Bir seansda sağalmaq mümkündürmü?

Psixoterapiyaya müraciət etməyi düşünən fərdlərin tez-tez verdiyi suallardan biri budur: "Narahatlığımı aradan qaldırmaq üçün neçə seans lazımdır?" Bəzən isə gözlənti daha da yüksək olur: "Bir seansda problemimi tamamilə həll etmək mümkündürmü?"

25-06-2026Aynur Həsənzadə
Bir seansda sağalmaq mümkündürmü?

Bir seansda sağalmaq mümkündürmü?

Psixoterapiyaya müraciət etməyi düşünən fərdlərin tez-tez verdiyi suallardan biri budur: "Narahatlığımı aradan qaldırmaq  üçün neçə seans lazımdır?" Bəzən isə gözlənti daha da yüksək olur: "Bir seansda problemimi tamamilə həll etmək mümkündürmü?"

Bu sualın yaranması başa düşüləndir. İnsanlar uzun müddət əziyyət çəkdikləri bir çətinlikdən mümkün qədər tez qurtulmaq istəyirlər. Lakin psixoterapiyada dəyişimin necə baş verdiyini anlamaq üçün əvvəlcə "sağalma" dedikdə nəyi nəzərdə tutduğumuza baxmaq lazımdır. İnsanlar çox vaxt bu sözün arxasında narahatlığın, kədərin və ya digər çətinliklərin qısa müddətdə tamamilə aradan qalxmasını nəzərdə tuturlar. Halbuki psixoloji dəyişim daha mürəkkəb və çoxqatlı bir prosesdir.

Bəs bir seansda mühüm dəyişiklik baş verə bilərmi?

Bəli.

Lakin, bu mövzunu anlamaq üçün “sağalma” və “dəyişim” anlayışlarını bir-birindən fərqləndirmək vacibdir. 

İlk nnövbədə, psixoterapiya kontekstində çox zaman "sağalma" deyil, "dəyişim" və ya "inkişaf" anlayışlarından istifadə edilir. Bunun səbəbi, psixoloji çətinliklərin tibbi xəstəliklərdən müəyyən mənada fərqlənməsidir. Tibbdə "sağalma" termini adətən xəstəliyin aradan qalxması və ya müalicə olunması mənasında işlədilir. Psixoterapiyada isə məqsəd hər zaman insanı "müalicə etmək" deyil, fərdin yaşadığı çətinlikləri anlamasına, emosiyalarını tənzimləməsinə, daha funksional davranışlar formalaşdırmasına və həyat keyfiyyətini artırmasına kömək etməkdir.

Bu səbəbdən əgər sağalma dedikdə bütün simptomların tamamilə yox olması nəzərdə tutulursa, bu əksər hallarda bir seansda baş vermir. Lakin əgər dəyişim perspektivinndən baxırıqsa, ilk seansda insanın problemini ilk dəfə fərqli rakursdan görməsi, illərlə daşıdığı bir inancın dəyişməsi, həyatına təsir edən bir mexanizmi anlaması, yaşadığı emosiyaların intensivliyinin azalması və ya həmin emosiyalara münasibətinin dəyişməsi nəzərdə tutulursa, bəzən belə bir dəyişiklik tək bir görüş zamanı da baş verə bilər. 

Məsələn, panik atak yaşayan bir insan düşünək. Terapiyanın ilk mərhələlərində onun panik atakları hələ də davam edə bilər. Lakin artıq bu hisslərin infarkt və ya ölüm əlaməti olmadığını, təşviş sisteminin fəaliyyəti ilə əlaqəli olduğunu başa düşməyə başlaya bilər. Simptom tamamilə yox olmasa da, fərdin yaşadığı simptomlara qarşı münasibəti dəyişir. Əvvəllər hər panik atakı fəlakət kimi qəbul edən insan artıq baş verənləri daha realist şəkildə qiymətləndirə bilir. Bu, simptomların tam remissiyası olmasa da, mühüm bir psixoloji dəyişiklikdir.

Eyni vəziyyət münasibətlər sahəsində də keçərlidir. Məsələn, bir insan uzun müddətdir tərəfdaşı ilə eyni mübahisələri təkrar-təkrar yaşayırsa, problemin dərhal həll olunması ilə həmin insanın ilk dəfə münasibətdə necə davrandığını, hansı ehtiyaclarını ifadə etmədiyini və ya hansı köhnə münasibət nümunələrini təkrarladığını anlaması tamamilə fərqlidir. Birincisi münasibətdəki konkret problemin həllidir, ikincisi isə anlayış və fərqindəlik səviyyəsində dəyişiklikdir. 

Araşdırmalar göstərir ki, bəzi insanlar ilk terapiya görüşündən sonra belə əhəmiyyətli dəyişikliklər yaşaya bilirlər. Bu dəyişikliklər xüsusilə problemin daha yaxşı anlaşılması, ümidsizliyin azalması və yeni perspektivin formalaşması şəklində ortaya çıxa bilər. Lakin bu dəyişikliklər hər zaman problemin tamamilə həll olunması mənasına gəlmir.

Niyə bəzi çətinliklərin həlli daha uzun müddət tələb edir?

