Heç düşünmüsünüzmü, niyə bəzi insanlar münasibətdə partnyoruna tez bağlanır və hər an onu itirməkdən qorxur, digərləri isə yaxınlıq yarandıqca özünü geri çəkir və emosional olaraq uzaqlaşır?
Psixologiyada bu sualların cavabı Bağlanma Nəzəriyyəsi
(Attachment Theory) ilə izah olunur. İlk addımları Con Boulbi (John Bowlby) tərəfindən atılan və sonradan Meri Einsvort (Mary Ainsworth) tərəfindən inkişaf etdirilən bu nəzəriyyə, uşaqlıqda valideynlərimizlə qurduğumuz ilk əlaqənin, yetkinlik yaşımızdakı romantik münasibətlərimizin bu günkü formasını göstərir.
Yetkinlik dövründə insanların dörd əsas bağlanma stilindən birinə sahib olduğunu bilirik. Gəlin, bu stillərə və onların real həyatda necə təzahür etdiyinə baxaq .
1. Təhlükəsiz (Secure) Bağlanma Stili
Bu stilə sahib olan fərdlər həm özlərinə, həm də partnyorlarına güvənirlər. Onlar yaxınlıq qurmaqdan qorxmur, eyni zamanda müstəqilliklərini də qoruyub saxlaya bilirlər. Emosiyalarını açıq şəkildə ifadə edir, münaqişələri sağlam dialoqla həll edirlər.
Yetkinlikdəki təzahürü: "Mən sevilməyə layiqəm və qarşımdakı insana güvənə bilərəm."
Seansdan Nümunə:
X və Y mübahisə edirlər. Y işlərinin çoxluğu səbəbindən bu axşamkı görüşü təxirə salmalı olur. X təhlükəsiz bağlanma stilinə sahib olduğu üçün dərhal "Məni artıq sevmir" yaxud "Mən dözülməzəm" kimi fərziyyələr irəli sürmür. Vəziyyəti anlayışla qarşılayır, öz planları ilə məşğul olur və Y-ə dəstək olduğunu bildirir.
2. Həyəcanlı / Təşvişli (Anxious-Preoccupied) Bağlanma Stili
Bu insanlar partnyorları ilə həddindən artıq yaxın olmaq istəyirlər, lakin hər an tərk ediləcəkləri və ya sevilməyəcəkləri qorxusunu yaşayırlar. Münasibətdəki ən kiçik dəyişikliyi (məsələn, mesaja gec cavab verilməsini) bir təhlükə siqnalı kimi qəbul edirlər.
Yetkinlikdəki təzahürü: "Mən yaxın olmaq istəyirəm, bəs sən niyə uzaqlaşırsan? Məni tərk edəcəksən?"
Seansdan Nümunə:
X sevgilisinə zəng edir, lakin sevgilisi telefonu aça bilmir. Həyəcanlı bağlanma stilinə sahib olan X dərhal təşvişə düşür: "Görəsən hardadır? Məndən bezdi? Kiminlədir?" addım-addım neqativ ssenarilər qurur və qarşı tərəf geri zəng edəndə onu sorğu-sual edərək küskün və ya aqressiv reaksiya verir.
3. Qaçınan (Dismissive-Avoidant) Bağlanma Stili
Bu qrupdan olan fərdlər tam müstəqilliyə üstünlük verirlər. Emosional yaxınlıq onlara boğucu gəlir. Münasibət ciddiləşdikcə və ya partnyoru ondan emosional dəstək gözlədikdə, özlərini geri çəkir və "məsafə" saxlayırlar. Güvənməkdə çətinlik çəkirlər.
Yetkinlikdəki təzahürü: "Heç kimə ehtiyacım yoxdur, mən özümə bəs edirəm. Yaxınlıq zəiflikdir."
Seansdan Nümunə:
X sevgilisi Y-lə gələcək planlar və evlilik haqqında danışdığını hiss etdikdə dərhal mövzunu dəyişir və ya işlərinin həddindən artıq çox olduğunu bəhanə edərək bir neçə gün Y-lə görüşmür. O, münasibətin dərinləşməsindən və azadlığının məhdudlaşmasından qorxduğu üçün şüursuz olaraq divar hörür və uzaqlaşır.
4. Qorxulu-Qaçınan / Dağınıq (Fearful-Avoidant / Disorganized) Bağlanma Stili
Bu stil ən mürəkkəb olanıdır. Şəxs həm emosional yaxınlığa can atır, həm də eyni zamanda yaxın olmaqdan dəhşətli dərəcədə qorxur. Tez-tez "yaxınlaş və uzaqlaş" taktikası tətbiq edirlər. Çox vaxt keçmişdə (uşaqlıqda) travmatik təcrübələri olan insanlarda müşahidə edilir.
Yetkinlikdəki təzahürü: "Sənə ehtiyacım var, amma mənə yaxınlaşma, çünki canımı yandıracaqsan."
Seansdan Nümunə:
Y sevgilisi ilə çox xoşbəxt və romantik bir gün keçirir. Lakin ertəsi gün bu yaxınlıq daxilində böyük bir qorxu yaradır ("Mənə çox bağlandı, mütləq canımı yandıracaq"). Nəticədə, heç bir səbəb olmadan sevgilisinə qarşı soyuq davranmağa başlayır və onu özündən uzaqlaşdırır, lakin tamamilə itirmək qorxusu gəldikdə yenidən geri qayıdır.
Bəs Bağlanma Stilimizi Dəyişmək Mümkündürmü?
Bəli, bağlanma stilimizi dəyişmək mümkündür. Elmi araşdırmalar göstərir ki, bağlanma stili sabit bir xüsusiyyət deyil
Baxmayaraq ki, əsas bünövrə uşaqlıqda qoyulur, yetkinlik dövründə qazanılan fərqindəlik, sağlam partnyor seçimi və ən əsası,psixoterapevtik dəstək ilə zamanla dəyişə bilər.
Xüsusilə təhlükəsiz, dəstəkləyici münasibətlər insanın güvənsiz bağlanma üslubundan daha təhlükəsiz bağlanma stilinə keçməsinə kömək edə bilər.
Özünüzü tanımaq, tetikleyicilerinizi (triggers) kəşf etmək və münasibətlərdə daha sağlam addımlar atmaq üçün psixoloji dəstək almaqdan çəkinməyin. Unutmayın, sağlam bir münasibət ilk növbədə insanın özü ilə qurduğu sağlam bağdan başlayır.
İstinadlar (References):
1)Bowlby, J. (1982). Attachment and Loss: Vol. 1. Attachment (2nd ed.). New York: Basic Books.
2)Ainsworth, M. D. S., Blehar, M. C., Waters, E., & Wall, S. (1978). Patterns of attachment: A psychological study of the strange situation. Lawrence Erlbaum.
3)Bartholomew, K., & Horowitz, L. M. (1991). Attachment styles among young adults: A test of a four-category model. Journal of Personality and Social Psychology, 61(2), 226-244.
4)Levine, A., & Heller, R. (2010). Attached: The New Science of Adult Attachment and How It Can Help You Find-and Keep- Love. TarcherPerigee.
