tanımaqdır. Çünki qəbul etmək istəmədiyimiz hissələr çox vaxt yox olmur. Əksinə, onlar görünməyən yerlərə çəkilir və həyatımıza başqa yollarla təsir etməyə davam edir. Bəzən səbəbini anlamadığımız emosional partlayışlar, təkrarlanan münasibət problemləri və ya özümüzü sabotaj edən davranışlar şəklində yenidən ortaya çıxırlar.

Gestalt terapiyasının banilərindən olan Fritz Perls bu vəziyyəti “daxili vətəndaş müharibəsi” adlandırırdı. Sanki daxilimizdəki bəzi tərəflərə yaşamaq haqqı verir, digərlərini isə susdurmağa çalışırıq. Qəzəbimizi qəbul etmirik, qısqanclığımızı inkar edirik, qorxularımızdan utanırıq, həssas tərəfimizi zəiflik kimi görürük. Nəticədə daxilimizdə görünməyən bir mübarizə başlayır. Bir tərəf digər tərəfləri nəzarətdə saxlamağa çalışır. Bu isə müəyyən müddət işləsə də, xüsusilə stress və emosional gərginlik dövrlərində susdurulan hissələr yenidən üzə çıxır.

Bu daxili konfliktlərin terapiyada necə işlənildiyini göstərən maraqlı üsullardan biri də “boş stul” texnikasıdır. Ən çox Gestalt terapiyada istifadə olunsa da, sonradan digər yanaşmalar tərəfindən də mənimsənilmişdir. Bu texnikada insan öz daxilindəki fərqli tərəflərin səsi olmağa çalışır. Bəzən uzun müddətdir danışmayan bir duyğu ilk dəfə ifadə olunur. Bəzən bir tərəf digərinə etiraz edir. Bəzən isə əvvəllər görünməyən yeni bir baxış bucağı ortaya çıxır. Araşdırmalar göstərir ki, bu cür yanaşmalar insanın daxili təcrübəsini daha yaxşı anlamasına və emosional dəyişiklik yaratmasına kömək edə bilir.

Bütün bunlar bizə dəyişimin əslində nə qədər mürəkkəb bir proses olduğunu xatırladır. Çox vaxt dəyişiklik iradə, motivasiya və ya düzgün strategiya məsələsi kimi təqdim olunur. Halbuki insan davranışları yalnız vərdişlərdən ibarət deyil. Onlar keçmiş münasibətlərimizdən, ailə təcrübələrimizdən, mədəniyyətimizdən, biologiyamızdan və emosional ehtiyaclarımızdan təsirlənir. Buna görə də illərlə formalaşmış davranış nümunələrini sadə tövsiyələr və ya motivasiya cümlələri ilə dəyişdirmək həmişə mümkün olmur.

Daxilimizdə bir-biri ilə ziddiyyət təşkil edən tərəflərin mövcudluğunu qəbul etmək dəyişiklik prosesinə daha real baxmağa kömək edir. Bu, bizi özümüzə qarşı daha yumşaq və daha maraqlı olmağa dəvət edir. Çünki bəzən dəyişimin açarı özümüzdə bəyənmədiyimiz tərəfləri məğlub etməkdə deyil, onları anlamaqdadır.

Bəlkə də daxilimizdəki bütün tərəflər dəyişimin qarşısında dayanmır. Bəziləri sadəcə eşidilməyi gözləyir.

İstinadlar

  • Cooper, M. (2003). Welcoming the Other: Actualising the Human Potential for Dialogue.

  • Cooper, M. (2019). Integrating Counselling and Psychotherapy: Directionality, Synergy and Social Change.

  • Perls, F. (1969). Gestalt Therapy Verbatim.

  • Greenberg, L. S. (2015). Emotion-Focused Therapy: Coaching Clients to Work Through Their Feelings.

  • Elliott, R., Watson, J. C., Goldman, R. N. & Greenberg, L. S. (2004). Learning Emotion-Focused Therapy.

  • Məqalə Selda Köydəmirin “Our Inner Civil Wars” yazısındakı ideyalardan ilhamlanaraq yenidən işlənmişdir.

Bizə müraciət edinDaxilimizdəki görünməyən müharibələr | Mayak Kliniki Psixologiya Mərkəzi