Psixoloji çətinliklər adətən tək bir hadisədən ibarət olmur. Onlar düşüncə nümunələri, emosional reaksiyalar, davranış vərdişləri və öyrənilmiş təcrübələrin qarşılıqlı təsiri nəticəsində formalaşır. Bu səbəbdən, ilk seansda fərqindəlik qazanmaq və yeni məlumatlar əldə etmək mümkündür, lakin yeni davranış nümunələri formalaşdırmaq və emosional reaksiyaların möhkəmlənməsi adətən təkrar təcrübə tələb edir.

Psixoterapiya yalnız sadə danışıq prosesi deyil. Müasir tədqiqatlar göstərir ki, effektiv terapiya zamanı emosional tənzimləmə, diqqət və özünüqiymətləndirmə ilə əlaqəli neyron şəbəkələrdə dəyişikliklər müşahidə oluna bilər. Bu dəyişikliklər çox zaman mərhələli şəkildə baş verir. İnsan əvvəlcə fərqindəlik qazanır, daha sonra bu fərqindəliyi tədricən gündəlik həyatda tətbiq etməyə başlayır və zamanla yeni reaksiyalar daha avtomatik xarakter alır. Və ya fərd uzun illər mübarizə apardığı emosiyaları daha yaxşı tanımağı, qəbul etməyi və tənzimləməyi öyrənə bilər. Zamanla insan eyni hissləri yaşasa belə, onların təsiri altında əvvəlki kimi davranmır və daha funksional reaksiyalar göstərə bilir.

Bəs qısamüddətli terapiya yanaşmaları necə işləyir?

Müasir psixoterapiyada bəzi problemlər üçün qısamüddətli müdaxilə modelləri də mövcuddur. Xüsusilə konkret və dəqiq müəyyən edilmiş çətinliklərdə bir neçə görüş ərzində nəzərəçarpacaq irəliləyiş əldə edilə bilər. Məsələn, bəzi spesifik fobiyalarda və ya müəyyən situativ çətinliklərdə qısa müddətli müdaxilələr effektiv nəticələr verə bilir.

Lakin bu nəticələr belə adətən strukturlaşdırılmış metodlara, elmi əsaslı yanaşmalara və pasiyentin aktiv iştirakına əsaslanır. Yəni "bir dəfə danışmaq" ilə "elmi əsaslı qısamüddətli terapiya" eyni anlayışlar deyil. Qısamüddətli terapiyada belə terapevt və pasiyent konkret hədəflər müəyyənləşdirir, müəyyən texnikalar tətbiq olunur və seansdan kənarda da dəyişiklikləri dəstəkləyən fəaliyyətlər həyata keçirilir.

Sosial mediadakı "sürətli sağalma" vədləri

Son illərdə sosial mediada psixoloji problemlərin çox qısa müddətdə həll oluna biləcəyini iddia edən yanaşmalarla tez-tez qarşılaşmaq mümkündür. Lakin elmi ədəbiyyat göstərir ki, davamlı psixoloji dəyişiklik adətən öyrənmə, təcrübə və təkrarlanan tətbiq proseslərini əhatə edir. Bu səbəbdən terapiyanın məqsədi möcüzəvi və ani dəyişiklik yaratmaq deyil, davamlı və real dəyişiklik üçün şərait formalaşdırmaqdır.

Terapiyanın effektivliyini nə müəyyən edir?

Terapiyanın müddəti yalnız problemin növündən asılı deyil. Simptomların şiddəti, problemin nə qədər müddətdir davam etməsi, insanın həyat şəraiti, sosial dəstəyi və terapiya prosesində iştirakı da nəticələrə təsir edir. Bu səbəbdən iki fərqli insan eyni diaqnoza sahib olsa belə, onların terapiya müddəti və dəyişiklik sürəti fərqli ola bilər.

Psixoterapiyada standart bir zaman cədvəli yoxdur. Əsas məqsəd müəyyən sayda seans keçirmək deyil, funksional və davamlı dəyişiklik yaratmaqdır.

Bir seans insanın həyatında mühüm dönüş nöqtəsi ola bilər. Bəzən bir görüş yeni baxış bucağı yaradır, ümidsizliyi azaldır və dəyişimin mümkün olduğunu göstərir.Lakin əksər hallarda uzun müddət formalaşmış düşüncə, emosional və davranış nümunələrinin dəyişməsi müəyyən zaman tələb edir. Psixoterapiyanın dəyəri yalnız sürətli nəticələrdə deyil, əldə olunan dəyişikliklərin davamlı olmasındadır.

Bu səbəbdən terapiyaya "bir görüşdə hər şeyi həll etmək" gözü ilə deyil, insanın özünü və yaşadıqlarını daha dərindən anlamağa imkan verən bir proses kimi baxmaq daha real yanaşmadır.


Mənbələr

American Psychological Association. (2013). Recognition of psychotherapy effectiveness. American Psychologist, 68(2), 102–109.

Lambert, M. J. (2013). Bergin and Garfield's handbook of psychotherapy and behavior change (6th ed.). Wiley.

Cuijpers, P., Reijnders, M., & Huibers, M. J. H. (2019). The role of common factors in psychotherapy outcomes. Annual Review of Clinical Psychology, 15, 207–231.

Norcross, J. C., & Lambert, M. J. (2019). Psychotherapy relationships that work. Oxford University Press.

Wampold, B. E., & Imel, Z. E. (2015). The great psychotherapy debate: The evidence for what makes psychotherapy work (2nd ed.). Routledge.


Bizə müraciət edinBir seansda sağalmaq mümkündürmü? | Mayak Kliniki Psixologiya Mərkəzi